EN

Giorgio Armani vəfat etdi

Giorgio Armani vəfat etdi

Məşhur italyan modelyer Giorgio Armani 91 yaşında vəfat edib. Müasir italyan üslubunun banisi sayılan Armani yaratdığı moda imperiyası ilə dünya dəbinə yön verib.

Armani Qrupu sosial şəbəkələrdə yaydığı açıqlamada bildirib:

“Armani Qrupu böyük kədər hissi ilə yaradıcısı, qurucusu və yorulmaz hərəkətverici gücü Giorgio Armaninin vəfatını elan edir. İşçiləri və həmkarları tərəfindən həmişə hörmət və heyranlıqla xatırlanan Armani sevdiklərinin yanında sakitlik içində dünyasını dəyişdi. O, son günlərinə qədər yorulmadan çalışdı”.

Məlumatda Giorgio Armaninin cənazəsinin 6–7 sentyabrda Milan şəhərindəki Armani Teatrında başsağlığı ziyarətlərinə açıq olacağı, dəfn mərasiminin isə modelyerin vəsiyyəti əsasında yalnız ailə üzvlərinin iştirakı ilə keçiriləcəyi bildirilib.

İtaliya Baş naziri Giorgia Meloni “X” sosial şəbəkəsində yazıb: “Giorgio Armani 91 yaşında aramızdan ayrıldı. Onun zərifliyi, sadəliyi və yaradıcılığı italyan modasına möhtəşəmlik qatdı və bütün dünyaya ilham verdi. O, bir ikon, yorulmaz zəhmətkeş, İtaliyanın ən yaxşı cəhətlərinin simvolu idi. Hər şey üçün təşəkkürlər”.

İtaliyada moda, incəsənət, siyasət, idman və mədəniyyət cameəsinə aid çoxsaylı tanınmış simalar da Armani ilə bağlı başsağlığı mesajları paylaşıb.

Giorgio Armani kimdir?

İtaliyada “Modanın Kralı” və “Re Giorgio” (Kral Giorgio) kimi tanınan dünyaca məşhur Giorgio Armani 11 iyul 1934-cü ildə ölkənin şimalındakı Piaçenza şəhərində anadan olub.

Modaya gəlməzdən əvvəl tibb təhsili alan Armani La Rinascente mağazalar şəbəkəsində vitrin dizayneri kimi işləyib. 1975-ci ildə isə öz adını daşıyan brendi yaradıb.

Dəb dünyasına gətirdiyi praktiki yanaşmalarla qısa zamanda fərqlənən Armani italyan hazır geyim üslubunu dünyaya tanıdıb. Armani markasını Emporio Armani, Armani Exchange və Armani Beauty kimi fərqli sahələrə də genişləndirərək daha böyük auditoriyaya xitab edib.

Mediada yayılan xəbərlərə görə, moda nəhənginə çevrilmiş Armaninin şirkəti ildə təxminən 2,3 milyard avro gəlir əldə edirdi.

Chosen
101
afn.az

1Sources