EN

Güneyli yazıçı: Onun zibil qutusundakı kəsili başını günlərcə yuxumda gördüm... Müsahibə

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Güneyli yazıçı: "Mən anlıq duyğuların oğluyam..." - Müsahibə

Güneyli yazıçı: Bakıda niyə bu mövzuya heç bir reaksiya göstərmədiniz? - Müsahibə

Kulis.az Əli Çağlanın güneyli yazıçı Qafur İmamizadə Xiyavlı ilə müsahibəsini təqdim edir.

- Sizi “Qırmızım” adlı uğurlu hekayəniz ilə tanıyırıq. Özünüzü oxuculara necə təqdim etmək istəyirsiniz?

- Özünü tanıtmaq istəyən bir yazar! Mən çox zaman yazarkən düşünə bilirəm. Buna görə yazıram.

- Ədəbi yaradıcılığınız haqda məlumat verərsinizmi?

- Bu haqda öncə hekayələr kitabıma işarə edə bilərəm. “Qırmızım” və “Sümükləri qalmışdı” adlı kitablarım çap olunub. Çap ərəfəsində olan üçüncü kitabımın adı isə “Bir ayının yanında idim”dir. Minimal hekayələrimin toplandığı dördüncü əsərim isə redaktə mərhələsindədir.

Mən şeir də yazırdım, ancaq ilham pərisi çoxdandır məni yalqız buraxdığı üçün, qarşılıqlı olaraq mən də onu tərk etdim. İndiyə qədər yazdığım şeir sayı altmışı keçməz.

“Yaşmaq” jurnalının qurucu və baş yazarlarından olmuşam. Bir çox ədəbi jurnalda əsərlərim dərc edilib. Ədəbi tənqid, siyasi, ictimai məsələlər və təbiətlə əlaqədar bir çox məqalələrim olub. Almaniya və Amerika ədəbiyyatından hələ yayımlanmamış iki kitablıq tərcümələrim var. 2016-ci ildə “Qırmızım” adlı əsərim Beynəlxalq Mahmud Kaşğari mükafatının qalibi olub.

- Qafur Xiyavlının nəsrə üz tutmasına nələr səbəb oldu?

- Mən uşaqlıq dövründən başıma gələnləri özüm üçün yazırdım, yazılarımın təkcə oxucusu da özüm idim. Bu, hər şeydən çox mənim üçün təsəlli qaynağı və əyləncə mənbəyi idi. Sonralar işimi daha ciddi qəbul etməyə başladım. Yazarkən özümlə əlaqədar başqa şeyləri də kəşf etdim. Tanıdığım və bildiyim bir şeyin üzərində əslində, başqa cür düşündüyümü kəşf etmək, yazmaq əldə etdiyim birinci qazancım idi. Bundan sonra “Mən başqa adamlar üçün də yaza bilərəm” deyə düşünməyə başladım.

22 yaşıma qədər ədəbi parça, şəxsi xatirə və şeir formalarında qələmə aldığım yazılarım birdən-birə məni hekayəyə yönəltdi. İlk hekayəmi də elə o yaşlarımda yazdım. Hekayə yazmaq hər şeydən çox həyatın özünə bənzəyir. Həyatda hadisələrin səni hara aparacağını bilmədiyin kimi hekayədə də neçə səhifə və ya hətta neçə sətir sonra nə baş verəcəyi sənin üçün bəlli deyil. Bu, həyatı və beynimizdəki ehtimalları gerçək dünyada baş vermədən xəyalda yaşamaq deməkdir. Bu, mənim üçün çox maraqlıdır.

- Müasir Azərbaycan ədəbiyyatında nəsr janrını necə dəyərləndirirsiniz?

- Qarşımızda uzun-uzadı bir yol var. Nəsrimizin hələ Qərb ədəbiyyatı ilə müqayisədə danışmağa çox sözü yoxdur. Ancaq yenə də tutduğu yola davam edir. Quzey Azərbaycan müstəqil ölkə olduqdan sonra nəsr sahəsində önəmli əsərlər ortaya çıxdı. Güneydəki vəziyyət o qədər də yaxşı olmadı. Güneydəki nasirlərimizin çoxu, ümumiyyətlə, farsca oxuyub türkcə yazmaq ənənəsinə vəfalıdırlar (hələ farsca oxuyub, farsca yazanlarla işim yoxdur, onlar bizim ədəbiyyatımıza aid deyillər). Əsl modern nəsr yazan nəslimiz türkcə oxuyub türk dilində yazan gənclərin sırasından çıxacaq. Bu hərəkatın nişanələrini son illərdə yayımlanan əsərlərin içərisində görə bilirik. Artıq nəsr əsərlərimiz şeirimizlə çiyin-çiyinə irəliləməyə başlayıb. Yazarlarımız, nəsrimiz inkişaf etməsə, ədəbiyyatımız geridə qalar.

