EN

Fernando Santos istefaya göndərildi - Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos AFFA rəhbərliyinin qərarı ilə istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Xatırladaq ki, Santosun rəhbərliyi altında millimizin bir neçə gün öncə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiyaya 0:5 hesablı məğlubiyyəti portuqal mütəxəssisin istefasını gündəmə gətirmişdi. Hətta AFFA-nın baş hakimi Cahangir Fərəcullayev də oyundan dərhal sonra Santosun öz istəyi ilə də olmasa, istefaya göndəriləcəyini bəyan etmişdi.

Fernando Santos 2024-cü ilin iyun ayında Azərbaycan millisinə baş məşqçi təyin edilmişdi. 70 yaşlı mütəxəssis həmin vaxt 3+1 illik müqaviləyə imza atmışdı. Millimiz portuqal məşqçinin rəhbərliyi altında 11 oyuna çıxıb, cəmi 2 heç-heçə ilə kifayətlənib, 9 məğlubiyyətə üzülüb. Top fərqi də biabırçıdır – 4:29.

Fernando Santos daha öncə Yunanıstan, Polşa və Portuqaliya yığmalarının da baş məşqçisi olub. O, xüsusilə Portuqaliya yığmasını uğurla çalışdırıb və AÇ-2016-da, UEFA Millətlər Liqası 2019-da çempionluğu bayram edib. Santos bu komanda ilə 2017 Konfederasiyalar Kubokunda da bürünc medal qazanıb.

Santos vaxtilə “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK, “Beşiktaş” kimi klublarda da işləyib.

error: Məzmun qorunur!
Chosen
39
1
arena.az

4Sources