BAKI, 10 sentyabr. TELEQRAF
“Artıq Ermənistan və Azərbaycan üçün əməkdaşlıq və firavanlıq dövrü başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Almaniyadakı səfiri Viktor Yenqibaryan Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü Adis Ahmetoviçlə görüşündə deyib.
Səfir Bundestaq üzvünə avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanmış razılaşmalar barədə məlumat verib.
Yenqibaryan son regional hadisələrə toxunaraq, Azərbaycan və Ermənistan üçün əməkdaşlıq və firavanlıq dövrünün başladığını, bundan sonra regionda münaqişə yox, sülh məntiqinin üstünlük təşkil edəcəyini vurğulayıb.
“Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında saziş həm də qonşu ölkələr, Avropa İttifaqı və Almaniya üçün böyük imkanlar yaradır. Həmçinin sazişin paraflanması əvvəllər xarici investorlar üçün maneə olan təhlükəsizlik risklərini də azaldır”, - erməni diplomat qeyd edib.