EN

Rusiya Azərbaycana “iqtisadi yollar” axtarır, siyasi problemləri isə həll etmək istəmir...


Məhəmməd Əsədullazadə: “Rusiya səhvlərini etiraf etmək əvəzinə, iqtisadi əlaqələri qabardır”

Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq iki ölkə üçün çox vacibdir və münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz hökumətlərarası iclas keçirdik və iqtisadi sahədə əməkdaşlığımızın inkişaf etdiyini hər iki tərəfdən qeyd etdik. Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Və biz bu münasibətləri yaxşılaşdırmaq üçün çalışırıq”, - Overçuk bildirib.

Madam Azərbaycan Rusiya üçün bu qədər vacibdir, o zaman Moskva nəyə görə münasibətlərin bu həddə gəlib çatmasında səhvlərindən nəticə çıxarmır? Niyə buna səbəb olan siyasi problemləri həll etmək istəmir?

“İqtisadi əlaqələrin inkişafı siyasi münasibətlərin normal olmasından keçir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya hakimiyyəti Putinin timsalında keçmiş SSRİ-ni bərpa etmək istəyir: “Putin özünü Stalinin davamçısı kimi aparır. Rusiyanın 2022-ci ilin 24 fevralında Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə də SSRİ-ni yeni müstəvidə bərpa etmək planının tərkib hissəsidir. Ona görə də Rusiya tərəfi Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrini işə salmağa çalışır. Ötən ilin dekabrında mülki təyyarəmizin vurulması sözügedən təzyiqin işartısı idi. Həmçinin Ukraynada Azərbaycanın iqtisadi maraqlarının hədəf alınması bundan irəli gəlir. Rusiya səhvlərini etiraf etmək əvəzinə, iqtisadi əlaqələri qabardır. Çünki Rusiya ciddi sanksiyalar altındadır. Azərbaycan vasitəsilə iqtisadi təcriddən çıxmağa can atırlar. Ancaq Moskva bilməlidir ki, Azərbaycan onlar üçün Belarus deyil. Azərbaycan müstəqil siyasət yeridir və beynəlxalq hüquqa hörmətlə yanaşır. O baxımdan Kreml Azərbaycanın önəmini dəyərləndirirsə, Azərbaycanın istəklərini nəzərə almalıdır. Təyyarəmizin vurulmasına görə ölkəmizdən üzr istəməlidilər. Həmçinin, Azərbaycan diasporunu təmsil edən şəxslərin sıxışdırılmasına, təqib edilməsinə son qoyulmalıdır. Məgər bunları Overçuk bilmir? İqtisadi əlaqələrin inkişafı siyasi münasibətlərin normal olmasından keçir. Ancaq əfsuslar olsun ki, Rusiya postsovet ölkələrinə özünün koloniyası kimi baxır. Bu isə qəbuledulməzdir. Rusiya Cənubi Qafqazı öz arxa bağçası hesab edir. Problem əsasən bundadır. Azərbaycanın məhz müstəqil xarici siyasəti Rusiyanı narahat etdiyinə görə bir neçə aydır xoşagəlməz vəziyyət yaranıb. Rusiya tez-tez siyasi təzyiqlərə əl atır. Rus mediasında Azərbaycana qarşı kampaniya aparılır. Bu tezislər də məhz Kremldən gəlir. O üzdən, Rusiya bizimlə normal əlaqələr qurmaq istəyirsə, bütün bunlara son qoymalıdır”.

Vidadi ORDAHALLI

Chosen
28
baki-xeber.com

1Sources