EN

AzTV müxbirinin təklifi gündəm oldu — Gediş haqqı bu cür olsun!

“Deyirlər, Azərbaycanda avtobuslarda gediş haqqı 1 manat olacaq. Olsun. Amma bununla yanaşı, Gürcüstandakı sistemi də tətbiq etsinlər. Məsələn, Gürcüstanda hər kəs istənilən bank kartı ilə ictimai nəqliyyatda ödəniş edə bilir. Və bir dəfə ödənilən 1 lari - təxminən 60 qəpik məbləğ 90 dəqiqə ərzində metro, avtobusda keçərlidir. Kartdan əlavə heç bir vəsait tutulmur”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri AZTV-nin Gürcüstan üzrə müxbiri, tanınmış jurnalist Ruslan Hasanov sosial şəbəkədə qeyd edib. 



O, hazırda işlədiyi ölkədə ictimai nəqliyyatda tətbiq edilən səmərəli təcrübənin Azərbaycanda da tətbiq edilə biləcəyini deyib:

“Əcnəbilər isə xarici ölkə kartı ilə ödəniş edirlərsə bu zaman 1.50 lari ödəniş yəni 50 tetri artıq tutulur. 

Daha bir diqqətçəkən məqam – uşaqlar Tbilisidə də, Batumidə də dünyaya gəldikləri gündən 18 yaşına qədər ictimai nəqliyyatda pulsuz gediş hüququna malikdirlər. Onlara verilən xüsusi “school card” vasitəsilə məktəbə, kursa, idmana – harda təhsil alırlarsa, ora sərbəst gedə bilirlər. Universitet tələbələri isə cəmi 20 tetri – yəni təxminən 12 qəpik ödəməklə 90 dəqiqə ərzində bütün ictimai nəqliyyatdan limitsiz istifadə edirlər. İstəsən beş avtobus dəyiş, istəsən metroya min – əlavə ödəniş tutulmur.

Mən Azərbaycanı çox sevirəm. Vətənimin hər uğuruna sevinirəm. Amma diləyim budur ki, bizdə də belə bir sistem tətbiq olunsun. Sadə insanlar nəzərə alınmalıdır! 

Azərbaycanda elə ailələr var ki, yalnız övladlarının dərsə hazırlığa gedib-gəlməsi üçün gündəlik xərclədikləri məbləğ 10 manatdır. İki uşağın hər birinə yol pulu olaraq 5 manat ayrılır. Bir aya hesablasaq, bu, 300 manat edir. Bu isə orta gəlirli ailə büdcəsi üçün az qala yarım maaş deməkdir. Təkcə yol xərclərinə bu qədər vəsaitin getməsi valideynlər üçün böyük yükdür”.


Cavidan Mirzəzadə
Demokrat.az
Chosen
62
1
demokrat.az

2Sources