ABŞ prezidenti bildirib ki, istehsal gücü ölkə ərazisində olmayan şirkətlər yeni rüsumlardan təsirlənəcək...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda yarımkeçiricilər və mikrosxemlərin idxalına gömrük rüsumlarının tətbiq olunacağını açıqlayıb. Onun sözlərinə görə, bu addım əsasən istehsal gücü ABŞ-da yerləşməyən şirkətlərə şamil ediləcək.
“Biz ABŞ ərazisinə daxil olmayan şirkətlərə qarşı tariflər tətbiq edəcəyik və bu, çox yaxında baş verəcək. Rüsumlar çox yüksək olmayacaq, amma kifayət qədər əhəmiyyətli olacaq”, — deyə Tramp çıxışında bildirib.
Qeyd edək ki, avqustun 6-da Donald Tramp artıq yarımkeçirici və mikrosxemlərin idxalına 100 faiz rüsum tətbiq etmək niyyətində olduğunu bəyan etmişdi. Həmin açıqlamasında ABŞ-da istehsal gücünə malik texnologiya şirkətlərinin bu rüsumlardan azad olunacağını da vurğulamışdı.
Trampın bu siyasəti, ekspertlərin fikrincə, həm Çin, həm də Cənubi Koreya və Tayvan kimi böyük istehsalçılara qarşı yönəlib. Məqsəd ABŞ daxilində istehsalın artırılması, kritik texnoloji sahədə xarici asılılığın azaldılması və “texnoloji suverenliyin” gücləndirilməsidir.
Yeni qərarın ABŞ-ın mikroçip bazarında qiymətlərə təsir edib-etməyəcəyi hələlik məlum deyil, lakin analitiklər bunun qısa müddətdə elektronika sənayesində xərclərin artmasına gətirə biləcəyini istisna etmirlər.
Poliqon.info