Ermənistanda uzun illər davam edən siyasi böhran, korrupsiya və idarəetmədəki boşluqlar ictimai inamın azalmasına və ölkədə iqtisadi-sosial vəziyyətin pisləşməsinə səbəb olub. Bu proses nəticəsində işsizlik artıb, inflyasiya yüksəlib və sosial xidmətlər zəifləyib. Əhalinin böyük bir qismi gündəlik ehtiyaclarını qarşılaya bilmir və gələcəyindən ümidsizdir. İş imkanlarının məhdudluğu xüsusilə gənc nəsli daha yaxşı həyat axtarışı ilə xaricə üz tutmağa məcbur edir.
Miqrasiyanın fəsadları artıq bəzi bölgələrdə demoqrafik böhrana səbəb olub. Məsələn, Şirak vilayətində kişi əhalinin 70 faizi Rusiyada işləyir. Loru və Zəngəzur bölgələrində də əhali axını nəticəsində kəndlər boşalır. Rəsmi statistikaya görə, Rusiyadakı əməkçi miqrantların təxminən 20 faizi ermənilərdir. Onların arasında Qarabağı könüllü tərk etmiş ermənilər çoxdur. Bunun səbəbləri var. İkinci Qarabağ müharibəsindən sonra Qarabağdan Ermənistana köç etmiş haylar orada ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdilər. Arzuladıqları sabitliyi və rifahı tapa bilmədilər. İşsizlik, mənzil problemi, aşağı gəlirlər və qeyri-müəyyən hüquqi status onların ölkədə qalmaq istəyini sürətlə azaltdı. Nəticədə, 2020–2024-cü illər ərzində 24 mindən çox Qarabağ ermənisi bu ölkəni birdəfəlik tərk edib. Onların ən çox üz tutduqları ölkə Rusiyadır.
Hökumət miqrasiyanın qarşısını almaq üçün bəzi sosial proqramlar tətbiq etsə də, onların effekti olmadı. Çünki mənzil proqramlarından yararlanmaq üçün vətəndaşlıq şərti qoyuldu. Bu isə o deməkdir ki, Ermənistana yeni gəlmiş və hüquqi statusu qeyri-müəyyən olan şəxslər bu yardımlardan yararlana bilməzlər. Nəticədə narazılıq artır və cəmiyyətdə yeni sosial təbəqələşmə yaranır.
Digər tərəfdən, Qarabağdan gəlmiş ermənilərə qarşı Ermənistanda dərin kökləri olan sosial-psixoloji və mədəni ayrı-seçkilik meyilləri var. Yerli haylar bu köçkünləri heç vaxt özlərindən hesab etməyiblər. Onlara qarşı “albanlardan dönmə” kimi ifadələr işlədir və “yad” kimi baxırlar. İndi onlar “artıq yük” hesab olunur, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən təzyiqlərə məruz qalırlar.
Bu təzyiqlərin əsas səbəblərindən biri də Qarabağ ermənilərinin sosial təminatına yönəlik dövlət xərcləridir. Məsələn, “40+10” proqramı çərçivəsində 2024-cü ildə hər bir köçkünə ayda 40 min dram (103 dollar) kirayə haqqı, əlavə olaraq 10 min dram (25 dollar) kommunal xərclər üçün yardım ayrılıb. Lakin bu proqram 2025-ci ilin aprelindən etibarən yalnız həssas kateqoriyalara, uşaqlar, yaşlılar, əlilliyi olan şəxslər və ailə başçısını itirmiş ailələrə şamil olunur. Məbləğ 40 min dramadək azaldılıb. İyuldan məbləğ yenidən azaldılıb və eyni qruplara dəstək olaraq 30 min dram ödənilir. Bu ödəniş 2026-cı ilin yanvarın 1-dək davam edəcək.
Ötən 13 ayda Qarabağ ermənilərinə maddi yardımın həcmi 75 milyard 300 milyon dramdan çox olub. 2025-ci ildə təklif olunan proqramın icrası üçün isə dövlət büdcəsindən, təxminən 30,5 milyard dram xərclənəcək.
Bundan başqa, uzunmüddətli mənzil proqramı çərçivəsində Qarabağdan könüllü köçən ailələrin hər bir üzvünə 3–5 milyon dram (7.730 – 12.880 dollar) yardım verilir. Bu vəsaitdən şəxsi ev almaq, fərdi ev tikmək üçün və ya ipoteka kreditlərinin ödənilməsində istifadə olunur. Lakin bürokratik əngəllər və hüquqi qeyri-müəyyənlik proqramın real təsirini xeyli azaldır. Sənəd toplama və təsdiq prosesinin uzunması, müraciət mexanizmlərinin mürəkkəbliyi, eləcə də proqramın hüquqi əsaslarının kifayət qədər aydın olmaması vətəndaşlar arasında inamsızlıq yaradır və onların bu imkandan yararlanmaq istəyini azaldır. Üstəlik, Ermənistan vətəndaşlığı alanların sayı da azdır. Bu günədək Qarabağı könüllü tərk etmiş 16 mindən bir qədər çox erməniyə vətəndaşlıq verilib. Onlardan 11 min 259 nəfəri prezidentin fərmanı ilə Ermənistan Respublikasının vətəndaşlığını alıb, 5 mindən çox yetkinlik yaşına çatmayan şəxs isə valideynləri pasportlarını dəyişdirdikdə avtomatik olaraq vətəndaşlıq əldə edib. Rəqəmlərdən aydın olur ki, mənzil proqramından ancaq 11 min 259 ailə yararlana bilər. 2024-cü il dekabrın 8-dək cəmi 270 ailə mənzil sertifikatı alıb.
