EN

Gəncədə şəhid bulağının ətrafı zibilxanaya çevrilib - FOTOLAR

BAKI, 5 sentyabr. TELEQRAF

Gəncə şəhərinin Totanlı küçəsində şəhid Oqtay Məmmədov adına ehsan bulağının ətrafında antisanitar vəziyyət yaranıb.

Teleqraf-a müraciət edən Gəncə şəhər sakininin bildirdiyinə görə, bulağın ətrafı tullantılarla doludur. Paylaşılan görüntülər də ərazidəki baxımsızlıq və çirklənmə hallarını açıq şəkildə göstərir.

III MDB Oyunlarının keçiriləcəyi Gəncədə belə vəziyyətin olması sakinləri ciddi narahat edib. Onlar aidiyyəti qurumları ərazinin təmizlənməsi və abadlaşdırılması üçün operativ tədbirlər görməyə çağırır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirilib ki, bu məsələ onların səlahiyyətlərinə daxil deyil.

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən ərazi şəhərin inzibati ərazisinə daxil deyil. "Mövcud vəziyyətin yaranmasının əsas səbəblərindən biri bəzi sakinlərin şəhər daxilində təmizlik qaydalarına riayət etməməsi və məişət tullantılarını müəyyən olunmuş yerlərdə quraşdırılmış zibil qutularına deyil, “Xan arxı”na atmasıdır", - məlumatda qeyd olunub.

Deyilənə görə sözügedən ərazi Göygöl rayonuna aiddir. Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Göygöl Rayonu Qızılca-Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov Teleqraf- a bildirib ki, kanalın özü, həmin yol Totanlıya məxsusdur.

“Kanala qədər - iki metrlik ərazi bizə aiddir. Həmin əraziyə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 4 ədəd zibil qutusu yerləşdirilmişdi. Sonra onu oradan götürdülər. Oradakı tullantılar da Totanlıda yaşayan sakinlər tərəfindən atılır. Kanalın ərazisi Gəncənin ərazisinə daxildir. Biz də əziyyət çəkirik. Totanlı sakinləri öz zibillərini bizim qutulara doldururlar. Gəncə Şəhər İcra Hakimiyyəti həmin zibil qablarını ərazidən götürdüyü üçün belə hal yaranıb”.

O qeyd edib ki, məsələnin dəqiq aydınlaşması üçün xəritəyə baxmaq kifayətdir:

“Kanalın yanına qədər olan hissə Üçtəpə bələdiyyəsinin, kanalın özü isə Gəncə şəhəri Nizami bələdiyyəsinin ərazisinə düşür. Şəhid bulağı da Gəncə şəhərindən olan şəhidə məxsusdur”.

Rza Məmmədov əlavə edib ki, zibil qablarının yenidən əraziyə yerləşdirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

Chosen
79
teleqraf.com

1Sources