EN

Fərid Bağırzadə şəhid Ruzi İbrahimovun ailəsini ziyarət edib

"Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin" mətbuat xidməti xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə Şərur rayonundan olan, 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Ruzi İbrahimovun ailəsi ilə görüşüb.
Fərid Bağırzadə şəhid Ruzi İbrahimovun vətənə əmanət övladı Gülay İbrahimovanı tələbə adını qazanması münasibətilə təbrik edib, təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Gülay İbrahimova Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. Fərid Bağırzadə həmçinin, şəhidin oğlu Uğur İbrahimovun doğum günündə iştirak edib, təbriklərini çatıdırıb. Şəhidin övladlarına hədiyyələr təqdim edib, onlarla xatirə fotosu çəkdirib.

Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Ruzi İbrahimov “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Fərid Bağırzadə şəhidlərimizin, o cümlədən Ruzi İbrahimovun da xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.

Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



Chosen
112
herbiand.az

1Sources