Müasir həyat tərzində stres, az hərəkətlilik və düzgün olmayan qidalanma ürək sağlamlığına qarşı daha da diqqətli olmağı tələb edir.
Pravda.az bildirir ki, mütəxəssislər sağlam ürək üçün qidalanmada avokadoya üstünlük verməyi məsləhət görürlər.
Sağlam yağlarla ürəyinizi qoruyun
Avokadonun tərkibindəki yağların 70%-dən çoxu ürək üçün faydalı olan təkli doymamış yağlardır. Bu yağlar pis xolesterolu (LDL) azaldır, yaxşı xolesterolu (HDL) artırır və damarların sağlam qalmasına kömək edir.
Kaliumla təzyiqi tənzimləyin
Avokado yüksək kalium mənbəyidir – bir orta ölçülü avokado 975 mq kaliumla bananı belə geridə qoyur. Kalium, damarları qoruyaraq qan təzyiqini salmağa və hipertoniya riskini azaltmağa kömək edir.
Liflə damar sağlamlığına dəstək
Avokado təxminən 10 qram liflə xolesterolu tənzimləyir, damar sərtliyinin (ateroskleroz) qarşısını alır və çəki nəzarətinə yardım edir. Artıq çəki ürək-damar xəstəliklərinin əsas risk faktorudur.
Antioksidantlarla ürəyi qoruyur
Avokado E vitamini və glutatyon kimi güclü antioksidantlarla damar elastikliyini qoruyur, qan axınını yaxşılaşdırır və ürək tutması riskini azaldır.
Enflamasiya əleyhinə təsir
Avokado, oleik turşusu və fitokimyəvi maddələr sayəsində xroniki enflamasiyanı azaldaraq damar sağlamlığını dəstəkləyir.
Qeyd: Avokado ürək üçün faydalı yağlar, lif, kalium və antioksidantlarla zəngin funksional qidadır. Müntəzəm istifadəsi pis xolesterolu azaldır, qan təzyiqini tənzimləyir və damar sistemini qoruyur. Salatlarda, “smoothie”lərdə və ya tam taxıllı tostlarla rasionunuza əlavə edin.
Xatırlatma: Ürək xəstəliyi diaqnozu qoyulmuş şəxslər qidalanma planlarını həkimlə razılaşdırmalıdır.
Əminə Bayramova