EN

Azərbaycandakı bəzi dəbdəbəli klinikalar yatırılan investisiyanı 100 il sonra da çıxarmayacaq (MÜSAHİBƏ)

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda özəl tibb sektoruna investisiya qoymaq istəyən sahibkarlar var.  Lakin özəl klinika biznesinə daxil olmaq istəyən sahibkarlar bəzən xəyal etdiklərindən qat-qat böyük büdcələrlə üz-üzə qalırlar. Avadanlıq təminatından tutmuş personal xərclərinə, binanın layihələndirilməsindən tutmuş normativ sənədlərin alınmasına qədər bir çox istiqamətdə tələb olunan xərclər, bu sahəyə sərmayə qoymağın ciddi hazırlıq və güclü maliyyə dayanıqlığı tələb etdiyini göstərir.

Azərbaycanda özəl tibb biznesi qurmaq üçün nə qədər maliyyə lazımdır?

Valyuta.az özəl tibb biznesinin qurulması üçün tələb olunan maliyyə və bu sahədə uğur üçün vacib olan şərtlər barədə "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin sədri, SAF Tv-nin rəhbəri Azər Xudiyev ilə danışıb.

- Azər bəy, Azərbaycanda klinika açmaq istəyən bir sahibkar ilkin olaraq hansı addımları atmalıdır?

- Klinika açmaq istəyən sahibkarların ilk növbədə ölkə qanunvericiliyinin tələblərini nəzərə alması vacibdir. Məsələn, tibbi məhsulların və avadanlıqların alınması zamanı hansı dövlət instansiyalarına müraciət olunmalı olduğu və bu proses üçün tələb olunan sənədlərin düzgün şəkildə hazırlanması əsas şərtlərdəndir. İcarəyə götürüləcək və ya sahiblik ediləcək obyektin standartlara uyğunluğu təkcə maliyyə təminatı ilə məhdudlaşmır. Bu mərhələdə bazarın təhlili aparılmalı, məqsədyönlü marketinq strategiyası hazırlanmalı, idarəetmə sistemi qurulmalı və maliyyə planlaşdırması daqiq şəkildə həyata keçirilməlidir.

Bundan əlavə, klinikada fəaliyyət göstərəcək həkim və digər mütəxəssislərin əvvəlcədən seçilməsi, işçi heyətinin formalaşdırılması vacibdir. Klinik biznesin uğurlu inkişafı üçün ən azı üçillik dövrlərə bölünmüş fəaliyyət planının mövcudluğu da mühüm amillərdən biridir.

- İnstansiyalara müraciət dediniz. Hansı icazələr və sənədlər tələb olunur?

- Azərbaycanda müəyyən fəaliyyət növləri ilə məşğul olmaq istəyən sahibkarlar bir sıra dövlət qurumlarından rəy və icazə almalıdırlar. Özəl tibb sektorunda lisenziyalaşdırılmış xidmət göstərmək üçün əsas lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilsə də, bu lisenziya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin tövsiyələri və nəzarəti əsasında təqdim olunur. Bəzi hallarda isə Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi tələb olunur - xüsusilə müəyyən tibbi xidmət növləri bu qurumun tənzimləmə sahəsinə daxildir. Eyni zamanda, klinikanın yerləşəcəyi obyektin təhlükəsizlik standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Bu baxımdan, Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi ilə bağlı müəyyən etdiyi tələblərə əməl olunmalı, xüsusi avadanlıqların quraşdırılması, siqnalizasiya və müşahidə sistemləri təmin edilməlidir. Bundan əlavə, bəzən birbaşa icazə tələb olunmayan, lakin dolayı şəkildə təsdiqi zəruri olan digər ikinci dərəcəli instansiyaların da mövqeyi nəzərə alınmalıdır.

- Deyilənlərə əsasən, belə görürəm ki, klinikanın qeydiyyat və açılışı uzun prosesdir.

