EN

Aleksndr İsak “Liverpul”da - 144 milyonluq transfer!

İngiltərənin “Nyukasl” klubunun isveçli hücumçusu Aleksandr İsak bundan sonra Premyer Liqa nəhəngi “Liverpul”un uğurları üçün çalışacaq.

Arena.az məlumat verir ki, bu barədə “Liverpul” rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Qırmızılar” çoxdan gözlənilən bu transferi 144 milyon avroya rəsmiləşdiriblər. 25 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti açıqlanmır.

Xatırladaq ki, Aleksandr İsak 2022-ci ilin avqust ayından “Nyukasl”da çıxış edirdi. İngiltərə klubu həmin vaxt İsakın İspaniya təmsilçisi “Real Sosyedad”dan transferi müqabilində 70 milyon avro məbləğində xərc çəkmişdi.

İsak “Nyukasl”ın heyətində bütün yarışlarda 109 oyuna çıxıb. O, bu oyunlarda 62 qol vurub, 11 məhsuldar ötürmə verib.

İsveçli hücumçu daha öncə “Real Sosyedad”, AİK, “Villem II”, “Borussiya” (Dortmund) klublarında da çıxış edib.

Aleksandr İsak 2017-ci ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 52 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı isveçli hücumçunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Liverpul”un və Yunanıstan millisinin sol cinah müdafiəçisi Konstantinos Tsimikas İngiltərə klubundan ayrılaraq İtaliyaya üz tutub. 29 yaşlı oyunçu “Roma”ya keçib. İtaliya klubu onu cari mövsümün sonuna kimi icarəyə götürüb. Tsimikasın “Liverpul”la mövcud müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.

Konstantinos Tsimikas 2020-ci ilin avqust ayında “Olimpiakos”dan 13 milyon avro müqabilində “Liverpul”a keçmişdi. Yunan futbolçu “Liverpul”da 115 oyuna çıxıb, 18 məhsuldar ötürmə müəllifi olub.

Tsimikas daha öncə “Olimpiakos”dan başqa “Villem II” və “Esbyerq”də də forma geyinib. O, Yunanıstan milli komandasında da 41 oyuna çıxıb, 4 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı yunan müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Chosen
9
1
arena.az

10Sources