EN

Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri Ermənistanda isterika doğurdu...


Arzuxan Əlizadə: “Qərbi Azərbaycan Ermənistanın, ermənilərin qorxulu yuxusuna çevrilib”

Qərbi Azərbaycan məsələsi reallıqdır və bunu Ermənistanda da qəbul etməlidirlər. Amma təəssüflər olsun ki, bu ölkənin daxilindəki bəzi qüvvələr, eləcə də hökumət nümayəndələri Qərbi Azərbaycan gerçəyini qəbul etmək istəmirlər, özlərindən müxtəlif uydurmalar icad edib erməni cəmiyyətinin beynini zəhərləməkdə davam edirlər.

Belə ki, Ermənistanda Qərbi Azərbaycan xofu yeni mərhələyə daxil olur. İndi də ermənilər Qərbi Azərbaycan İcmasının əslən Qərbi Azərbaycandan olan soydaşlarımıza üzvlük vəsiqəsi verməsindən narahat olmağa başlayıblar.

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan belə bir fikir irəli sürüb ki, guya “Azərbaycanda Ermənistanda anadan olmuş 100 mindən çox azərbaycanlının bu ölkəyə köçürülməsi üçün qeydiyyata alınmasının başa çatdığı barədə rəsmi elan verilib”. O, “arqument” kimi Qərbi Azərbaycan İcmasının (QAİ) üzvlük vəsiqəsinin fotosunu paylaşıb. Bildirib ki, bu, “Ermənistanın işğalının sübutudur”. Vəsiqənin üzərində ata yurdunun “Qərbi Azərbaycan” olaraq qeyd edilməsi də Tatoyanı bərk narahat edib.

Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri Ermənistanda isterika doğurdu. Onlar niyə narahat olurlar? Niyə bu məsələni bu qədər narazı qarşılayırlar?

“...Kifayət qədər ciddi sürətlə anlayırlar ki...”

Millət vəkili Arzuxan Əlizadə “Bakı-Xəbər”ə bildirdi ki, Qərbi Azərbaycan ifadəsi gündəmə gələndən, xüsusilə Qərbi Azərbaycan İcması formalaşandan bəri Ermənistanda bir isterika yaşanmaqdadır: “Qərbi Azərbaycan Ermənistanın, ermənilərin qorxulu yuxusuna çevrilib.

Bu illər ərzində ki özlərinin bir mifik dövlətini yaratdılar, “vətən” ideyasını ortaya atdılar, “dənizdən dənizə böyük Ermənistan” xülyası ilə yaşayırdılar, bu puç oldu. Təbii ki, bu ideya puç olmalı idi. Çünki real dünyaya əsaslanmayan, reallığı özündə əks etdirməyən bir ideya idi. Amma ermənilər kifayət qədər ciddi sürətlə anlayırlar ki, Qərbi Azərbaycan ifadəsi bütövlükdə tarixi aspektə əsaslanır, tarixən həmin ərazilərdə azərbaycanlılar, Azərbaycan türkləri yaşayıb. Ən azından son bir əsr ərzində 1 milyondan çox bacı-qardaşımız, soydaşımız deportasiya olunub, sürgünlərə məruz qalıb, repressiya ilə üzləşib, zorla öz yurdlarından çıxarılıb, qovulub. Təbii ki, bacı-qardaşlarımızın, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququ var. Beynəlxalq konvensiyalar mövcuddur, onların geri qayıdışı beynəlxalq hüquq normalarına tam uyğundur, bu tam qanunidir. Heç bir qadağa onların öz tarixi dədə-baba yurdlarına qayıtmasına əngəl ola bilməz. Bu baxımdan anlayırlar ki, biz öz dədə-baba yurdlarımıza, torpaqlarımıza dinc yolla qayıdacağıq. Ermənistanla sülh müqaviləsinin imzalanması, əslində münasibətlərin normallaşması heç bir halda bu prosesə əngəl olmamalıdır. Hesab edirəm ki, olmayacaq da. Qarabağdan könüllü gedən ermənilərlə Qərbi Azərbaycana, öz ata-baba yurdlarına qayıtmalı olan azərbaycanlıları bəzən eyniləşdirirlər. Bu heç bir halda eyniləşdirilə bilməz”.

Ermənilərin ora son 150-200 ildə gəldiyini deyən A.Əlizadənin sözlərinə görə, amma Qərbi Azərbaycanda yaşamış bacı və qardaşlarımız, soydaşlarımız əsrlər boyu o torpaqlarda yaşayıblar, ora Azərbaycan əraziləridir: “Əslində fərq həm də ondadır ki, Azərbaycanda yaşamaqlarına rəğmən, Qarabağdan gedən ermənilərin əksəriyyəti azərbaycanlılara - yerli əhaliyə, bizlərə qarşı hərbi cinayətlərdə iştirak edib, çox böyük faciələrə səbəb olublar. Amma Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz Vətənlərində olduğu kimi yaşayıblar, orda da hansısa cinayət əməllərində iştirakları yoxdur. Ona görə də, rahatlıqla geri qayıtmaq imkanlarına malikdirlər və qayıdacaqlar. Ermənilər isə geri qayıtmaq məsələsində birmənalı olaraq çox ciddi tərəddüdlər içindədirlər və qayıtmayacaqlar. Çünki bilirlər ki, burda törətdikləri cinayətlərə görə Azərbaycan qanunlarına müvafiq olaraq cavab verməli olarlar, təbii ki, cavab verməli olacaqlar. Necə ki, erməni separatçıların başında duran quldurlar, cinayətkarlar məhkəmə qarşısında cavab verirlər, eləcə də o cinayətlərin iştirakçısı, səbəbkarı olan şəxslər var ki, onların geri qayıtması öz narahatlıqlarından mümkün deyil. Bu baxımdan fərq heç müqayisə olunmayacaq dərəcədədir. Təbii ki, bütün bu reallıqları nəzərə alaraq ermənilər çox ciddi narahatlıq içindədirlər. Olsunlar, onların narahatlıqları bizi ilgiləndirmir. Biz öz dədə-baba torpaqlarımıza geri dönmək uğrunda prosesi davam etdirəcəyik. Hesab edirəm ki, bu istiqamətdə də ciddi nəticəyə sahib ola biləcəyik”.

İradə SARIYEVA

Chosen
66
baki-xeber.com

1Sources