EN

Dünya üçün fəlakət ssenarisi: Bu NATO Rusiya müharibəsi deməkdir...

ain.az bildirir, Sherg.az portalına istinadən.

Rusiya hazırda bütün dünyanın gələcək taleyi ilə oynayır

Elçin Xalidbəyli: Polşaya yönələn zərbə Kremlin isterik davranışının nəticəsi, Qərbi qorxu altında saxlama cəhdidir

Rusiya PUA-larının Polşanın hava məkanına daxil olması ilə əlaqədar 10 voyevodalıqda ərazi müdafiəsi üçün ehtiyat qüvvələrinin sürətləndirilmiş çağırışı elan edilib.

Bu barədə Polşa KİV məlumat yayıb.

Ölkənin bəzi vilayətlərində ehtiyatda olan hərbçilərdən 6-12 saat ərzində aidiyyəti qurumlara müraciət etmələri tələb olunub.

Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Rusiya hazırda isterik vəziyyətdədir:

"Kreml Ukrayna savaşından qalib çıxmaq variantını tapmaqda çətinlik çəkir. Həm Ukrayna, həm də NATO üzvü olan Avropa ölkələri Rusiyanın faktiki kapitulyasiya aktı xarakteri daşıyan şərtlərini qəbul etmir.

Üstəlik, ABŞ-da Putinin Trampı iki dəfə aldatmasından sonra Vaşinqton nəhayət Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq etmək qərarına gəlib. Bu isə Kreml üçün yeni çıxılmaz vəziyyət yaradıb. Çünki əgər Trampın dövründə tətbiq olunmamış sərt sanksiyalar indi qüvvəyə minərsə, Rusiya iqtisadiyyatının çökmə ehtimalı 60 faizə qədər yüksələcək.

Bundan başqa, ABŞ-ın maliyyə dəstəyi ilə Ukrayna hücum silahları əldə edəcək. Bu isə Kremlin ciddi hərbi risklə üzləşməsi deməkdir. Çünki həmin silahlarla Kiyev müharibəni Rusiya ərazisinə keçirmək imkanına malik olacaq. Bütün bunları nəzərə alan Putin daha radikal addımlarla Ukraynanı dəstəkləyən dövlətlər arasında qorxu və panika yaratmağa çalışır.

Əsas istək - dünyanı şantaj edərək ABŞ-ı sanksiyalardan çəkindirmək, Avropa dövlətlərini isə Ukraynaya dəstəkdən yayındırmaqdır. Məhz bu kontekstdə Polşaya yönələn zərbə Kremlin isterik davranışının nəticəsi, Qərbi qorxu altında saxlama cəhdidir. Bütün bunların əsas məqsədi Moskvanın Kiyevi şərtlərini qəbul etmək məcburiyyətində buraxmasıdır. Lakin bu addım həm Rusiya, həm də bütün dünya üçün son dərəcə təhlükəli nəticələr doğura bilər. Çünki Polşa NATO üzvüdür və ona qarşı hərbi zərbə bu təşkilata qarşı zərbə sayılır".

Analitik əlavə edib ki, NATO-nun nizamnaməsinin 5-ci maddəsi işə düşəcəyi halda, bütün alyans Polşanı müdafiə etmək üçün Rusiya ilə birbaşa müharibəyə cəlb oluna bilər:

"Bu isə NATO-Rusiya müharibəsi deməkdir. Kremldə yaxşı bilirlər ki, belə bir müharibədə Rusiyanın qalib gəlməsi mümkün deyil. Bu halda Moskvanın yeganə çıxış yolu nüvə silahına əl atmaq olacaq. Yəni NATO qarşısında məğlubiyyət qaçılmaz olarsa, Rusiya nüvə silahından istifadəyə məcbur qaldığını elan edə bilər. Bu isə bütün dünya üçün fəlakət ssenarisi deməkdir. Nəticə etibarilə, Rusiya hazırda bütün dünyanın gələcək taleyi ilə oynayır. Kreml normal düşüncə qabiliyyətindən uzaqlaşaraq isterik qərarlar qəbul edir. Bu qərarlar isə əsasən Qərbi şantaj etməyə və xof yaratmağa yönəlib. Lakin bu siyasətin nə dərəcədə effektiv olub-olmayacağı yaxın zamanda daha aydın görünəcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
sherg.az

2Sources