Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
O bildirib ki, bu məsələdə xarici qonaqları ölkəmizə gətirən turizm şirkətlərinin və bələdçilərin üzərinə böyük məsuliyyət düşür:

“Ölkəmizə gələn hər bir xarici qonaq müxtəlif yerlərə baş çəkir, bölgələrə səyahət edir, eyni zamanda milli-mənəvi dəyərlərimizlə, tarixi və mədəniyyət abidələrimizlə tanış olmaq istəyirlər. Burada əsas iş onların turist bələdçiləri tərəfindən müvafiq şəkildə məlumatlandırılmasıdır ki, bu da çox vacibdir. Bu məsələyə yalnız biznes və kommersiya maraqları aspektindən yanaşılması heç də doğru deyil. Bir sözlə, turizm şirkətləri yalnız gəlir əldə etməyi düşünməməlidirlər. Onlar turistlərin düzgün məlumatlandırılması və təlimatlandırılmasının da işin mühüm bir tərkibi olduğunu bilməlidirlər. Turizmin inkişafı və kommersiya maraqları heç bir halda milli dəyərlərdən üstün olmamalıdır.
Təbii olaraq, Xiyabanın qapısını turistlərə tamamilə bağlaya bilmərik. Amma bələdçi olmadan turistlərin belə vacib və həssas məkana daxil olmaması üçün müəyyən qaydalar tətbiq olunmalıdır. Bu həm də milli-mənəvi dəyərlərin təbliğidir”.
Cavidan Mirzəzadə
Demokrat.az