EN

Mütəxəssis: Uşaqlarda dişlərin gec çıxmasının bir neçə səbəbi ola bilər

Bakı, 10 sentyabr, AZƏRTAC

Uşaqlarda dişlərin gec çıxması bir neçə səbəblə izah oluna bilər. Bəzi hallarda daimi dişlər artıq hazırdır, ancaq süd dişlərinin kökləri hələ sorulmadığı üçün çıxa bilmir və damağın dərinliyində “gizlənir”.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayımda Azərbaycan Tibb Universitetinin həkim-stomatoloqu Güney Həsənova bildirib.

O deyib ki, uşaqlarda dişlərin gec çıxmasına hormon pozulmaları, xüsusilə hipotiroidizm səbəb ola bilər: “Bəzi genetik xəstəliklər, məsələn osteopetroz, uzunmüddətli dərman istifadəsi və ən əsası isə genetik faktorlar (irsi səbəblər) dişlərin çıxmasının gecikməsinə səbəb ola bilər. Valideynlərdən birinin dişləri gec çıxıbsa, uşaqda da bu halın olması normaldır”.

Güney Həsənova bildirib ki, bəzən dişin çənə sümüyünə yapışması və hərəkətsiz qalması (ankiloz) müşahidə olunur: “Həmin diş artıq çıxmır, yerində qalır və “batmış” kimi görünür. Ən çox çənənin süd azı dişlərində rast gəlinir. Əgər ankilozlu diş süd dişidirsə, o, dərhal çəkilməlidir”.

Mütəxəssis valideynlərə ən təhlükəsiz və dəqiq yol kimi vaxtaşırı panoramik rentgen çəkdirməyi məsləhət görüb: “Bu, bütün daimi dişlərin vəziyyətini izləməyə və problemə vaxtında müdaxilə etməyə imkan verir”.

 

Chosen
5
7
azertag.az

8Sources