Yardımın məhdudluğundan narazı qalan Qarabağ ermənilərinin şikayətləri isə yerli əhali tərəfindən qıcıqla qarşılanır. İctimai rəy formalaşır ki, əgər Qarabağ erməniləri könüllü olaraq yaşayış yerlərini tərk etməsəydilər, bu qədər vəsait başqa sahələrə, məsələn, təhsil, səhiyyə və yeni iş yerlərinin yaradılmasına sərf edilərdi. Hətta onları İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə də ittiham edən siyasətçilər var. Bu cür bəyanatlar Qarabağ ermənilərinin Ermənistan cəmiyyətindəki yerini daha da zəiflədir.
***
Beləliklə, ittihamlar artıq Hayastanda sosial diskriminasiyanı da aşaraq irqçi və aqressiv davranışlara çevrilib. Qarabağ dialektində danışan şəxslərə qarşı küçələrdə, ictimai nəqliyyatda və restoranlarda kobud münasibət göstərilir. Mətbuatda yayılan faktlar arasında taksidən düşürülən qadınlar, restoranlardan qovulan müştərilər və digər təhqiredici hallar var. İşə qəbulda da ayrı-seçicilik özünü göstərir. Bu gün gəlmə ermənilərin dövlət və təhlükəsizlik orqanlarında işlə təmin olunması çox çətindir. Çünki Ermənistan hökuməti işə qəbulla bağlı müəyyən şərtlər qoyub. Qarabağdan olan ermənilər yalnız bu ölkə vətəndaşlığını aldıqdan sonra dövlət və təhlükəsizlik orqanlarında işlə təmin oluna bilərlər.
Göründüyü kimi, hər addımda ayrı-seçkilik ab-havası duyulur. Bu gərginliklər, qeyri-müəyyənliklər Qarabağ ermənilərinin Rusiya və Qərbə köçməsinə səbəb olur. Onların çoxu sonradan Ukraynaya ilə müharibəyə cəlb olunurlar. Müharibədə iştirak edənlərə və onların ailə üzvlərinə Rusiya Federasiyasının vətəndaşlığı sürətlə verilir. Məlumata görə, bu proses Ermənistandan çıxan Qarabağ erməniləri üçün həm iqtisadi, həm də sosial baxımdan daha cəlbedici görünür. Ermənistanda sosial təminat imkanlarının zəifliyi, Rusiyada həm yüksək əməkhaqqı, həm də vətəndaşlıq imtiyazlarının verilməsi onların seçimlərinə birbaşa təsir göstərir. Artıq yüzlərlə erməni bu yolla Rusiya ordusuna qoşularaq döyüşlərdə iştirak edir.
***
Hadisələrin bu fonunda separatçı rejimin qalıqları hələ də “status” və “təhlükəsiz qayıdış” illüziyası ilə yaşamaqda davam edirlər. Vaşinqton Bəyannaməsindən sonra Qarabağ erməniləri yenidən aktivləşdirilib və siyasi qurumlar, partiyalar, siyasətçilər onlara “dəstək verirlər”. Müəyyən qüvvələrin dəstəyi ilə separatçı rejimin tör-töküntüləri müxtəlif mitinqlər keçirir, açıqlamalar verir, bəyanatlar səsləndirirlər. Baş verənlər sübut edir ki, hadisələr müəyyən dirijorlar tərəfindən idarə edilir. Məqsəd nəinki Paşinyana qarşı xalqı ayağa qaldırmaq və nifrət hissi yaratmaq, eyni zamanda iki ölkə arasında sülh müqaviləsinə balta vurmaqdır. “Artsax" keçmiş deyil və biz Qarabağ ermənilərinin qayıtmaq hüququnun bərpasını tələb etməliyik” kimi çağırışlar ara qarışdırmaqdan başqa bir şey deyil.
Əslində, ortada heç bir dəstəkdən söhbət gedə bilməz. Sadəcə, Qarabağ separatçıları əvvəl olduğu kimi, indi də bəzi qüvvələrin əlində məqsədə çatmaq üçün alətdir. Bu cəhdlər Ermənistan cəmiyyətində daxili siyasi proseslərin və hakimiyyət uğrunda mübarizənin tərkib hissəsi olmaqla yanaşı, regionda sabitliyi pozmağa yönəlmiş uğursuz təşəbbüslər kimi dəyərləndirilir.
Reallıq budur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu mövqe təkcə siyasi bəyanatlarla deyil, BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərlə də təsdiqlənib.
Bu barədə XQ-yə danışan siyasi təhlilçi Asif Nərimanlı bildirdi ki, Qarabağ erməniləri multikultural, bütün etnik azlıqların mədəni və dini hüquqlarına tam hörmətlə yanaşan Azərbaycanda ölkə vətəndaşlığımızı qəbul etmək və ölkəmizin qanunlarına riayət etməklə sivil qaydada yaşaya bilərlər: “Bütün tələb və təbliğatlar, sadəcə olaraq, siyasi mahiyyətlidir və müxtəlif qüvvələrin öz maraqları çərçivəsində qiymətləndirilə bilər. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil. Bu, onların seçimidir”.
Pünhan ƏFƏNDİYEV
XQ