EN

Konrad Harder “Leypsiq”də – 24 milyon avroluq transfer

Lissabon “Sportinq”inin (Portuqaliya) danimarkalı hücumçusu Konrad Harder bundan sonra “Leypsiq”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bundesliqa təmsilçisi bu transfer üçün “Sportinq”ə 24 milyon avro ödəyib. Mərkəz hücumçusu ilə “Leypsiq” arasında 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Konrad Harder “Sportinq”ə 2023-cü ilin yayında Danimarkanın “Nordsyelland” klubundan 19 milyon avro müqabilində keçmişdi. O, Lissabon təmsilçisinin heyətində 52 otuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

20 yaşlı forvard Danimarkanın müxtəlif yaş qrupları üzrə yığmalarına oynayıb, bu il isə əsas millidə də debüt edib.

“Leypsiq”də bir ayrılıq da qeydə alınıb. Almaniya klubunun yarımmüdafiəçisi Artur Vermeren Fransanın “Olimpik” (Marsel) klubuna keçib. Liqa 1 təmsilçisi 20 yaşlı belçikalı futbolçunu gələn ilin yayına qədər satınalma şərti ilə icarəyə götürüb. Fransızlar gənc oyunçunun bir mövsümlük icarəsi üçün 3 milyon avro ödəyəcəklər.

“Antverpen”in yetirməsi olan Artur Vermeren Madrid “Atletiko”sunda da çıxış edib. O, 2023-cü ildən formasını geyindiyi “Leypsiq”də 39 oyuna çıxıb, 2 assistlə yadda qalıb.

Artur Vermeren 2023-cü ildə debüt etdiyi Belçikanın əsas millisində 6 oyun keçirib, məhsuldarlıq nümayiş etdirməyib.

Chosen
97
arena.az

1Sources