EN

Bəhreyndə səfirlik açılmasının 3 mühüm SƏBƏBİ

Bəhreyndə Azərbaycan səfirliyinin açılması kifayət qədər strateji əhəmiyyət daşıyır.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçirilən iclasında deputat Elçin Mirzəbəyli deyib.

O, bu fikrini bir neçə səbəblə izah edib:

“Birincisi, bu addım Azərbaycanın Körfəz regionunda diplomatik şəbəkəsinin genişlənməsi deməkdir. İndiyə qədər Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətərlə diplomatik münasibətlərimizi gücləndirmişdik, indi isə Bəhreynin əlavə olunması Bakı üçün bütün Körfəz ölkələri ilə əlaqələrin tam siyasi-institusional əsasda qurulması anlamına gəlir. İkincisi, iqtisadi tərəfi nəzərə almaq lazımdır. Bəhreyn kiçik ölkə olsa da, maliyyə mərkəzi statusuna malikdir və Körfəz kapitalının idarə olunmasında mühüm rolu var. Burada səfirliyin açılması Azərbaycan üçün yeni investisiya kanallarının, xüsusilə  turizm və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi imkanını açır.

Üçüncüsü, Bəhreyn həm İslam Əməkdaşlıq Təşkilatında, həm də ərəb dünyasında Azərbaycanın mövqelərini dəstəkləyən ölkələrdən biridir. Qarabağ məsələsində də Bakının mövqeyinə ardıcıl dəstək göstərib. Bu dəstəyi institusional əməkdaşlıqla möhkəmləndirmək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqelərinin regionda daha geniş rezonans tapmasına kömək edəcək”.

Sonda deputat qeyd edib ki, bu qərar həm də simvolik və ideoloji mesajdır. Azərbaycan müsəlman dünyasında həmrəyliyin təşviqinə xüsusi əhəmiyyət verdiyini bir daha təsdiqləyir.

Chosen
33
3
modern.az

4Sources