- Güneydəki gənc yazarların gələcəkdə qloballaşmaq, dünya ədəbiyyatına adını yazdırmaq ehtimalı varmı?

- Bu torpaqdan fərqli dövrlərdə böyük şair və yazarlar çıxıb. Bunların ortaq xüsusiyyətləri yazılarını son zamanlara qədər fars dilində yazmaqları olub.

Son dövrlərdə yazıçılarımızda özünə dönüş hərəkatının təsiri ilə dil ön plana çıxıb və onlar əsərlərini öz ana dillərində yazmağa başlayıblar. İllər boyu öz ana dilində yazmayan bu nəsil təbii ki, dünya səviyyəsində bir əsər yarada bilməyəcək. Ədəbiyyatın dil hadisəsi olduğunu qəbul etsək, bu iddia məntiqə uyğundur. Son illərdə Türkiyə və Quzey Azərbaycandan tərcümə olunan modern ədəbi əsərlər ədəbiyyatımıza həkk olunub.

Yazarlarımız artıq Orxan Pamuku, Kamal Abdullanı, Əlif Şəfəqi, Yaşar Kamalı, Mövlud Süleymanlını, İsmayıl Şıxlını, Afaq Məsudu farsca tərcümələri ilə deyil, türk dilində oxuyurlar. Şairlərimiz Ramiz Rövşənin bütün əsərlərini Güneydə transliterasiya ediblər.

Modern şeirimizdə də Türkiyə şairlərinin önəmli rolu olub. Şeirdə bəlkə də “Ahmetizm” deyə bir avanqard cərəyandan danışmaq yersiz olmazdı. Modern şeirimizin birinci nəsli Türkiyənin önəmli şairlərini ilkin mərhələdə Ahmet Kayanın mahnılarının vasitəsilə tanıdı və sevdi. Bu tanışlıq modern şeirimizdə kiçik miqyaslı bir ədəbi renessans əhəmiyyəti daşıyırdı. Ahmet Kayanın mahnıları ilk dəfə əlifba fərqliliyi səddini aşıb keçmişdi, artıq Türkiyə modern şeirinə giriş qapısı açılmışdı.

Şeirimizdə Türkiyə şairlərinin təsiri hələ lazımı qədər araşdırılmayıb. Nasirlərimiz də bu hərəkatdan təsirləndilər. Onlar da türk dilinndəki mətnləri latın əlifbası ilə oxumağa başladılar. Onlar cümlə quruluşlarını "sərf-nəhv" kitablarından deyil, Pamukun, Kamal Abdullanın romanlarından öyrənirlər. Son illərdə həmin gənc nəsil nəsr sahəsində önəmli əsərlər yazıblar. Roman və hekayə kitablarımız ard-arda işıq üzü görür. Quzey Azərbaycandakı şair və yazarlarımız da bu hərəkatı dəstəkləməlidirlər. Təəssüf ki, bu dəstək ya yoxdur, ya da çox azdır. O taydakı bacı-qardaşlarımızdan olan umacaqlarımız bundan daha yüksəkdir. Onlar bu tarixi dəstəklərini layiqincə göstərməyiblər.

- Beynəlxalq “Mahmud Kaşğari” mükafatını qazandığınız zaman Quzey Azərbaycanda, həmçinin Türk dünyasında maraq göstərildimi?

- Bu mövzuya Türkiyədə layiqincə maraq göstərildi, televiziya kanalları beş dəfə çeşidli Türk ölkələrinin ləhcələri ilə xəbəri yayımladılar, müxbirlərini göndərdilər, ədəbi jurnallarda əsəri çap etdilər. Başqa Türk ölkələrində xəbərin necə inikası olduğunu bilmirəm. Ancaq Quzey Azərbaycanda, hətta ədəbi çevrələrdə də heç bir səs-sədası olmadı. Nə bir reportaj, nə bir xəbər, nə bir təbrik... Bir jurnal belə mənimlə əlaqə saxlayıb hekayəni yayımlamaq qərarına gəlmədi. “Qırmızım” hekayəsi Güney Azərbaycan modern nəsrinin beynəlxalq mükafat qazanmış ilk əsəri idi, məncə, bu, həm də onlar üçün önəmli bir hadisə olmalı idi.

