NATO Baş katibi Rusiyaya məxsus bir neçə pilotsuz uçuş aparatının Polşa hava məkanında vurulmasından sonra Prezident Vladimir Putinə xəbərdarlıq edib.
Gundem.az xəbər verir ki, Brüsseldə jurnalistlərə açıqlama verən Baş katib Moskvanı sərt tənqid edib. Onun sözlərinə görə hücumun qəsdən olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılır. Rutte həmçinin bildirib ki, Hava Hücumundan Müdafiə sistemləri daim hazır vəziyyətdədir:
"Mesajım aydındır: Ukraynadakı müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın və bilin ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını qoruyacağıq".
Eyni zamanda, Polşa hökumətinin sözçüsü Adam Szlapka "Polsat" telekanalına açıqlamasında bildirib ki, hadisə ilə bağlı NATO-nun Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi tətbiq olunub.
Qeyd edək ki, 4-cü maddə tərəflərdən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid edildikdə, alyans üzvləri arasında məsləhətləşmələri nəzərdə tutur. 5-ci maddə isə bir NATO üzvünə hücumu bütün alyansa hücum kimi qəbul edir.