- Klinikanın rəsmi açılış prosesi əsasən sənədlərin düzgün hazırlanması və normativ tələblərin vaxtında yerinə yetirilməsindən asılıdır. Ən çox rast gəlinən problemlər sənədlərdəki uyğunsuzluqlar və obyektin texniki göstəricilərindəki çatışmazlıqlardır ki, bu da prosesin ləngiməsinə səbəb olur. Məsələn, obyektin planlaşdırılması zamanı otaqların sahəsi, tavan hündürlüyü, havalandırma sistemi, yanğın təhlükəsizliyi və sanitar normalara uyğunluğu ciddi şəkildə yoxlanılır. Bu tələblərə əməl olunmaması klinikanın açılışını xeyli gecikdirə bilər. Əlavə olaraq, tibbi müəssisələrin yalnız qeyri-yaşayış təyinatlı binalarda fəaliyyət göstərə bilməsi qanunla müəyyən olunub. İnfrastrukturun düzgün qurulması, xidmət otaqlarının standartlara uyğun olması və təhlükəsizlik sistemlərinin quraşdırılması açılış üçün əsas şərtlərdən biridir.

Sahibkarlara tövsiyə olunur ki, açılış mərhələsinə keçməzdən əvvəl peşəkar ekspertlərdən texniki və hüquqi uyğunluqla bağlı rəy alsınlar. Əks halda, prosesin gecikməsi, lisenziyanın məhdudlaşdırılması və investisiya itkiləri riski artmış olur.

"Klinikalara edilən investisiyalar, bəzən "bataqlıq" effekti yaradır - nə qədər vəsait yatırılırsa, ehtiyaclar və xərclər də bir o qədər artır"

- Ümumilikdə, Azərbaycanda klinika biznesinə başlamaq üçün orta hesabla nə qədər maliyyə tələb olunur?

- Klinikalara edilən investisiyalar, xüsusilə böyük miqyaslı layihələrdə, bəzən "bataqlıq" effekti yaradır - nə qədər vəsait yatırılırsa, ehtiyaclar və xərclər də bir o qədər artır. Elə özəl sektorun bəzi dəbdəbəli klinikaları var ki, onların bugünkü sərmayəsi hətta 100 ildən sonra belə tam geri qaytarılmaya bilər. Bu tip müəssisələrə yatırılan vəsaitlərin həcmi inanılmaz dərəcədə yüksəkdir və gəlirlilik perspektivi uzunmüddətli risklərlə müşayiət olunur.

Azərbaycanda klinika açmaq üçün tələb olunan investisiyanın həcmi bir sıra amillərdən - obyektin yerləşdiyi ərazi, sahəsi, tibbi avadanlıqların səviyyəsi və göstəriləcək xidmətlərin çeşidindən asılı olaraq dəyişir. Kiçik həcmli şəxsi kabinetlər 500-2000 manat arası aylıq icarə ilə fəaliyyətə başlaya bilər. Lakin 30-40 min kvadratmetrlik sahəsi olan və yüksək səviyyəli avadanlıqlarla təchiz edilmiş iri özəl klinika qurmaq üçün lazım olan məbləğ 100 milyon manata qədər yüksəlir.

Beləliklə, investisiya məbləğini müəyyən etməzdən əvvəl sahibkarlar həm xidmət həcmini, həm də bazardakı rəqabət mühitini real qiymətləndirməlidirlər.

- İlkin mərhələdə hansı tibbi avadanlıqlar vacibdir və onların orta dəyəri nə qədərdir?

- Klinika fəaliyyətinə başlamaq üçün minimum texniki təminat, göstəriləcək xidmətin növündən və həkimin ixtisasından asılı olaraq dəyişir. Məsələn, bir terapevtin şəxsi kabineti əsasında lisenziyalaşdırılmış tibb xidməti yaratmaq üçün ilkin mərhələdə tonometr və fonendoskop kimi sadə, lakin əsas tibbi avadanlıqlar kifayət edə bilər. Digər tərəfdən, böyük həcmli özəl xəstəxanalarda avadanlıq və təchizat tələbləri çox daha yüksəkdir. Azərbaycanda fəaliyyət göstərən bəzi iri tibb müəssisələrinin maddi-texniki bazasının dəyəri 100 milyon manata qədər çata bilər. Bu vəsaitə təkcə avadanlıqlar deyil, həm də gündəlik istifadədə olan sərfiyyat materialları və digər məsrəflər daxildir. Bu səbəbdən, klinikanın miqyasına uyğun avadanlıq seçimi və maliyyə planlaması ilkin mərhələdə əsas prioritetlərdən biri olmalıdır.

