ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
I məqalə
Konstitusiya
Konstitusiya dövlətin əsas qanunudur. Bu sənəd dövlətin əsaslarını müəyyən edir. Həmin əsaslar siyasi, iqtisadi və hüquqi sistemlərdən ibarətdir. Eyni zamanda Konstitusiya dövlətin və insanın hüquq və öhdəliklərini müəyyənləşdirir. Konstitusiya ali hüquqi gücə malikdir. Adətən Konstitusiya ümumxalq referendumu vasitəsilə qəbul edilir. Hakimiyyətin ali orqanlarının formalaşması və funksionallığı qaydasını, kompetensiyalarını və qarşılıqlı münasibətlərini müəyyən edir.
Nəzəri baxımdan belə aydın olur ki, Konstitusiya hər bir müasir dövlətin fəaliyyətinin anatomiyasıdır. O həm də fərdi və kollektiv miqyaslarda dövlət üçün vacib olan qayda-qanunları, fəaliyyət düzənini müəyyən edir. Məsələn, şəxsiyyətin statusunu müəyyənləşdirir. Bunu iki aspektdə edir. Birinci aspekt insan haqları və azadlığıdır. İkinci aspekt vətəndaşın dövlət qarşısında öhdəlikləridir.
Konstitusiya həm də kollektiv birgəyaşam səviyyəsində ictimai münasibətləri tənzimləyir. Yəni vətəndaşla dövlət arasında qarşılıqlı münasibətləri tənzimləməklə ictimai həyatı nizamlayır. Bundan başqa, Konstitusiya insanın cəmiyyətdə yerini müəyyən edir.
Konstitusiyanın bizim baxdığımız prizmada mühüm özəlliklərindən biri təsisedici xarakterli olmasıdır. Konkret ifadə etsək, Konstitusiya dövlət yaradılanda və ya yeni formaya keçəndə dövlətçiliyin əsasını möhkəmlədən təsisedici sənəddir. Məhz bu aspekdə Konstitusiya ali hüquqi faktor kimi ölkənin bütün digər normativ-hüquqi aktlarından yüksəkdədir.
Əgər vurğulanan əsas əlamətləri ümumiləşdirsək, Konstitusiyanın fəlsəfi baxımdan bir sıra əhəmiyyətli substantiv (yəni predmetə aid konkret məzmunu) və funksional özəlliklərini aydınlaşdıra bilərik.
Dövlətçiliyin əsası və Konstitusiya
Keçən əsrin 90-cı illərində müstəqilliyini əldə etmiş hər bir keçmiş sovet respublikası üçün uyğun Konstitusiyanın hazırlanması dövlətçilik və müstəqillik baxımından həyati əhəmiyyətli məsələ idi. Çünki aydın, dəqiq və müasir beynəlxalq hüquqa tam uyğun Konstitusiya olmadan real olaraq müstəqil dövlət qurmaq mümkün deyildir. Təcrübə də bunu sübut etdi. Məsələn, Ermənistan Konstitusiyası reallığa əsaslanmadığından (başqa torpaqlara iddia üstüörtülü yer almışdır, dövlətçilik tarixi təhrif olunmuşdur və s.) gerçək müstəqil dövlət qurmaq tam reallaşmamışdır. XXI əsrin üçüncü onilliyində N.Paşinyan etiraf edir ki, başqalarının hesabına mövcud olmayan, müstəqil və daxili reallığa əsaslanan dövlət qurmalıyıq. Bunun üçün ilk şərt Ermənistan konstitusiyasını dəyişməkdən ibarətdir. Deməli, sözdə müstəqilliyini keçən əsrin 90-cı illərinin əvvəllərində elan etmiş bir Cənubi Qafqaz dövləti hələ də gerçəkçi müstəqil dövlət kimi formalaşa bilməmişdir.
Yeri gəlmişkən, bu barədə erməni əsilli amerikan tarixçisi Ronald Qriqor Süni 1997-ci ildə İrəvanda keçirilən beynəlxalq konfransda “Ermənistanda müstəqil dövlət formalaşmamışdır” tezisini irəli sürmüşdür. Bunun fonunda “regionda müstəqil dövlət yalnız Azərbaycanda Heydər Əliyevin sayəsində formalaşmışdır” fikrini bəyan etmişdir. Bu mövqeyinə görə, polis alimi radikal erməni sürüsünün əlindən güclə xilas etmişdi. Onu da vurğulayaq ki, R.Q.Süni Miçiqan Universitetinin siyasi və sosial tarix professorudur. Eyni zamanda Çikaqo Universitetinin siyasi elmlər doktoru və “Kembric Rus Tarixi”nin 3-cü cildinin baş redaktorudur. Tarixçi alim Zəngəzurlu (ermənilər ora “Sünik” deyirlər) erməni bəstəkar Qriqor Mirzayan Süninin nəvəsidir. Yəni alim erməni cəmiyyətinə yad deyildir, lakin görünür, Amerika mühiti onun alim kimi vicdanına ciddi təsir etmişdir.
