CBS News və YouGov tədqiqat şirkəti tərəfindən keçirilən sorğuda ABŞ vətəndaşlarına Trampın fəaliyyəti, iqtisadiyyat və miqrasiya siyasəti, gömrük tarifləri, milli təhlükəsizlik və beynəlxalq məsələlərdəki mövqeyi ilə bağlı fikirləri soruşulub.
Sherg.az xəbər verir ki, nəticələrə görə, respondentlərin 67 faizi Trampın səlahiyyətlərini genişləndirdiyini düşünür, 56 faizi isə onun prezidentlik fəaliyyətini mənfi qiymətləndirir.
Miqrasiya siyasətində Trampın yanaşmasına qarşı çıxanların payı 54 faiz olub. Rusiya - Ukrayna müharibəsində Trampın səylərinin “sülh gətirəcəyini” düşünənlər 27 faizdə qaldığı halda, münaqişənin davam edəcəyini gözləyənlər 43 faiz təşkil edib.
Bundan əlavə, Trampın şəhərlərə Milli Qvardiya yerləşdirməsini dəstəkləməyənlərin nisbəti 58 faiz olaraq qeydə alınıb.
Respondentlərin 64 faizi Trampın inflyasiya ilə mübarizə siyasətini təsdiqləmədiyini bildirib. Şəxsi maliyyə vəziyyətlərinin Tramp dövründə “daha da pisləşdiyini” deyənlərin nisbəti isə 50 faiz olub.
Gömrük tarifləri məsələsində isə ictimaiyyətin 71 faizi bu tariflərin qısa müddətdə qiymətlərin artmasına səbəb olacağını düşündüyünü bildirib.