EN

Qətərlə tərəfdaşlıq imkanları

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, Qətərlə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

İqtisadiyyat naziri Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndiyini, tərəfdaşlığın inkişafında yüksəksəviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qətərin Baş naziri və xarici işlər naziri ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdə diqqətə çatdırılıb ki, ticarət əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə prioritet məqsədlərdəndir. Qarşılıqlı investisiyaların həcminin artırılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək.

Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Al-Suveydi ilə görüş zamanı birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib. Qətərin “Power International Holding”nin Direktorlar Şurasının sədri Mutaz Al-Xayyat ilə görüşdə iqtisadi sferada qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti qeyd edilib.

Səfər çərçivəsində SOCAR-la Qətərin “UCC Holding”i arasında enerji sektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

XQ

Chosen
16
7
xalqqazeti.az

8Sources