Musavat.com bildirir ki, siyasi şərhçi Məhəmməd Əsdullazadə məsələyə bu cür mövqe bildirib:
"Rusiya Azərbaycan diasporuna öz adamlarını təyin edir. Yekaterinburqda Azərbaycan diasporuna Şahin Şıxlinskinin yerinə yeni sədr seçilib. Bundan sonra Rusiyada Azərbaycan diasporunun adı dəyişdirilərək, Azərbaycan icması adlandırılacaq. Diaspor ilk növbədə mənsub olduğu dövlətə bağlı olur. İcma isə, yaşadığı ölkənin qanunlarına inteqrasiya olunur.
Rusiya rəhbərliyi bu ölkədə işləyən və yaşayan azərbaycanlıların diasporunu ləğv edərək, icma yaradaraq tamamilə öz tabeçiliyinə keçirir".
Siyasi şərhçinin fikrincə, məqsəd Azərbaycana təzyiqləri artırmaq və Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasında rəsmi Bakının rolunu tam kəsməkdir:
"Artıq Yekaterinburqda yeni diaspor -icma sədri Rusiyanın Ukraynada müharibəsinə dəstək verməyi, hərbiçilərə köməkliklər olunacağının vacibliyindən danışdı. Bir neçə gün bundan əvvəl, Kremlin ideoloqu A. Duqin Rusiyada yaşayan əcnəbilərin rus cəmiyyətinə inteqrasiyasının vacibliyini qeyd edib. Artıq, Rusiyada yeni Azərbaycan icma sədrlərindən ölkəmizə qarşı bəyanatlar və Rusiyanın mənafelərini müdafiə edən bəyanatlar eşidəcəyik.
Rusiya Ermənistan və Mərkəzi Asiya ölkələrindən olan işçi miqrantlar üçün də eyni ssenarini tətbiq edəcək. Rusiya rəhbərliyi miqrantlardan və orada yaşayan azərbaycanlılardan yalnız öz siyasi məqsədləri üçün istifadə edəcək".
Məhəmməd Əsədullazadə sonda qeyd edib ki, əgər Rusiya rəhbərliyi diaspor təşkilatlarını ləğv edib, icma yaradıb onların başına öz adamlarını qoyursa, Rusiyada Azərbaycan səfirliyi və konsulluqlar onlara xidməti tam dayandırmalıdır.