EN

Ekspert: “Kollec məzunlarının iş tapması çətinləşib”

Bir çox abituriyent ali məktəbə qəbul olunmadıqda belə, kollecə sənəd vermək istəmir. Onların fikrincə, kollec təhsili vaxt itkisi hesab olunur.

Bu isə belə bir sual doğurur: abituriyentlər kollec təhsilini niyə ciddiyə almırlar? Ümumiyyətlə, Azərbaycanda kollec təhsili niyə son seçim şansı kimi dəyərləndirilir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanlı bildirib ki, universitetlərdə dövlət sifarişli plan yerlərinin artması və abituriyentlərin ümumi sayının əvvəlki illərlə müqayisədə azalması fonunda kolleclərə maraq müəyyən qədər zəifləyib.

"Kollec təhsili ilə bağlı uzun müddətdir belə bir fikir formalaşıb ki, bu sahədə təhsilin keyfiyyəti aşağıdır və kollec məzunları iş tapmaqda çətinlik çəkirlər. Bu fikrin yaranmasında obyektiv səbəblər də var: xüsusilə son illərdə pedaqoji sahələrdə kollec məzunlarının iş tapması olduqca çətinləşib. Bununla belə, tibb bacısı, tibb qardaşı, kompüter və turizm ixtisasları üzrə kollec məzunlarına hələ də ehtiyac duyulur və bu istiqamətlərdə iş imkanları daha genişdir.

Son illərdə kolleclərlə bağlı bir sıra yeniliklər həyata keçirilib. Onların müxtəlif universitetlərin nəzdində fəaliyyət göstərməsi, subbakalavr səviyyəsinin ali təhsilin bir pilləsi kimi tanınması və məzunların imtahansız olaraq universitetlərə qəbul imkanının yaradılması kolleclərə marağı artırıb. Lakin eyni zamanda, universitetlərdə dövlət sifarişli plan yerlərinin çoxalması və abituriyentlərin ümumi sayının azalması bu marağın azalmasına da səbəb olub".

Kolleclərin ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərməsi keyfiyyət baxımından ciddi dəyişikliklər və irəliləyişlər vəd edir:

“Bu, dünyada da tətbiq olunan bir modeldir. Bir çox ölkələrdə kolleclər universitetlərin tərkibində açılır və subbakalavr səviyyəsində təhsil verir. Müxtəlif səbəblərdən 4 illik bakalavr təhsili almaq istəməyən gənclər üçün kollec təhsili əlverişli seçimdir. Daha sonra bu təhsili kifayət qədər hesab etməyənlər onu bakalavr səviyyəsində davam etdirə bilirlər.

Azərbaycanda da son illərdə kolleclərlə bağlı mühüm addımlar atılıb. Məsələn, bu il Qarabağda açılan tibb bacısı və tibb qardaşı ixtisasları professor-müəllim heyəti və praktik imkanlarla təmin olunmuş klinika vasitəsilə həyata keçirilir və bu tədris heç də universitetlərdəki tibb ixtisaslarından geri qalmır. Ümumilikdə isə kollec təhsili hər zaman peşə təhsilindən bir pillə yuxarı mərhələ kimi qəbul olunub”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Chosen
10
azedu.az

1Sources