EN

Polşa üzərində gərginlik: Dron hücumu NATO üçün sınaq meydanına çevrilir

Polşanın hava məkanının pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulması ölkə daxilində və NATO müttəfiqləri arasında ciddi rezonans doğurub. Prezident Karol Navrotski yaxın 48 saat ərzində Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu hadisə təkcə Polşa üçün deyil, həm də NATO tarixində presedenti olmayan bir məqamdır. Baş Qərargah rəisi, general Veslav Kukula yaxın günlərdə hücumla bağlı ətraflı hesabat təqdim edəcək. Bu hesabatın nəticələri həm Polşanın daxili təhlükəsizlik siyasətinə, həm də alyansın kollektiv mövqeyinə birbaşa təsir göstərə bilər.

Çərşənbə gecəsi qeydə alınan hücum zamanı Polşa hava məkanına çoxsaylı dronların daxil olduğu bildirilib. Ordunun məlumatına görə, bəzi PUA-lar zərərsizləşdirilsə də, onlardan biri Lyublin vilayətində yaşayış evinə düşüb. İnsan tələfatı qeydə alınmasa da, cəmiyyət arasında narahatlıq yüksəlib. Baş nazir Donald Tusk dronların Rusiyaya məxsus olduğunu bəyan edib və məsələ ilə bağlı NATO-nun baş katibi Mark Rutteni məlumatlandırıb. Onun sözlərinə görə, bu hücum “çox böyük miqyaslı” olub və NATO-nun birgə reaksiya verməsini zəruri edir.

Milli Təhlükəsizlik Bürosunda keçirilən təcili toplantıda hava hücumundan müdafiənin gücləndirilməsi və alyansla daha sıx əməkdaşlıq imkanları müzakirə olunub. Burada əsas diqqət Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinin işə salınmasına yönəlib. 4-cü maddə alyans üzvlərinə təhlükə qarşısında məsləhətləşmələr aparmaq hüququ verir. Bu, birbaşa hərbi cavab demək olmasa da, NATO-nun siyasi həmrəyliyini nümayiş etdirməsi baxımından mühüm mexanizmdir. Əgər Polşa bu proseduru rəsmən başladarsa, Moskva üçün açıq mesaj olacaq: hücum yalnız Varşavaya qarşı deyil, bütün alyansa qarşı qiymətləndirilir.

Siyasi analitiklərin sözlərinə görə, bu hadisə NATO-nun şərq cinahında yeni bir təhlükəsizlik dilemmasını gündəmə gətirir. Ekspertlər bildirirlər ki, əgər alyans bu insidenti yalnız diplomatik bəyanatlarla məhdudlaşdırsa, Moskva bunu zəiflik kimi qəbul edə bilər. Lakin hərbi addım da risklidir, çünki birbaşa eskalasiyaya yol aça bilər. Belə bir fikir də irəli sürülür ki, bu hadisədən sonra əsas prioritet hava hücumundan müdafiənin gücləndirilməsi olmalıdır. Polşa və Baltikyanı ölkələr daha çox ‘Patriot’ sistemləri ilə təmin edilməlidir. Bu, həm regionun təhlükəsizliyini artırar, həm də Kremlə güclü siqnal göndərər.

Qərb mütəxəssislər əmindirlər ki, Polşada baş verən son hadisə NATO üçün ciddi sınaq rolunu oynayır. Bu, alyansın şərq cinahında yerləşən üzvlərinin müdafiəsinə nə dərəcədə hazır olduğunu göstərəcək. Dron hücumu həm də yeni hibrid təhdidlərin miqyasını açıq şəkildə nümayiş etdirdi: artıq təhlükə yalnız cəbhədə deyil, mülki ərazilərdə də özünü göstərə bilər. Politoloqların sözlərinə görə, növbəti günlərdə Varşavanın və NATO-nun atacağı addımlar yalnız regionun təhlükəsizliyini deyil, bütövlükdə Avropada güc balansını müəyyənləşdirəcək.

Səbuhi MƏMMƏDOV

XQ

 

 

Chosen
10
1
xalqqazeti.az

2Sources