EN

İsrailin Dohaya hücumu “dönüş nöqtəsidir” və çox təhlükəli nəticələr doğuracaq - Bərğuti

BAKI, TurkicWorld

Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi, doktor Mustafa Bərğuti bəyan edib ki, İsrailin Dohada HƏMAS nümayəndə heyətini hədəfə alan hücumu “dönüş nöqtəsi”dir və çox təhlükəli nəticələrə gətirib çıxaracaq. O bildirib ki, İsrailin əsl siması üzə çıxdı – razılaşmaya mane olan tərəf fələstinlilər deyil, məhz İsraildir və o, hər dəfə qəsdən gərginliyi artırır.

Qətər dövləti isə HƏMAS-ın Siyasi Bürosunun bir neçə üzvünün yaşayış yerlərinə edilən İsrail hücumunu pisləyib və bu məsuliyyətsiz davranışa göz yummayacağını vurğulayıb.

“Bu cinayətkar hücum bütün beynəlxalq qanunların pozulmasıdır və qətərlilərin və əhalinin təhlükəsizliyi üçün ciddi təhdiddir.”- Qətər Xarici İşlər Nazirliyi bəyan edib.

HƏMAS-dakı yüksək vəzifəli mənbə isə bildirib ki, Xalil əl-Hayənin rəhbərlik etdiyi heyət Dohada İsrailin sui-qəsd cəhdindən salamat çıxıb.

Bərğuti əlavə edib ki, Qəzzaya qarşı müharibədə hədəfinə çatmayan İsrail bu dəfə vasitəçilik edən Qətəri və ABŞ-ın təklifini müzakirə edən HƏMAS rəhbərlərini vurdu. Bu isə göstərir ki, “təklif ciddi deyildi, İsrail heç bir razılaşma istəmir və Qəzzaya qarşı aparılan soyqırım və fələstin xalqına qarşı etnik təmizləmə siyasətini davam etdirir”.

Bərğuti həmçinin istisna etməyib ki, bu gün baş verənlərdə ABŞ da rol oynayıb: “Artıq heç kim ABŞ-ın real vasitəçi olduğuna inanmaz.”

Ərəb və İslam dünyasından gözləntilər

Bərğuti ümid edib ki, Dohaya hücum ərəb və islam ölkələrinin mövqeyində ciddi dönüşə səbəb olacaq. Xüsusilə də hücuma məruz qalan ölkə – Qətərdir. Çünki Qətər həmişə sülh sazişlərinə töhfə verib, heç bir tərəfə hücum etməyib və imkanlarını barış üçün səfərbər edib. Əvvəlki razılaşmalarda yüzlərlə israilli və fələstinli məhbusun azad edilməsində də Qətərin rolu həlledici olub.

Bərğuti qeyd edib ki, İsrailin planı fələstinliləri Qəzzadan köçürməyə gətirib çıxara bilər. Bu səbəbdən ərəb və islam ölkələri, xüsusilə İsraillə münasibətləri normallaşdıranlar, dərhal əlaqələri kəsməli, ona qarşı sanksiyalar tətbiq etməli və tam boykot elan etməlidirlər.

O vurğulayıb ki, uzunmüddətli perspektivdə də ərəb və islam ölkələri artıq təkcə fələstinlilərin deyil, öz milli təhlükəsizliklərinin necə qorunacağı barədə düşünməlidirlər.

Bərğuti İsrailə qarşı sanksiyaların tətbiqini və onun tam şəkildə təcrid edilməsini tələb edib. O, İsrailin baş naziri Benyamin Netanyahunu (Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan) “ağlını itirmiş, ipə-sapa yatmayan manyak dəstə başçısı” adlandırıb. Onun sözlərinə görə, Netanyahu davamlı olaraq fələstinlilərə, həmçinin Livana, Suriyaya, Yəmənə, İrana və indi də Qətərə hücum edir.

Bərğuti əlavə edib ki, İsrailin Dohada HƏMAS rəhbərlərini hədəfə alaraq məqsədinə çata bilməməsi Netanyahu və onun hökuməti üçün daxili siyasi nəticələr doğuracaq.

Chosen
11
turkic.world

1Sources