AZ

Fernando Santos millimizə bu sözlərlə vida etdi

Portuqaliyalı mütəxəssis Fernando Santos Azərbaycan millisinin baş məşqçi postundan getməsinə ilk dəfə münasibət bildirib.

Arena.az “SIC Noticias” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 2024-cü ildə milli üçün hazırladığı plandan da bəhs edib:

“Mənə həmişə göstərdiyi hörmət və diqqətə görə AFFA prezidentinə təşəkkür etməyə bilmərəm. Bu müddət ərzində mənə göstərdikləri qonaqpərvərliyə və sevgiyə görə Azərbaycan xalqına da təşəkkür edirəm. 2024-cü ilin sentyabrında mən lazımi düzəlişlərlə əhatəli plan təqdim etdim. Bu plan əvvəlki işlərimdə hazırladığım digər planlara bənzəyir. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq və gələcəkdə daha yaxşı nəticələr əldə etməyə imkan verəcək, yeni istedadların yaradılması və inkişafı üçün lazımi sərmayələr üçün stimul rolunu oynayacaq. Hər kəsə uğurlar arzulayıram”.

Xatırladaq ki, Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos bu gün AFFA rəhbərliyinin qərarı ilə istefaya göndərilib. AFFA ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Fernando Santos 2024-cü ilin iyun ayında Azərbaycan millisinə baş məşqçi təyin edilmişdi. 70 yaşlı mütəxəssis həmin vaxt 3+1 illik müqaviləyə imza atmışdı. Millimiz portuqal məşqçinin rəhbərliyi altında 11 oyuna çıxıb, cəmi 2 heç-heçə ilə kifayətlənib, 9 məğlubiyyətə üzülüb. Top fərqi də biabırçıdır – 4:29.

Santos daha öncə Yunanıstan, Polşa və Portuqaliya yığmalarının da baş məşqçisi olub. O, xüsusilə Portuqaliya yığmasını uğurla çalışdırıb və AÇ-2016-da, UEFA Millətlər Liqası 2019-da çempionluğu bayram edib. Santos bu komanda ilə 2017 Konfederasiyalar Kubokunda da bürünc medal qazanıb.

Portuqal mütəxəssis vaxtilə “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK, “Beşiktaş” kimi klublarda da işləyib.

error: Məzmun qorunur!
Seçilən
9
2
arena.az

4Mənbələr