EN

Regional və beynəlxalq platformalarda mövqeyimiz daha da güclənir - RƏY

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından böyük əhəmiyyətə malikdir. Çin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqil siyasətinə daim dəstək göstərib. Azərbaycan isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyib və onun Avropaya çıxışında əsas tranzit həlqələrdən birinə çevrilib. Azərbaycan Çinin Cənubi Qafqaz regionunda əsas tərəfdaşı kimi çıxış edir və strateji infrastruktur layihələrində Pekinlə sıx əməkdaşlıq edir”.

Bunu hafta.az-a deputat Fəzail İbrahimli Prezident İlham Əliyevin Çin səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirakı ilə bağlı bir sıra mühüm məqamlara diqqət çəkərkən deyib.

F.İbrahimli qeyd edb ki, Prezidentin Çin səfəri həm də Azərbaycanın dünya siyasi və iqtisadi zirvəsinin fəthidir:

“Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regional gücə çevrilən, tarixi Zəfərdən sonra yeni reallıqlar yaradan Azərbaycan ŞƏT üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanır. Eyni zamanda, Zəfər savaşının reallığı kimi gerçəkləşən Zəngəzur dəhlizi də Azərbaycan–Çin əməkdaşlığında yeni imkanlar açır. Çin üçün bu marşrut Orta Dəhlizin səmərəliliyini artırmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsünün Cənubi Qafqaz üzərindən daha geniş inteqrasiyasını təmin edəcək. Azərbaycanın təşəbbüsü ilə reallaşacaq bu layihə həm də regionda yeni əməkdaşlıq modelinin əsasını qoya bilər. Məhz bu səbəbdən Çin dünyanın fövqəldövləti kimi həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir”.

Deputat onu da qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində atılan addımlar Azərbaycanın milli maraqları ilə tam şəkildə üst-üstə düşür. Onun sözlərinə görə, bu, həm regional, həm də beynəlxalq platformalarda Azərbaycanın mövqeyini daha da gücləndirir, ölkəmizin gələcək strateji hədəflərinə xidmət edir.

Chosen
117
hafta.az

1Sources