Albaniya millisinin və “Beşiktaş”ın hücumameyilli yarımmüdafiəçisi Ernest Muçi bundan sonra “Trabzonspor”un formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Trabzon klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İstanbul nəhəngi Muçini trabzonlulara bir mövsümlük icarəyə verib. “Trabzonspor” mövsümün sonuna kimi Muçinin transfer hüquqlarını da ala bilər. Keçidin maddi detalları barədə məlumat verilməyib.
Xatırladaq ki, “Beşiktaş” Muçini 2024-cü ilin əvvəlində Polşanın “Legiya” klubundan 10 milyon avro müqabilində transfer etmişdi. 24 yaşlı futbolçunun Türkiyə nəhəngi ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var. Muçi “qara qartallar”ın heyətində 61 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Ernest Muçi Albaniyanın “Dinamo” və “Tirana” klublarının yetirməsidir. O, 2021-ci ilin fevralından “Beşiktaş”a gələnə qədər “Legiya”da çıxış edib. Yarımmüdafiəçi Varşava klubunun heyətində 114 oyuna çıxıb, 21 qol vurub, 10 məhsuldar ötürmə verib.
Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Muçi, 2021-ci ilin noyabrında debüt etdiyi əsas millidə cəmi 16 matça çıxıb, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.