Dünya üzrə digər ölkələrin təcrübəsi də göstərir ki, əsl müstəqil dövlət qurmaq üçün ölkənin dövlətçilik ənənəsi ilə müasir tələblərin harmoniyasının təmini sayəsində dövlətçiliyin əsasını möhkəmləndirən Konstitusiya real müsbət rol oynaya bilər. Heydər Əliyev Avrasiya məkanında buna ən uğurlu səviyyədə nail olan Ümummilli Liderdir. Bu tezisin fəlsəfi detalları üzərində dayanaq.
Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Heydər Əliyev, eyni zamanda xilaskarlıqla dövlət quruculuğu strategiyasını aparmalı idi. Çox çətin vəziyyətə salınmış Azərbaycan Respublikasını xilas etmək olduqca mürəkkəb vəzifə idi. Burada daxili və xarici qaynaqlı problemləri hüquqi, qanuni və ədalətli yanaşma əsasında aradan qaldırmaq gərəkdi. Ancaq bu möhtəşəm vəzifə ilə məhdudlaşmaq da olmazdı. Çünki real müstəqil dövlət quruculuğu kursu müəyyən edilməli idi. Bu istiqamətdə proseslər həm daxili məntiqinə, həm də məzmun və məqsədinə görə sintezdə həyata keçirilməli idi. Həmin şərtin ödənməsi üçün isə ali hüquqi əsas yaradılmalı idi ki, digər aspektlərlə yanaşı, hüquqi olaraq dövlətin fəaliyyəti legitimlik əldə etsin. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə yeni Konstitusiya (Ana Yasa) qəbul etməsi bu baxımdan müstəqil dövlətçilik üçün siyasi, tarixi, geosiyasi və hüquqi baxımdan dönüş nöqtəsi idi. Bu fikrin təsdiqi üçün bir faktı vurğulayaq.
Azərbaycan Konstitusiyasında prezident idarəetməsinin təsbiti
Hər bir ölkənin dövlətçilik kimliyində ümumi olaraq “dövlət forması” və onun tərkib hissəsi kimi “dövlət idarəetmə forması”, “dövlət quruluşu forması” və “siyasi rejim” mühüm rol oynayır. Dövlət forması onun (yəni dövlətin) xarici əlamətlərinin məcmusunu ehtiva edir. Bu keyfiyyətdə o, “hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir”. Dövlət formasının adətən üç tərkib hissəsini ayırırlar – “dövləti idarəetmə forması”, “dövlət quruluşu forması” və “siyasi rejim”, yaxud “dövlət rejimi”. Dövlət idarəetmə forması yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini və onların formalaşma qaydasını ehtiva edir. Bura fəaliyyət şərtləri və səlahiyyətləri də daxildir. Bununla yanaşı, dövlət orqanlarının “bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydası və əhalinin onların formalaşmasında iştirak dərəcəsi” dövlət idarəetmə formasında əksini tapmalıdır.
Dövlət quruluşunun forması dövlətin ərazi təşkili metodu ilə bağlıdır. O, “dövlətin daxili quruluşunu, onun tərkib hissələrinə (ərazilərinə) bölünməsini və onların bir-biri ilə münasibətləri prinsiplərini müəyyənləşdirir”.
“Siyasi rejim - bir dövlət idarəolunmasında suverenliyin kim tərəfindən və nə şəkildə istifadə ediləcəyini təyin edən formal və informal qayda və vasitələri ifadə edir. Siyasi rejimin digər adı “hökumət sistemi”dir”.
İndi bu anlayışların məzmunu işığında müstəqil Azərbaycan Respublikasında prezident idarəetməsinin özəlliklərinə nəzər salaq.
Azərbaycan prezidenti vəzifəsi 18 may 1990-cı ildə təsis edilmişdir. Səlahiyyət baxımdan prezident Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini əvəz etməli idi. Ancaq ölkədə ilk prezident seçkisi bundan bir il 3 ay sonra - 1991-ci il sentyabrın 8-də keçirilmişdir.