- Klinika biznesi üçün hansı profildə insanlar daha uyğundur və hansı bacarıqlar tələb olunur?

- Azərbaycanda tibbi sahədə biznes qurmaq üçün təkcə peşəkar tibbi bilik deyil, eyni zamanda güclü idarəçilik bacarıqları da vacibdir. Bu sahədə uğur əldə etmək üçün tibbi xidmətin xüsusiyyətlərini dərindən bilən, pasiyentlərlə effektiv ünsiyyət qura bilən və sahənin spesifik tələblərinə bələd olan şəxslərin rolu böyükdür. Bununla yanaşı, tibbi xidmət sadəcə müalicə prosesindən ibarət deyil. İdarəetmə, maliyyə planlaşdırması, marketinq və hüquqi mexanizmlər bu biznesin ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən, həkim olmayan sahibkarlar da klinika biznesinə daxil ola bilərlər. Lakin onlar tibbi qərar proseslərinə müdaxilə etməməli, peşəkar həkimlərin səlahiyyətlərinə hörmətlə yanaşmalıdırlar.

Klinikanın uğurlu fəaliyyəti üçün həkimlər, maliyyə mütəxəssisləri, hüquqşünaslar və idarəçilərdən ibarət peşəkar komanda formalaşdırmaq zəruridir. Belə yanaşma həm göstərilən xidmətlərin keyfiyyətini artırır, həm də biznesin uzunmüddətli davamlılığını təmin edir.

"Bəlli və doymuş bazarlarda rəqabət güclü, imkanlar isə məhdud olur"

- Biznes üçün yer seçimi də önəmlidir. Klinika üçün yer seçərkən ən vacib meyarlar nələrdir?

- Klinika açmaq istəyən sahibkarlar üçün yer seçimi biznesin uğurunda həlledici rol oynayır. Ən vacib meyarlardan biri seçilən ərazidə əhalinin sıxlığı və tibbi xidmətə olan real tələbatdır. Əgər bazar düzgün analiz olunmazsa və potensial səhv qiymətləndirilərsə, investisiyanın geri dönüşü ciddi risk altına düşə bilər. Tez-tez rast gəlinən səhvlərdən biri də eyni zonada artıq kifayət qədər tibbi müəssisə olan ərazilərdə yeni klinikalar açmağa cəhd edilməsidir. Halbuki uğurlu strategiya, daha az diqqət yetirilən, tibbi xidmətin çatışmadığı ərazilərə yönəlməkdən keçir. Bəlli və doymuş bazarlarda rəqabət güclü, imkanlar isə məhdud olur. Əksinə, az qiymətləndirilmiş yerlərdə risklər qədər imkanlar da böyük ola bilər. Bundan əlavə, investisiyanın həcmi, seçilən məkanın infrastruktur imkanları, əhalinin ödəmə qabiliyyəti və davamlı maliyyə axınları da nəzərə alınmalıdır. Klinikanın yerləşəcəyi yer həm tibbi xidmətin əlçatanlığını təmin etməli, həm də uzunmüddətli maliyyə dayanıqlığına zəmanət verməlidir.

Lakin Azərbaycanda özəl səhiyyə sektorunda klinika açmaq bir sıra çətinliklərlə müşayiət olunur. Qanunvericilikdə mövcud olan boşluqlar və sui-istifadə halları sahibkarların fəaliyyətini çətinləşdirir. Hüquqi çərçivə baxımından qanunlar kifayət qədər spesifik olsa da, onların tətbiqindəki problemlər və qeyri-şəffaf mexanizmlər özəl sektorun inkişafını ləngidir. Digər bir maneə isə dövlətin səhiyyə sisteminə yönəlmiş siyasətidir. Vətəndaşların əsasən dövlət xəstəxanalarına istiqamətləndirilməsi və icbari tibbi sığortanın əsasən həmin müəssisələr üzərindən həyata keçirilməsi özəl klinikaların bazarda pay qazanmasını çətinləşdirir. Bu səbəbdən, xüsusilə iri şəhərlərdə yeni filialların açılması getdikcə daha riskli və çətin prosesə çevrilir.