Güney Azərbaycan ədəbiyyatının nümayəndəsi adı ilə Quzey Azərbaycanda fəaliyyət göstərən adamlar bu məsələdə hansı mövqedə durdular? Gərək onlardan belə sahələrdə boyunlarına düşən vəzifələrini icra etmək tələb olunsun. Məgər siz orda (Bakıda) Güney Azərbaycan ədəbiyyatı altında fəaliyyət göstərmirsiniz? Niyə bu mövzuya heç bir reaksiya göstərmədiniz? Ümumiyyətlə, bu mövzuya münasibət yaxşı olmadı. Hər yazar yaradıcılığı əsnasında yazdığı proses içərisində əsl mükafatını qazanır. “Qırmızım” adlı hekayələr kitabını yazanda, həqiqətən, mən bu əhvalatı yaşadım və bu, mənim üçün yetərli idi. Ancaq xəyal dünyasından əlavə real həyatdakı münasibətləri də unutmamalıyıq. "Qırmızım" hekayəsi iki qardaşın sevgisi haqqındadır. Yaşar adlı kiçik qardaş bir xoruzun aşiqidir, böyüyü isə bir qızın. Hekayə, bu iki sevginin toqquşmasından ortaya çıxır.

- Bəzi hekayələr real həyatda baş verən hadisələrdir. Bəs bu hekayə qədər realdır?

- Mənim xəyal dünyamdakı xoruzumdan başqa, gerçək dünyamda da bir qırmızı xoruzum var idi. Uşaq vaxtı ilk dəfə sevginin nə olduğunu elə o xoruzla daddım. İlk sevgim bir xoruz olub. Onun zibil qutusundakı ağzı açıq qalmış kəsili başını günlərcə yuxumda gördüm. Həmişə “indi haradadır?” deyə düşündüm. Bir də gördüm ki, o qırmızı gözəl xoruz bu boyda dünyada mənim beynimdən başqa heç yerdə yaşamır. Otuz il sonra bu əhvalat əsasında “Qırmızım” hekayəsini yazacaqdım və bu hekayə böyük beynəlxalq mükafat qazanacaqdı. Hekayədəki hadisələr xəyali olsalar da, uşaqlıq faciəm də var idi. Mən hekayəni yazarkən Yaşarın alın yazısı üzərində başqa şeylər düşünmüşdüm. Hekayənin qəhrəmanı isə başqa yolu seçdi. Mən heç zaman Yaşarı bıçaq əlində öz başını kəsmək qərarına gəlmiş biri kimi təsəvvür etməmişdim. O, özü bu işi gördü. Hekayəni yazarkən Yaşarın bu seçimindən çox mütəəssir oldum.

- Gələcəkdə özünüzü bir yazar olaraq harada görürsünüz?

- Doğrusu, indiyədək bu sualın üzərində düşünməmişəm. Mən anlıq duyğuların oğluyam.

- Hekayənin bugünkü cəmiyyətə təsiri nədir?

- Əslində, bu sualı cəmiyyət özü cavablayacaq. Yazarkən bunları düşünmürəm. Mən təkcə özümə təsir edəcək şeyləri qələmə alıram.

- Onda siz cəmiyyət üçün yox, özünüz üçün yazırsınız, eləmi?

- Bütün yazıçılar belədirlər, onlara təsir edən şeylərdən yazırlar, belə olmasa yazıları quru və ruhsuz olar. Sadəcə hər yazıçının fərqli baxış bucağı var. Özümü bu cəmiyyətin bir üzvü gördükdə arzu-diləklərimi də cəmiyyətin arzu-diləkləri kimi görürəm. Təbii ki, baş verənlərin hamısı məni təsirləndirmir. Məni əsas maraqlandıran məsələlər insanların ruhi və psixoloji əhvalatlarıdır, marağımı çəkən onların niyə bu qədər bir-birindən fərqli düşündükləridir.

Yazıçılar, ümumiyyətlə, içlərində yaşadıqları insanların əhvalatından çox mütəəssir olan insanlardırlar, o insanların yaşadıqlarını dərindən yaşayırlar. Bunun tək yolu özlərini o insanların yerinə qoyub “Mən onların yerinə olsaydım, nə edərdim?” deyə düşünməkdir. Məsələyə bu baxış bucağından baxanda yenə də eyni yerə gəlib çıxırıq; hər yazıçı təkcə özünə təsir edən şeylərdən yazır və bu, heç də o yazıçının ictimai hadisələrin qarşısında müti davranmağı mənasına gəlmir.

- Müsahibəyə vaxt ayırdığınız üçün sizə minnətdarlığımı bildirirəm.

- Çox sağ olun. Mən də sizə və kulis.az saytındakı həmkarlarınıza təşəkkür edirəm.

Məkan: Xiyav (Meşkin şəhər), Şeyx Heydər türbəsi.

Fotoqraf: Nəvid Əhmədzadə

"Mən gözəl şeylər öyrətməyə, doğru yolu göstərməyə çalışdım..." - "Hababam sinfi" nin Mahmut hocası

"Məni öldüyümə əmin olmamış dəfn etməyin!" - Onun intiharının arxasında kimlər var idi?

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
kulis.az

1Sources