Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycanın paragüllə atıcıları Kamran Zeynalov və Aybəniz Babayeva dünya çempionatına lisenziya qazanıblar.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar buna Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Qran-pridə uğurlu çıxış etmələrilə nail olublar.
10 metr məsafədən atəş açmada (P1) K. Zeynalov qızıl medal qazanıb, 50 metr məsafədə (P4) isə 4-cü yeri tutub. “Paris-2024” Yay Paralimpiya Oyunlarının iştirakçısı olan Aybəniz Babayeva isə yarışı müvafiq olaraq, 4-cü və 8-ci pillələrdə başa vurub.
Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 3-14 sentyabr tarixlərində Cənubi Koreyanın Çhanvon şəhərində keçiriləcək.