EN

Overçuk Ermənistanı hədələdi: “Rusiya ilə ticarətdə başqa tarif rejimi olacaq”

“Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiya perspektivləri barədə müstəqil qərar vermək hüququ var, lakin İrəvan başa düşməlidir ki, bu, Rusiya ilə ticarətdə prinsip etibarı ilə başqa tarif rejimi anlamına gələcək”.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib.

“İşlər belə davam edərsə, o zaman biz qərar qəbul etməli olacağıq – bu ölkəyə qarşı iqtisadi siyasətimizi yenidən qiymətləndirməliyik. Harada olmasına qərar vermək Ermənistanın hüququdur. Amma onlar da başa düşürlər ki, o zaman onlar üçün başqa tarif rejimi olacaq, o zaman bizim ölkələrimiz arasında malların sərbəst hərəkəti olmayacaq, rüsumsuz ticarət olmayacaq”, – deyə baş nazirin vurğulayıb.

O qeyd edib ki, bu, Ermənistanda xüsusən kənd təsərrüfatı sektorundakı istehsalçılara “kifayət qədər ağrılı” zərbə vura bilər:

“Bazarın xüsusiyyətləri elədir ki, onların məhsullarına Rusiyada tələbat var. Onları əhatə edən bütün ölkələrin nə üzüm, nə ərik, nə də digər meyvə-tərəvəzlə heç bir problemi yoxdur, onların hamısında bunlar var. Rusiya Ermənistan üçün premium bazardır. Mən hələ Ermənistan bazarının Aİ malları ilə dolacağından danışmıram ki, bu da Ermənistanın biznesinin inkişafına az şans verəcək. Onlar bu amilləri də qiymətləndirməli olacaqlar”.

Rusiya baş nazirinin müavini əlavə edib ki, Ermənistan Aİ-yə daxil olarsa, hazırda Aİ və Rusiya səmasının bir-biri üçün bağlı olduğu aviadaşımalar sektorunda və sərhədyanı yük daşımalarında problemlər yarana bilər:

“Enerji və ərzaq məhsulları üçün müxtəlif qiymətlər olacaq. Ölkə ən yaxın qonşusu İranla azad ticarət zonasının faydalarını da itirəcək. Çoxlu nəticələr ola bilər, onları başa düşmək və qiymətləndirmək lazımdır. Bu, çox pis ssenaridir, ilk növbədə sadə insanlar üçün, biz bunu istəmirik və ona görə də bu barədə açıq danışırıq.

Əlbəttə, Ermənistan hər halda Aİ-dən nəsə alacaq. Onun üçün hansısa yeni bazarlar açılacaq, bəzi yeni marşrutlar yaranacaq. Onlar bütün bunları ölçməli, tarazlığa baxmalı olacaqlar. Yekunda Ermənistan xalqı qərar verəcək. Bu, onların seçimidir”.

Chosen
4
9
editor.az

10Sources