EN

Azərbaycan vətəndaşından ildə 500 milyon alırlar, əvəzində heç nə vermirlər - ŞOK fırıldaq

Azərbaycanda mağazalarda vitrində göstərilən qiymətlərlə kassada vurulan məbləğin fərqli olması artıq adi hala çevrilib. İnsanlar məhsulu vitrində daha ucuz qiymətə görsə də, ödəniş zamanı daha baha məbləğ çıxır. Əksər hallarda alıcılar kassa qəbzinə baxmadığından, cibindən artıq pul getdiyindən xəbərsiz qalırlar.

Bu, təkcə təsadüfi və ya nadir hal deyil, illərlə davam edən sistemli problemdir. İstehlakçıların hüquqlarının pozulması ilə bağlı şikayətlər mütəmadi şəkildə gündəmə gəlir.

eyyub

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a bildirib ki, təşkilat artıq 5 ildir hər gün bu cür şikayətlər alır.

Onun sözlərinə görə, vətəndaşlar ödəniş edərkən mütləq kassa çekinə diqqət yetirməli, qiymətdə fərq olduğu halda mağaza rəhbərinə müraciət etməlidirlər:

“Qanuna görə, alıcı məhsulu vitrində yazılan qiymətə almaq hüququna malikdir. İstehlakçı kartla ödəniş etdikdə də həm POS-terminal, həm də kassa qəbzini almalı və müqayisə etməlidir. Uyğunsuzluq aşkarlanarsa, dərhal Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmək lazımdır. Təəssüf ki, bu qurum hələ də effektiv işləmir. Lakin ictimai tələb artdıqca vəziyyətin düzələcəyinə ümid edirik”.

Eyyub Hüseynovun sözlərinə əsasən, ən çox şikayətlər meyvə-tərəvəz bölməsindədir. Çünki çəkilər, kodlar və qiymətlər arasında tez-tez uyğunsuzluqlar olur:

“Hətta bəzi hallarda alıcı almadığı məhsulun da pulunu ödəyir. Birliyin hesablamalarına görə, Azərbaycan istehlakçıları təkcə almadan ödənilən mallara görə ildə ümumilikdə 500 milyon manat vəsait itirir”.

Sədr əlavə edib ki, o özü də bir dəfə dükanda 100 manatlıq aldadılma ilə üzləşib:

“Bu fakt onu göstərir ki, problem təkcə sıravi vətəndaşın başına gəlmir, sistemli xarakter daşıyır. Vətəndaşlar passivlik göstərdikcə, bu halların qarşısını almaq çətinləşir”.

Bir sözlə, “göz yummaq” istehlakçıların həm cibinə, həm də bazar münasibətlərinə ziyan vurur.

Mənzər Novruzlu
Musavat.com

Chosen
37
2
musavat.com

3Sources