EN

Prezident Ərdoğanın “Sülh və Ədalət üçün Ortaq Yol” Məqaləsi People’s Daily Qəzetində Dərc Olundu


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qələmə aldığı “Sülh və Ədalət üçün Ortaq Yol” mövzulu məqalə Çinin aparıcı nəşrlərindən olan “People’s Daily” qəzetində Çin və İngilis dillərində yayımlanıb.

Məqalədə deyilir:

Türkiyə tarix boyu körpülər quran və sivilizasiyaları bir araya gətirən bir ölkə olub. Xarici siyasətimizin əsasında etimad yaratmaq, ünsiyyət kanallarını açıq saxlamaq və böhranları həll etmək əzmi dayanır. Bu anlayışla, həm bölgəmizin, həm də qlobal cəmiyyətin sabitliyinə mühüm töhfələr verir; sülhün, sabitliyin və dialoqun hökm sürməsi üçün böyük səylər göstəririk.

Qara Dəniz Taxıl Təşəbbüsü nümunəsində olduğu kimi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal böhranların təsirini azaltmaq üçün praktik həll yolları tapdıq. Təşəbbüs sayəsində dünya miqyasında milyonlarla insanın qida təhlükəsizliyi təmin edildi. Tərəfləri Antalyada və İstanbulda ev sahibliyi etdiyimiz sülh danışıqlarında bir araya gətirərək həm diplomatiya trafikini davam etdirdik, həm də humanitar dəhlizlərin açılmasını təmin etdik. Bundan əlavə, Rusiya ilə Ukrayna arasındakı əsir mübadilələrində də kritik rol oynadıq. Son olaraq, 2025-ci ilin iyul ayında İstanbulda yenidən başlayan sülh danışıqlarına ev sahibliyi edərək bu prosesə töhfəmizi artırdıq. “Müharibənin qalibi olmaz, ədalətli sülhün isə uduzanı olmaz” prinsipi ilə sülh diplomatiyamızı səbirlə davam etdiririk.

Digər tərəfdən, dünyamız bu gün tarixin görmədiyi qədər çox və mürəkkəb böhranlarla sarsılır. Mövcud beynəlxalq sistem, təəssüf ki, bu böhranların öhdəsindən gəlməkdə və günahsız insanların hüquqlarını qorumaqda yetərsiz qalır. Qəzzada baş verənlər, İsrailin həyata keçirdiyi işğal və qırğın bu həqiqətin ən bariz nümunələrindəndir. Qəzza məsələsində Türkiyənin mövqeyi qətidir; çünki siyasətimizin mərkəzində insan və insan hüquqları dayanır. Mülki əhalinin təhlükəsizliyi, humanitar yardımlara fasiləsiz giriş və daimi atəşkəs üçün apardığımız işlər artaraq davam edir. Bir tərəfdən sahədə ehtiyacı olanlara əl uzatarkən, digər tərəfdən diplomatiya ilə atəşkəsin həyata keçirilməsi və günahsız mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün çalışırıq. Fələstin məsələsində daimi sülhün zəmanəti bizcə aydındır: 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olacaq tam müstəqil və suveren Fələstin Dövləti qurulmalıdır. Fələstin Dövlətinin qurulması bütün bölgənin daimi sülhü üçün həyati əhəmiyyət daşıyır.

Regional sülh üçün atılan addımlar çoxcəhətli olmalıdır. İqtisadi əlaqələr, infrastruktur layihələri, enerji əməkdaşlığı və mədəni mübadilə etimadı möhkəmləndirən institusional elementlərdir. Türkiyə müxtəlif coğrafiyalarda həyata keçirdiyi layihələrlə qlobal sabitliyi gücləndirən, humanitar yardım potensialını artıran və çoxprofilli platformalarda həll yolları istehsal edən bir aktor olmağa davam edəcək.

31 avqust – 1 sentyabr 2025-ci il tarixlərində Çinin qədim şəhərlərindən Tyanjində təşkil ediləcək Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurası Zirvə Toplantısı, Türkiyə üçün regional və qlobal məsələlərdə öz mövqeyini bölüşmək baxımından vacib bir platforma olacaq. Ölkəmiz, Dialoq Tərəfdaşı statusu ilə bu zirvədə iştirak edərkən regional sülh, inkişaf, təhlükəsizlik və iqtisadi məsələlərlə yanaşı, beynəlxalq münasibətlərdə ədalətin, haqqın və qlobal nizamın daha əhatəli bir anlayışla yenidən formalaşdırılmasının zəruriliyini gündəmə gətirməyi özünün əsas məsuliyyəti hesab edir.

Türkiyə və Çin Xalq Respublikası, güclü dövlət ənənələri, inkişaf yolundakı qətiyyətli mövqeləri və böyüyən iqtisadiyyatları ilə Asiya qitəsinin şərq və qərb ucundakı iki qədim sivilizasiyanın nümayəndələridir. Xalqlarımız arasındakı münasibətlərin tarixi minlərlə il əvvələ gedib çıxır. Türkiyə ilə Çin Xalq Respublikası arasında 1971-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri hərtərəfli siyasi, iqtisadi, sosial və mədəni əlaqələr sabit bir inkişaf göstərmişdir.

Şanxay Əməkdaşlıq Təşkilatı zirvəsi çərçivəsində Çinə edəcəyim səfər zamanı Çin Xalq Respublikasının Dövlət Sədri Si ilə görüşəcəyəm. Bu görüşün ilk növbədə aramızdakı etimadın möhkəmlənməsinə və ikitərəfli əlaqələrimizin dərinləşməsinə töhfə verməsini arzulayıram.

Türkiyə olaraq, keçmişdən aldığımız güc və təcrübə ilə bu günü formalaşdırır, sabahı isə sülh, etimad və əməkdaşlıq təməli üzərində qururuq. Atdığımız hər addım bölgəmizdən başlayaraq dünyaya yeni üfüqlər açır. “Qəribə vaxtlardan keçərkən” etimad yaratma, dialoq kanallarını açıq saxlama və böhranları həll etmə iradəsi ilə məsuliyyət daşımağa davam edəcəyik. Çin Xalq Respublikasının öncül bir aktoru olduğu beynəlxalq cəmiyyətin də ortaq vicdan və ümumi maraqlar ətrafında birləşməsinin daha ədalətli və firavan bir dünyanın qapısını açacağına inanırıq.

SAMİRƏ

Chosen
29
50
baki-xeber.com

10Sources