EN

Turizm şirkətləri yalnız gəlir əldə etməyi düşünməməlidir — Deputatdan ÇAĞIRIŞ

“Dağüstü parkda bu gün şəhidlərin uyuduğu Xiyaban Azərbaycana rəsmi səfərə gələn xarici dövlət və hökumət başçılarının ziyarət etdikləri məkandır və bu artıq protokol qaydası sayılır. Təəssüf ki, ölkəmizə təşrif buyuran bəzi turistlər bu müqəddəs məkanda qeyri-etik hərəkət və davranışlara yol verirlər ki, bu da ictimaiyyətin haqlı narazılığına, hiddətinə səbəb olur. Son vaxtlar isə sanki bu hallar çoxalıb. Təbii olaraq, bu da ciddi narahatlıq doğurur”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. 

O bildirib ki, bu məsələdə xarici qonaqları ölkəmizə gətirən turizm şirkətlərinin və bələdçilərin üzərinə böyük məsuliyyət düşür:


“Ölkəmizə gələn hər bir xarici qonaq müxtəlif yerlərə baş çəkir, bölgələrə səyahət edir, eyni zamanda milli-mənəvi dəyərlərimizlə, tarixi və mədəniyyət abidələrimizlə tanış olmaq istəyirlər. Burada əsas iş onların turist bələdçiləri tərəfindən müvafiq şəkildə məlumatlandırılmasıdır ki, bu da çox vacibdir. Bu məsələyə yalnız biznes və kommersiya maraqları aspektindən yanaşılması heç də doğru deyil. Bir sözlə, turizm şirkətləri yalnız gəlir əldə etməyi düşünməməlidirlər. Onlar turistlərin düzgün məlumatlandırılması və təlimatlandırılmasının da işin mühüm bir tərkibi olduğunu bilməlidirlər. Turizmin inkişafı və kommersiya maraqları heç bir halda milli dəyərlərdən üstün olmamalıdır.

Təbii olaraq, Xiyabanın qapısını turistlərə tamamilə bağlaya bilmərik. Amma bələdçi olmadan turistlərin belə vacib və həssas məkana daxil olmaması üçün müəyyən qaydalar tətbiq olunmalıdır. Bu həm də milli-mənəvi dəyərlərin təbliğidir”.

Cavidan Mirzəzadə
Demokrat.az

Chosen
36
1
demokrat.az

2Sources