“Tramp marşrutu” adlanan yeni regional layihə ilə bağlı İrəvanda keçirilən “Ermənistan – Avrasiya İqtisadi İttifaqı” konfransında maraqlı açıqlamalar səslənib.
Siyasi şərhçi Dmitri Sayms bildirib ki, Azərbaycanın Naxçıvanla quru nəqliyyat əlaqəsinin Ermənistan ərazisindən keçməklə yaradılması planı İrəvan və Moskva arasında münasibətləri çətinləşdirə bilər.
Vaşinqton görüşünün nəticələri
Xatırladaq ki, avqustun əvvəlində ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə mühüm razılaşma əldə olunmuşdu. Görüş nəticəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iki ölkə arasında sülh və qarşılıqlı münasibətlərin qurulmasına dair paraflanmış mətn imzalamışdılar.
Bu razılaşmaya əsasən, Yerevan ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə də razılıq verib. Məhz bu çərçivədə “Beynəlxalq sülh və firavanlıq üçün Tramp marşrutu” adlı yeni nəqliyyat dəhlizi gündəmə gətirilib. Marşrut Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və Ermənistan ərazisindən keçəcək.
“Anti-Rusiya layihəsidirmi?”
Politoloq Dmitri Saymsın sözlərinə görə, bu layihənin konkret olaraq “anti-Rusiya məqsədli” olub-olmadığını qəti demək mümkün deyil:
“Amma obyektiv nəticələrə baxanda, bu təşəbbüsün Ermənistan–Rusiya münasibətlərinə çətinliklər gətirə biləcəyi açıq görünür. Çünki burada ABŞ faktoru var və Moskva bu gedişi diqqətlə izləyir”.
Ekspert əlavə edib ki, belə bir addımın Ermənistanın milli maraqlarına nə qədər uyğun olduğuna erməni xalqının özü qərar verməlidir. Lakin onun fikrincə, İrəvanın bu istiqamətdə hərəkət etməsi Moskva ilə münasibətlərdə müəyyən qiymət ödəmədən mümkün olmayacaq:
“Düşünmək ki, Ermənistan siyasi coğrafiya baxımından belə bir addımı atacaq və Rusiya ilə münasibətlərində heç bir problem yaşamayacaq – bu, sadəcə, sadəlövhlük olardı”.
Musavat.com