Nəticə olaraq, yeni özəl tibb müəssisələri daha çox dövlət sektorunun zəif fəaliyyət göstərdiyi rayonlara və ya ixtisaslaşmış tibbi xidmətlərin az olduğu sahələrə yönəlməlidir. Hazırkı dövlət tibb idarəçiliyi, əslində, özəl sektorun inkişafına əngəl yaradan bir siyasətə çevrilib.

- Bu sahədə ən çox gəlir gətirən xidmət sahələri hansılardır?

- Özəl tibb sektorunda real gəlir gətirən əsas sahə diaqnostik laboratoriya müayinələridir. Ambulator həkim xidməti nisbətən az məsrəfli olsa da, stasionar xidmət, yəni pasiyentlərin uzunmüddətli yatışı və müalicəsi daha çox maliyyə və texniki resurs tələb edir. Ümumilikdə, klinikalar üçün optimal gəlir strategiyası laborator müayinələr, ambulator xidmətlər və müəyyən ixtisaslaşmış tibbi prosedurların balanslı şəkildə təqdim olunmasından ibarət olmalıdır. Əməliyyatxanaya və stasionar şöbəyə malik klinikalar isə daha yüksək xərclərlə müşayiət olunduğundan, gəlirlilik baxımından hər zaman üstün olmaya bilər.

- Klinikada hansı şöbələr mütləq olmalıdır? Və hansı şöbələr olmaya da bilər? 

- Klinikaların gəlirlilik baxımından əsas sütunlarını funksional diaqnostika, radioloji xidmətlər (rentgen, USM, KT, MRT və s.) və genetik analizlər təqdim edən laboratoriyalar təşkil edir. Bu sahələr həm tələb, həm də texnoloji imkanlara görə yüksək gəlir potensialına malikdir. Lakin klinikanın xidmət spektri bununla məhdudlaşmamalıdır. Cərrahi profillərin geniş şəkildə təmsil olunması, eyni zamanda terapevtik xidmət göstərən həkimlərin bütün ixtisas sahələrini əhatə etməsi, müəssisənin funksionallığını artırır və daha geniş pasiyent bazasına xidmət göstərmək imkanı yaradır.

- Klinikanın ilkin fəaliyyət dövründə neçə nəfərlik heyət tələb olunur və əsas vəzifələr hansı sahələri əhatə edir?

- Biz sahibkar olaraq bəzən xoşlayırıq ki, resepsion, menecer, mühasib, hətta xadimə işlərini belə öz üzərimizə götürək. Bu yanaşma qısa müddətdə qənaət təsiri yaratsa da, uzunmüddətli perspektivdə səmərəsizdir. Uğurlu idarəetmə üçün insan resurslarının düzgün bölüşdürülməsi vacibdir. Rəhbər şəxs daha strateji və faydalı işlərlə məşğul olmalıdır ki, klinikanın inkişafına real töhfə verə bilsin.

Klinikanın fəaliyyət miqyasından asılı olaraq, heyətin tərkibi də genişlənməlidir. Həkimlərə yardımçı tibbi personal, resepsion, xəzinədar, xidmətlərə nəzarət edən əməkdaş, müştəri məmnuniyyətini izləyən personal və sığorta ilə məşğul olan komanda ayrıca formalaşdırılmalıdır. Həmçinin, sterilizasiya prosesini bilən, sertifikatlı işçilər və reanimasiya üçün ixtisaslaşmış tibb bacıları da klinikanın peşəkar heyətində yer almalıdır.

"Özəl tibb sektorunun gözü xəstənin cibində deyil"

- Özəl klinikalardakı qiymətlər insanlar üçün baha təəssüratı yaradır. Bu bizneslə məşğul olanlar bəs nə qədər gəlir qazanırlar?

