EN

Müvəqqəti əvəzetmə zamanı ödəmələrin məbləği necə müəyyən edilir?

İşəgötürənləri və işçiləri maraqlandıran məsələlərdən biri də hər hansı səbəbdən iş yerində olmayan işçinin  digər işçi tərəfindən müvəqqəti əvəz edilməsi ilə bağlı ödəmələrin məbləğləri ilə bağlıdır.

Mövzunu vergiler.az-a sərbəst auditor Altay Cəfərov şərh edir. 
 

İlk baxışda bu məsələ çox sadə görünsə də özünəməxsus incəlikləri var. Adətən, təcrübədə işçinin iş yerində olmaması müxtəlif səbəblərdən yaranır. Məsələn, işçi:

- analıq məzuniyyətində olduqda;

- öz hesabına məzuniyyətdə olduqda;

- qismən ödənişli sosial məzuniyyətdə olduqda;

- əmək qabiliyyətini müvəqqəti itirdikdə;

- əmək məzuniyyətində olduqda;

- təhsil məzuniyyətində olduqda;

- digər analoji hallar.

Təcrübədə bir işçinin boş qalan digər vəzifə ilə bağlı də əmək funksiyalarının yerinə yetirilməsinə də çox hallarda rast gəlinir. Yəni, burada iki hal mövcuddur:

Birinci hal: İş yerində olmayan işçinin digər işçi tərəfindən müvəqqəti əvəz edilməsi və bir işçinin boş qalan digər vəzifəsinin əmək funksiyalarının yerinə yetirilməsi. Bəs bu zaman ödəmələr necə aparılır?

Bunun üçün Əmək Məcəlləsinin162-ci maddəsinə baxmalıyıq. Həmin maddənin 1-ci bəndində göstərilib ki, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə - əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Məcəllənin 162-ci maddəsinin 2-ci bəndində isə qeyd edilib ki, əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda, işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilmiş əməkhaqqına ödəniş olunur.

Maddədən aydın olur ki, əvəzetmə ilə bağlı bir necə hal mövcuddur:

- iş yerində olmayan işçinin əməkhaqqı onu əvəz edən işçinin əməkhaqqından çoxdur;

- iş yerində olmayan işçinin əməkhaqqı onu əvəz edən işçinin əməkhaqqı ilə eynidir;

- iş yerində olmayan işçinin əməkhaqqı onu əvəz edən işçinin əməkhaqqından azdır.

Misal: “AA” MMC-nin baş mühasibinin müavininin əməkhaqqı 1.200 manat, baş mühasibin əməkhaqqı isə 1500 manatdır. Baş mühasib xəstələnib və onun əmək funksiyaları müavinə həvalə edilib. Bu zaman baş mühasib işə qayıdana kimi müavinə əlavə olaraq 300 manat ödəniləcək.

Bəs ikinci və üçüncü hallarda əvəz edən işçiyə nə qədər haqq ödənilməlidir? Əvəz edən işçiyə əvəz edilən işçinin əməkhaqqısının 100% məbləğində haqq vermək olarmı? Bunun üçün məsələyə bir qədər fundamental yanaşmalıyıq. Belə ki, Əmək Məcəlləsinin 162-ci maddənin 2-ci bəndində yazılıb ki, “...... əməkhaqqına əlavə edilib verilir”. Yəni, bu bənddə qeyd olunmayıb ki, əlavə əməkhaqqı verilir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin tələblərinə görə:

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

3. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

4. Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

5. Əməkhaqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Maddədən də aydın olur ki, əməkhaqqına əlavə əməkhaqqınıın tərkib hissəsidir. Əməkhaqqına əlavə də tarif (vəzifə) maaşından az olur. Adından da aydın olur ki, bu, əməkhaqqına əlavədır. Odur ki, Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci bəndidəki kimi ödəmə aparanda əvəz edən işçiyə əvəz edilən işçinin tam əməkhaqqını, yəni 100% ödənilməsini düzgün hesab etmək olmaz. Bəs bu halda ona nə qədər əlavə verilə bilər?

Bunun üçün Əmək Məcəlləsinin daha bir maddəsinə nəzərə yetirməliyik. Məcəllənin 61-ci maddəsinin 1-ci bəndinə əsasən, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əməkhaqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir.

Məcəllənin 61-ci maddəsinə görə, iş yerində olmayan işçini əvəz edən işçiyə əməkhaqqı 162-ci maddəyə əsasən verilir, hansı ki, yuxarıda bu haqda açıqlamalar təqdim edilib. Ancaq boş vəzifə üzrə əmək funksiyalarının icrası zamanı ən azı 50% məbləğində əlavə əməkhaqqı ödənilir. Göründüyü kimi, burada iki anlayış vardır. 162-cı maddəyə görə əməkhaqqına əlavələr müəyyənləşdirilib ödənilir, 61-ci maddəyə görə isə əlavə əməkhaqqı verilir.

Beləliklə, sadalanan hallardan aşağıdakı nəticəyə gəlmək olar:

- Müvəqqəti əvəzetməyə görə əvəz olunan işçinin əməkhaqqı əvəz edən işçinin əməkhaqqıdan çox olduqda, fərq ödənilir.

- Müvəqqəti əvəzetməyə görə əvəz olunan işçinin əməkhaqqı əvəz edən işçinin əməkhaqqına bərabər və ya az olduqda, tərəflərin razılığı ilə əlavə müəyyənləşdirilib ödənilir.

- Ödənilən əlavə məbləğ əvəz edilən işçinin tam əməkhaqqı məbləğində ola biləz.

- Birinci halda yalnız əməkhaqqılar arasındakı fərq ödənilirsə, deməli, ikinci və üçüncü hallarda tərəflərin razılığı əsas götürülməlidir.

- Təcrübədə sahibkarlar belə hallarda 50%-dən artıq əlavə təyin etmirlər, lakin bu, hətta 100% də ola bilər.

Chosen
44
vergiler.az

1Sources