EN

Kiyev “Dinamo”sunun yeni transferi Putinin heyranı imiş!

Kiyev “Dinamo”sunda yeni transfer olunan bir futbolçu ilə bağlı ciddi qalmaqal yaşanır.

"Football-plus.az" xəbər verir ki, kiyevlilər rumıniyalı Vladislav Blenutsenin keçidini sentyabrın 2-də rəsmən açıqlamışdılar. 23 yaşlı hücumçu “Universitatya Kluj”dan heyətə cəlb olunub. Amma bu transfer açıqlandıqdan sonra futbolçunun “tiktok” səhifəsindəki əvvəlki paylaşımları fanatlar tərəfindən böyük müzakirələrə səbəb oldu.

Belə ki, sən demə Blenutse Rusiya prezidenti Vladimir Putinə heyranlıq duyulan və başqa səhifələr tərəfindən edilən paylaşımları öz səhifəsində paylaşırmış. Bundan başqa o, Ukrayna əleyhinə mövqeyi ilə məşhur olan rusiyalı aparıcı Vladimir Solovyova aid videolar da paylaşırmış. Təbii ki, bütün bunların üstü açıldıqdan sonra Blenutse dərhal səhifəsini bağlamaq məcburiyyətində qaldı. Sentyabrın 4-də isə “Dinamo” məsələ ilə bağlı rəsmi bəyanat yaydı:
“Vladislav Blenutsenin klubumuza keçidi transfer dönəminin son anlarında futbolçumuz Vladislav Vanatın “Jirona”ya yollanmasından sonra dəqiqləşdi. Futbolçu ilə aparılan danışıqlar zamanı onun mövqeyi bizdə heç bir şübhə doğurmadı. Ancaq futbolçunun sosial şəbəkələrdəki bəzi paylaşımları bəlli olduqdan sonra klubumuz məsələni araşdırdı və onunla yenidən danışıqlar apardı. Futbolçu səhvini etiraf etdi. Bu mövzuda, yəni ən ağrılı məsələdə “Dinamo”nun hər hansı bir güzəştə getməsindən söhbət belə gedə bilməz. Mövqeyi bizimki ilə üst-üstə düşməyən istənilən futbolçu ilə hər an əməkdaşlığı dayandıra bilərik”.
Yəni başqa sözlə desək, futbolçunun üzrxahlığı və səhvini anlaması “Dinamo” rəhbərliyi üçün yetərli olub. Amma görünür, bu, fanatlar üçün yetərli dəlil deyil. Çünki dünən “Dinamo” fanatları, eləcə də ultrasın üzvləri sosial şəbəkələrdə rumıniyalıya aid videolar paylaşıblar. Orda futbolçu güllənin hədəfinə çevrilən formada təsvir edilib! Həmin videolardan birində isə hətta “üzrxahlığı bir yerinizə soxun, bu şeytan Kiyevdə həyat görməyəcək” ifadəsi qeyd olunub.
Chosen
47
39
football-plus.az

10Sources