EN

Heydər Əliyev Fondu ilə Bambino Gesu xəstəxanası arasında memorandum imzalandı – FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Doğru.az xəbər verir ki, sənəd Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində imzalanıb. Sazişi Anar Ələkbərov və Bambino Gesu xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

Razılaşmaya əsasən, Avropanın ən böyük pediatrik tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, həmçinin Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur.

Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər üzrə elmi və klinik fəaliyyətlərin təşkili, eləcə də genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.

Qeyd edək ki, 1869-cu ildə əsası qoyulan Bambino Gesu xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzidir. Burada bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyası həyata keçirilir. Eyni zamanda, xəstəxana nadir xəstəliklər üzrə ən böyük qlobal məlumat bazası “Orphanet”in İtaliyadakı qərargahıdır.

DOĞRU.AZ

image-1757493937591361502_1200x630 image-17574939373235840307_1200x630 image-17574939376017926621_1200x630

Chosen
28
28
dogru.az

10Sources