- Özəl tibb sektorunun əsas fəaliyyəti xidmət göstərməkdir. Nə qədər çox xidmət satılarsa, gəlirlilik də bir o qədər artır. Lakin gəlir əldə etmək niyyəti digər vacib dəyərlərin, xüsusilə də insan sağlamlığı və etik prinsiplərin önünə keçməməlidir. Cəmiyyətdə formalaşmış fikir ondan ibarətdir ki, guya "özəl tibb sektorunun gözü xəstənin cibindədir". Amma bu yanaşma reallığı tam əks etdirmir. Hazırda bazar şərtləri və qiymət artımları nəticəsində özəl klinikalar xidmət tariflərini müəyyənləşdirib. Bu tariflər "İcbari Tibbi Sığorta" çərçivəsində müəyyən olunan qiymətlərə yaxın səviyyədədir.

Özəl tibb müəssisələrində bahalı tibbi cihazlar, laborator və cərrahiyə avadanlıqları istifadə olunur ki, onların bugünkü bazar dəyəri kifayət qədər yüksəkdir. Lakin buna baxmayaraq, klinikalar hələ də nisbətən aşağı qiymətlərlə xidmət göstərməyə çalışırlar. Bu da onların maliyyə vəziyyətinə ciddi təsir edir. Hazırda bir çox özəl tibb müəssisələrinin ümumi mənfəəti 10% ətrafında dəyişir. Digər tərəfdən, xəstələrin əksəriyyəti xidmətin keyfiyyətindən çox, qiymətlə maraqlanır. Dövlət tibb müəssisələrində də bəzi xidmətlərin ödənişli olması bu tendensiyanı daha da gücləndirib. Əlbəttə, özəl tibb sektoru hər zaman gəlir əldə etmir. Bu sahədə zaman-zaman zərər halları da müşahidə olunur.

- Azər bəy dediniz ki, özəl tibb sektorunda zərər hallarıda olur. Məsələn klinikaların maliyyə itkiləri nədən ibarət olur? 

- Özəl tibb sektorunda fəaliyyət göstərən sahibkarların ortalama gəlirlilik faizləri 10%-dən 20%-ə qədər dəyişə bilər. İlin sonuna qədər bu gəlirlilik göstəricisinə çatmaq mümkündür. Lakin ayın və ya günün sonunda əldə olunan gəlir və xərcləri əsas götürərək nəticə çıxarmaq doğru yanaşma sayılmır. Sahibkarların bəzən nəzərə almadığı, lakin vacib olan bir çox amil var. Məsələn, cihazların amortizasiyası və aşınması, binanın və avadanlıqların köhnəlməsi mütləq şəkildə ümumi xərclərə daxil edilməlidir. Bu amillər nəzərə alınmadıqda real mənfəət düzgün hesablanmır. Bəzi hallarda vətəndaşların şikayətləri nəticəsində məhkəmə qərarı ilə həkimlərə və ya klinikalara təzminat ödənilməsi tələb olunur. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, xəstə xidmətində məsuliyyətsizlik hallarında həm həkimlər, həm də klinikalar müəyyən cərimələrlə üzləşə bilərlər. Bu cərimələr artıq konkret rəqəmlərlə müəyyən olunub və məsuliyyətsizliyə yol verənlər tərəfindən ödənilməlidir.

Bundan əlavə, vergi yükü də diqqətə alınmalıdır. Çox zaman sahibkarlar dövrün sonu üçün yalnız daxilolmaları və xərcləri əsas götürürlər, lakin bu yanaşma tam mənzərəni əks etdirmir. Peşəkar maliyyəçilərin analiz və tövsiyələri gəlirlilik barədə daha dəqiq təsəvvür formalaşdırmaq üçün vacibdir. Bəzən sahibkar düşünür ki, gəlir əldə edir, amma əslində bu, sadəcə investisiya mərhələsidir və real qazanc yoxdur. Bu halda investisiyanın vaxtında dayandırılması daha məqsədəuyğun ola bilər. Belə hallarda prosesdən vaxtında çıxmağı tövsiyə edirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
qaynarinfo.az

1Sources