EN

Rusiya miqrantları deportasiyaya başlayır, 10 minlərlə azərbaycanlı... - VƏKİLDƏN XƏBƏRDARLIQ

Ramil Süleymanov: “Bu halda ölkəyə yenidən daxil olmaları qəti şəkildə qadağan olunacaq...”

Rusiyada olmaq üçün hüquqi əsaslarını itirmiş xarici vətəndaşlar bu gün ərzində ölkədəki hüquqi statuslarını sərbəst şəkildə tənzimləyə bilərlər. Rusiya mediasının yaydığı xəbərə görə, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyindən verilib.

Bildirilir ki, 11 sentyabrdan başlayaraq bu, tətbiq olunmayacaq və qeyri-leqal miqrantlar ölkədən deportasiya ediləcəklər. O da qeyd edilir ki, bu qaydalar yaşayış icazəsi almaq imkanı olan Ukrayna vətəndaşlarına da aiddir.

Sentyabrın 11-dən etibarən qeyri-leqal miqrantlara nikah və ya boşanma üçün ərizə vermək qadağan ediləcək, onlar övladlarını bağça və ya təhsil müəssisələrinə yazdıra, nəqliyyat vasitəsini idarə edə və zəruri olan digər xidmətlərdən yararlana bilməyəcəklər.

RAMİLLL.jpg

Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a şərh verib:

“Ümumiyyətlə, Rusiya kimi ölkədən, öz vətəndaşlarına belə hörmət göstərməyən bir dövlətdən hansısa miqranta və ya sənədsiz yaşayan bir şəxsə qarşı düzgün davranış gözləmək, məncə, sadəlövhlükdür. Hazırda Rusiyanın miqrantlara bir gün vaxt verməsi yalnız o halda mümkündür ki, xidmət göstərən məmurlar ya tam şəkildə elektron sistemlə əvəz edilsin və bu sistem tam işlək olsun, ya da miqrantların sayına mütənasib olaraq kifayət qədər məmur xidməti təmin edilsin. Qəbul olunan qərarlar, əlbəttə, legitim məqsəd daşıya bilər. Amma burada əsas məsələ ədalətli balansın qorunmasıdır.

Təəssüf ki, indiki halda Rusiyanın addımlarında bu balansın təmin olunduğunu görmürük. Əksinə, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara, özbəklərə və digər miqrantlara qarşı davranışları dövlətin hansı niyyət daşıdığını açıq şəkildə göstərir.

Hesab edirəm ki, sentyabrın 11-dən Rusiyada qeyri-leqal yaşayan şəxslərə sənədləşmənin həyata keçirilməsi yalnız qısa müddətdə həyata keçiriləcək. Ona görə də Azərbaycan vətəndaşları səhər tezdən müvafiq qurumların qarşısında növbəyə dayanaraq qeydiyyatlarını aparmalı, lazımi sənədləri əldə etməlidirlər. Əks təqdirdə, onlar tez bir zamanda Rusiyadan çıxarılacaq və ölkəyə yenidən daxil olmaları qəti şəkildə qadağan olunacaq”.

Vəkil əlavə edib ki, Rusiyadan geri göndərilən vətəndaşlarımız isə Azərbaycana qayıtdıqdan sonra artıq burada işçi qüvvəsi kimi fəaliyyət göstərməlidirlər:

“Bunun üçün Azərbaycan hökuməti onların işləməsi üçün əlverişli şərait yaratmalı, müxtəlif variantlar və planlarla bu prosesi dəstəkləməlidir”.

Ümumiyyətlə, son bir ildə Rusiyada miqrantlara qarşı tətbiq olunan tədbirlər və qərarlar kəskin şəkildə sərtləşib. Fevral ayından etibarən qeyri-qanuni yaşayan miqrantların məhkəmə qərarı olmadan polis tərəfindən ölkədən çıxarılması mümkün olub. Həmçinin, “nəzarətdə olan şəxslər” siyahısına daxil edilən əcnəbilər üçün bir sıra ciddi məhdudiyyətlər tətbiq edilib. Onlar əmlak sahibi ola, avtomobil ala, bank hesabı aça, kredit götürə, evlənə və sərbəst şəkildə hərəkət edə bilməzlər.

Mart ayında miqrantların həyatına daha dərindən müdaxilə edən tədbirlər qüvvəyə minib. Polis əməkdaşlarına məhkəmə icazəsi olmadan miqrantların yaşadıqları evlərə daxil olmaq, onların telefon danışıqlarını və geolokasiya məlumatlarını izləmək, həmçinin bank hesablarına və digər şəxsi məlumatlara çıxış hüququ verilib. Bu nəzarət yalnız miqrantların özlərinə deyil, onlara dəstək göstərən şəxslərə və təşkilatlara da şamil olunub.

Aprel ayından başlayaraq əcnəbi vətəndaşlar üçün əlavə məhdudiyyətlər tətbiq edilib. Miqrant uşaqların məktəbə qəbulu üçün rus dili biliyi şərt qoyulub.

Əcnəbi sürücülük vəsiqələri artıq bir ildən çox Rusiyada yaşayan şəxslər üçün keçərli sayılmır və bu şəxslər imtahan verərək Rusiya vəsiqəsi almalıdır. Əcnəbilərə verilən SIM kartların sayı məhdudlaşdırılıb – maksimum 10 kartla məhdudlaşdırılıb. Bundan əlavə, bütün miqrantların 30 aprelə qədər hüquqi statuslarını tənzimləməsi tələb olunub, əks halda “nəzarətdə olan şəxslər” siyahısına salınmaları və deportasiya olunmaları riski ilə üzləşiblər.

2024-cü ilin yekunlarına əsasən, miqrantların deportasiya sayı 80 000-i keçib. Bu rəqəm əvvəlki illə müqayisədə iki dəfədən çox artım deməkdir. Bu da Rusiyanın miqrasiya siyasətində sərtləşmənin sistematik və genişmiqyaslı şəkildə həyata keçirildiyini göstərir.

Sentyabr ayında isə Moskva və ətraf bölgələrdə yeni bir pilot layihə – geolokasiya izləmə sistemi tətbiq olunmağa başlayır. Bu sistem çərçivəsində miqrantlar xüsusi mobil tətbiq vasitəsilə hərəkətlərini daim qeyd etməli və yaşayış ünvanlarındakı dəyişiklikləri üç gün ərzində bildirməlidirlər. Bu qaydalara əməl etməyən şəxslər yenə də nəzarət altına alına və deportasiya oluna bilər.

Bəzi regionlarda isə yerli səviyyədə əlavə məhdudiyyətlər tətbiq edilib. Məsələn, Tver vilayətində miqrantların işləyə bilmədiyi sektorların sayı 36-dan 82-yə qədər artırılıb. Bəzi hallarda isə, məsələn, Vologda bölgəsində tətbiq olunan tikinti sahəsində işləmə qadağası iri şirkətlərin təzyiqi ilə ləğv olunub. Eyni zamanda, Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində miqrant işçilərin ailə üzvlərini Rusiya ərazisinə gətirməsi yasaqlanır. 2025-ci ilin payızından etibarən miqrantlardan müxtəlif sənədləşmə və hüquqi prosedurlar üçün əlavə ödənişlər alınması da planlaşdırılır. Məsələn, qeydiyyat üçün 500 rubl, onun uzadılması üçün 1,000 rubl, iş icazəsi və patentlər üçün isə 4,200 rubl ödəniş tələb oluna bilər.

Afaq MİRAYİQ,
Musavat.com

Chosen
84
musavat.com

1Sources