EN

Ermənistan müttəfiqlərinin nüvə müharibəsi hazırlıqlarından imtina etdi...


Yaxın zamanlarda Rusiya Ermənistanı KTMT-dən qovmasa, o özü çıxmayacaq

Avqustun 31-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT ) Belarusda “Qarşılıqlı fəaliyyət-2025”, “Axtarış-2025” və “Eşelon-2025” təlimləri başlayıb. Manevrlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan 2000-dən çox hərbçi iştirak edir.

Məlumata görə, təlimlərə 450 ədəd silah və texnika, o cümlədən 9 təyyarə və helikopter, həmçinin 70-dən çox müxtəlif təyinatlı pilotsuz uçuş aparatı cəlb olunacaq.

Minsk bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun şəxsi göstərişi ilə təlimlər ölkənin dərinliklərinə aparılıb.

"Biz təlimləri qəsdən qərb və cənub sərhədlərindən uzaqlaşdırdıq ki, müxtəlif təlqinlərdə və mümkün təxribatlarda ittiham edilməyək", - RİA Novosti Belarus Baş Qərargahının rəisi, general-mayor Pavel Muraveykodan sitat gətirir.

Lakin Ermənistan müttəfiqlərinin nüvə müharibəsi hazırlığından imtina etdi. Ermənistan üçun bu addım hansı perespektivlər vəd edir?

Baki-xeber.com-a görə, Ermənistanın KTMT müttəfiqlərinin nüvə eskalasiyasına işarə edən təlimlərdə iştirakdan imtina etməsi həm hərbi, həm də siyasi baxımdan ciddi mesajlar daşıyır.

Ermənistan üçün mümkün perspektivlərdən biri siyasi cəhətdən dəyərləndirilməlidir. Ermənistan artıq açıq şəkildə göstərir ki, KTMT daxilində Moskvanın hərbi-siyasi gündəmini olduğu kimi qəbul etmək niyyətində deyil. Bu, İrəvanın Qərbə inteqrasiya meyllərini gücləndirə bilər (ABŞ və Avropa İttifaqı ilə münasibətlərin yaxınlaşması). Eyni zamanda, Ermənistan ABŞ və Qərbə göstərmək istəyir ki, mən Rusiya ilə deyiləm, sizinləyəm. Sôzsüz ki, reallıq belə deyil, Ermənistan iqtisadi cəhətdən Rusiyadan kəskin şəkildə asılıdır. Rusiyanın Ermənistanda hərbi varlığı kifayət qədərdir. Ona görə də Moskva özünu "təmkinli" aparır.

Digər tərəfdən, Ermənistan təhlükəsizlik konsepsiyasını dəyişməkdədir. Ermənistan nüvə və ya hücum xarakterli manevrlərdə iştirak etməməklə özünü “sülhsevər” və müdafiəyə yönəlmiş dövlət kimi təqdim etməyə çalışır. Bu, qonşularla (xüsusilə Azərbaycan və Türkiyə) münasibətlərin daha da gərginləşməsinin qarşısını almağa hesablanmış addım ola bilər.

KTMT-dən imtina alyans üzvləri tərəfindən daxildə Ermənistanın təcridini dərinləşdirə bilər. Çünki digər üzvlər - Belarus, Rusiya, Qazaxıstan və digərləri - təşkilatın hərbi xəttinə uyğun davranır. İrəvanın bu addımı Moskvanın qəzəbinə səbəb ola və gələcəkdə təşkilat çərçivəsində ona dəstəyin azalması ilə nəticələnə bilər.

Bununla yanaşı, rəsmi İrəvan sözügedən addımı ilə diplomatik mövqe qazana bilər. Ermənistan beynəlxalq aləmdə nüvə eskalasiyasına qarşı mövqeyini göstərməklə Qərbdə əlavə diplomatik dəstək qazana bilər. Bu həm də Ermənistanın “təxribatçı deyil, təhlükəsizlik tərəfdarı” imicini gücləndirəcək.

Amma bu addım həm də Ermənistana müdafiə boşluğu risqi yaradacaq. Çünki KTMT-dən kənarlaşma meyli fonunda Ermənistan hələ NATO və ya başqa təhlükəsizlik alyanslarının açıq dəstəyini qazanmayıb. Buna görə, qısamüddətli perspektivdə hərbi zəiflik və regional risqlər arta bilər.

Yəni ümumiləşdirsək, Ermənistanın imtinası onun Qərbə yönələn siyasi kursunun bir parçasıdır. Bu, beynəlxalq aləmdə imic üstünlüyü qazandırsa da, KTMT daxilində təcrid olunmaq və Rusiya ilə münasibətlərin daha da soyuması risqini daşıyır.

Ermənistanın KTMT-dən çıxmaq ehtimallarına gəldikdə, qeyd edək ki, rəsmi İrəvan KTMT-nin fəal üzvüdür, amma son illərdə Moskva ilə münasibətlər bəzən gərginləşir. Azərbaycanın və Türkiyənin təsiri altında regionda balansın dəyişməsi isə İrəvanı daha çevik hərəkət etməyə vadar edir.

Ermənistanın KTMT-dən çıxma ehtimallarını artıran faktorlar aşağıdakılardır:

- Nüvə və hücum təlimlərində iştirak etməməklə Ermənistan açıq mesaj verdi ki, alyansin hərbi siyasətinə tam sadiq deyil.

- Qərblə yaxınlaşma, yəni ABŞ və Avropa ilə əlaqələrin dərinləşdirilməsi KTMT-dən asılılığı azalda bilər.

- Regional balans yaratmaq, xüsusilə Azərbaycanla gərginlik fonunda KTMT-dən çıxmaq İrəvanın manevr imkanını artırır.

Çıxma ehtimallarını azaldan amillər isə bunlardır:

- KTMT-də əsas hərbi güc Rusiya olduğundan, çıxmaq Moskva ilə ciddi gərginliyə səbəb olar.

- İrəvanın təhlükəsizlik zəmanəti problemi mövcuddur. KTMT Ermənistan üçün Rusiyanın hərbi dəstəyini təmin edir; çıxmaq bu zəmanəti itirmək deməkdir.

- Ölkə daxilində vəziyyət stabil deyil, gərgin daxili siyasət və etirazlar hələ də davam edir. KTMT-dən çıxmaq qərarı ictimai və siyasi qarşıdurmalar doğura bilər.

- Ermənistan Rusiyadan iqtisadi cəhətdən kəskin asılı olduğundan, bu çıxış Rusiyanın iqtisadi təzyiqlərini artıracaq.

- Son anda Rusiya Ermənistandakı hərbi mövcudluğundan istifadə edə bilər. Paşinyanın bu məsələdə qərarsızlığının kökündə məhz bu dayanır.

Yəni Ermənistanın KTMT-dən çıxma ehtimalı mövcuddur, amma qısa müddətdə tam çıxış ehtimalı sıfıra bərabərdir. Daha çox müvəqqəti və selektiv imtina addımları müzakirə mövzusu ola bilər. Beləliklə, yaxın zamanlarda Rusiya Ermənistanı KTMT-dən qovmasa, o özü çıxmayacaq.

Akif NƏSİRLİ

Chosen
91
41
baki-xeber.com

10Sources