İkinci prezident seçkisi 1992-ci ildə olmuşdur.
Üçüncü prezident seçkisi isə 1993-cü ilin oktyabrında baş tutmuşdur.
Xronologiyaya baxsaq, 1991-1993-cü illərin hər birində prezident seçkisi olmuşdur. Bunun, əlbəttə, müxtəlif səbəbləri mövcuddur. Ölkədəki böhranı, əvvəlki iki prezidentin səriştəsiz idarəetməsini, xarici təcavüzü, bütövlükdə Cənubi Qafqazda geosiyasi vəziyyətin qeyri-müəyyənliyini və s. göstərmək olar. Lakin bütün bunlarla yanaşı, dövlətçilik baxımından daha fundamental olanı Konstitusiyada hüquqi cəhətdən prezident idarəetməsinin təsbit olunmaması idi. Hüquqi təsbit həm prezident idarəetməsinin əsas hüquqi tərəflərini və şərtlərini müəyyən edir, həm də seçkinin keçirilmə vaxtı və şərtlərini dəqiq ifadə edir.
Belə alınır ki, Azərbaycanda prezident idarəetməsinin real hüquqi təsbiti zəruri idi. Heydər Əliyev bu işi də uğurla həyata keçirən dövlət başçısı oldu. 1995-ci il noyabrın 12-də Azərbaycanda birbaşa Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi. Həmin Konstitusiya müstəqillik dövründə Azərbaycanda dövlət idarəetmə formasını hüquqi təsbit edən ilk təsisedici ali sənəddir. Bununla müstəqil Azərbaycan tarixində çox mühüm mərhələnin başladığı nəticəsini çıxara bilərik.
Xalqın suverenliyindən dövlət suverenliyinə
Konstitusiya hər şeydən öncə Azərbaycanda dövlətçilik ənənəsinin çox vacib bir aspektini hüquqi müstəvidə ifadə etdi. Konstitusiyanın birinci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Yəni qədim dövlətçiliyimizdə daim fundamental yer almış dövlət quruculuğunun Ana Şərti Azərbaycanda xalqın dövlətin qaynağında dayanan əsas müəyyənedici, təkanverici¸ qurucu və inkişafetdirici güc olmasından ibarətdir. Bu mənada xalqın suverenliyi fəlsəfəsi və hüququ dövlətin suverenliyi və legitimliyinin təməlini təşkil edir.
Həmin kontekstdə ikinci əhəmiyyətli məqam Konstitusiyada “Azərbaycan xalqı” anlayışnın izahı ilə bağlıdır. Ali təsisedici sənəddə yazılmışdır: “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir”.
Konstitusiyamıza görə, Azərbaycan xalqı Azərbaycan Respublikası dövlətinin indiki siyasi-coğrafi sərhədləri ilə məhdudlaşmır və daha geniş məkanı əhatə edir. Dünyanın istənilən guşəsində azərbaycanlılar beynəlxalq hüquqla müyyən edilmiş normalar çərçivəsində Azərbaycan xalqının bir parçasıdırlar. Burada şübhəsiz ki, hüquqi, mənəvi, mədəni və ideoloji aspektlərin sintezi əsas şərtdir.
Bu maddədən avtomatik olaraq dövlət quruculuğunda “xalqın suverenliyi” anlayışı alınır. Həmin baxımdan Konstitusiyanın Preambulasının aşağıdakı kimi başlaması çox əhəmiyyətli məqamdır. Orada yazılmışdır: “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir!..”.
Yəni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan xalqının gücü, potensialı, dövlətçilik ənənəsi və müasir mərhələdə Respublika qurmasının təməli, özülü, fəlsəfəsi, ideyası siyasi iradəsi, geosiyasi hədəfi, ən əsası başlıca subyekti və suverenlik kimliyidir! Başqa kimsə Azərbaycanda müstəqil dövlət quruculuğunun subyekti, onun suverenlik haqqı və hüququnun təmsilçisi ola bilməz! Tarixi müddəadır!
Konstitusiyanın ikinci maddəsində bu dövlətçilik fəlsəfəsi konkret hüquqi ifadədə dolğun əksini tapmışdır. Həmin maddədə yazılmışdır:
“I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”.
Bu maddədə xalq suverenliyindən dövlət suverenliyinə siyasi, hüquqi, fəlsəfi və ideya keçidinin başlıca məğzi ifadə olunmuşdur. Onun üzərində ayrıca dayanmaq zərurətdir.
(ardı var)
Füzuli Qurbanov,XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.