EN

Regional təhlükəsizlik sahəsində sıx əməkdaşlığa xidmət edən əlaqələr

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının Sammiti keçirilib. Bu sammit təşkilat tarixində ən geniştərkibli toplantı hesab olunur. İclasda 21 ölkənin dövlət və hökumət başçıları, eləcə də 10 beynəlxalq qurumun təmsilçiləri iştirak ediblər.

Başlıca məqsədləri üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi, müxtəlif sahələrdə – siyasət, ticarət, təhsil, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühit daxil olmaqla – əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin qorunması, həmçinin beynəlxalq arenada yeni əməkdaşlıq istiqamətlərinin qurulması olan ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunub. Zamanla əhatə dairəsini xeyli genişləndirən ŞƏT-ə 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus üzv qəbul olunub. Avrasiya ərazisinin 60 faizini, dünya əhalisinin 40 faizini, dünya üzrə ümumi məhsulun isə 25 faizini özündə birləşdirən təşkilat regionunda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas platformalarından biri sayılır.

Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir və 2024-cü ildə bu statusun müşahidəçi ölkəyə çevrilməsi üçün rəsmi müraciət edib. Azərbaycanın davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi böyük layihələr ölkənin ŞƏT-lə münasibətlərinə müsbət təsir göstərir. Xüsusilə də Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə verdiyi dəstək, Trans-Xəzər nəqliyyat marşrutunun – Orta Dəhlizin üstünlükləri, bu ölkəni təşkilat üçün əhəmiyyətli tərəfdaşa çevirir.

“ŞƏT plyus” formatında görüşdəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayırıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Son iki ildə iki dövlət arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 2024-cü il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri quruldu. Bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.

Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.

Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.

Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Hazırda Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.

Ölkə başçısı qeyd edib ki, “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.”

Azərbaycan əməkdaşlıq ruhunu ön plana çəkərək ŞƏT ölkələri ilə əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq üzv ölkələr üçün nəqliyyat-tranzit imkanlarının və enerji resurslarının birgə istifadəsini genişləndirmək, eləcə də Azərbaycanda mövcud olan əlverişli investisiya mühitindən faydalanmaq baxımından yeni imkanlar yaradır. Azərbaycan artıq bir çox üzv ölkələrlə, o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistanla yüksəksəviyyəli ikitərəfli münasibətlərə malikdir. Lakin bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 

 

Chosen
10
1
veteninfo.az

2Sources