EN

Bu, Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılmış nəticədir Füzuli Məmmədov

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" (3:1, 2:3) turnirin Liqa mərhələsində oynamaq hüququ qazandı. Tanınmış məşqçi Füzuli Məmmədovla əlaqə saxlayıb bu gün Bakıda baş tutan cavab oyunu ilə bağlı fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İlk növbədə bu möhtəşəm uğur münasibəti ilə başda Qurban Qurbanov olmaqla, bütün "Qarabağ" camiəsini, eləcə də bütün Azərbaycanı təbrik edirəm. Bu, bütün Azərbaycanın qələbəsidir. 

Oyunun Macarıstandakından da gərgin alınacağını bilirdim. Elə də oldu. Rəqib məşqçilər "Qarabağ"ı çox yaxşı təhlil etmiş, xırdalıqları da nəzərə almış, futbolçularını bu oyuna yüksək səviyyədə hazırlamışdılar. Macarlar üçüncü zonada pressinq tətbiq edir, "Qarabağ"ın öz oyununu oynamasına imkan vermirdilər. Komandamızı hücuma uzun ötürmələrlə çıxmağa məcbur edirdilər. Əslində, tənsilçimizin oyunçuları da qonaqların belə başlayacağını bilirdilər. Təbii ki, ikinci matça hazırlıq prosesində oyunçuların hər biri bu barədə məlumatlandırılmışdı. Rəqib topu ələ jeçirən kimi təhlükəli hücumlar qururdu. Mateuş Koxalskinin ilk dəqiqələrdəki möhtəşəm performansı mütləq vurğulanmalıdır. Qonaqlar hesabı açandan sonra "Qarabağ" öz oyununu oynamağa, onların müdafiə xəttindəki zəif nöqtələrdən, boşluqlardan effektli şəkildə faydalanmağa başladı. Həm Nəriman Axundzadə, həm Abdullah Zubir, həm Kadi, həm də Leandro Andrade buraxılan qolun ardından parlaq çıxışla diqqət mərkəzinə düşdülər. Fasiləyə qədər iki top vurmaq komandamıza psixoloji baxımdan da çox şey qazandırdı. Vurulan hər iki  qolda Nərimanın ön plana çıxması da ayrıca qeyd olunmalıdır. 

İkinci yarıda rəqibin itirəcəyi bir şey qalmadığı üçün daha riskli həmlələr təşkil edəcəyi gözlənilən idi. Robbi Kin əvəzləmələr edərək komandasının oyunun tempini qaldırmasına nail oldu. Lakin az keçməmiş Qurban Qurbanov da oyunçu dəyişiklikləri ilə durumu balanslaşdırdı. Rəqib ikinci hissədə iki qol vura bildiyi üçün təbii ki, ümidlənmişdi. Matçın son 15 dəqiqəsində isə "Qarabağ" hesabı qorumağın vacibliyini tam dərk etmiş kimi göründü ki, bu da normaldır. Komandamız oyunun sonlarında müdafiədən oynadı və əks-hücumlara üstünlük verdi. Yaxşı epizodlarımız da oldu. Koxalskinin sondakı seyvi isə bir sözlə ifadə edilməlidir: inanılmaz. Əsas olan Liqa mərhələsinə düşmək idi. Bu, Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılmış nəticədir. "Qarabağ"a Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıram".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
fanat.az

2Sources