EN

Moskvalı soydaşımızın növbəti sənət hesabatı

Çağdaş mühacir ədəbiyyatımızın tanınmış yazarı, Moskvada yaşayan yazıçı-jurnalist Ulduz Qasım Vətəndə keçirdiyi yay istirahəti günlərində son dövrdə işıq üzü görmüş 3 yeni kitabını ictimaiyyət nümayəndələrinə təqdim edib.

Azərbaycan Mətbuat Şurasında keçirilən mərasimi giriş sözü ilə açan Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu bildirib ki, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin 1983-cü il məzunu Ulduz Qasım (İmanova) orta məktəb və tələbəlik illərindən mətbuatda müxtəlif janrlı yazılarla yanaşı, bədii nümunələrlə də çıxış edib. Azərbaycan Radiosunda əməkdaşlıq etdiyi dövrdə istedadlı jurnalist kimi tanınan müəllif ailə həyatı ilə bağlı Moskva şəhərində yaşadığı son 40 ildə özünü bədii yaradıcılığa həsr edib, çoxsaylı şeir və nəsr əsərləri yaradıb.

Aparıcı qeyd edib ki, Cəbrayıl rayonunun Arazqırağı Mərcanlı obasının Mehdili kəndində böyümüş Ulduz Qasımın yaradıcılığının böyük hissəsini Qarabağ münaqişəsi və müharibəsinin bədii-sənədli salnaməsinə çevrilən əsərlər təşkil edir. Ümumiyyətlə, onun yaradıcılığı bütünlüklə ölkəmiz və xalqımızla bağlıdır. Yazıçının ölkəmizdə və xaricdə çap edilmiş əsərlərində qanlı-qadalı çoxillik Qarabağ xronikası, Xocalı müsibəti, məcburi köçkünlərin, şəhid ailələrinin ağrı-acıları, xalqımızın qələbəyə olan sarsılmaz ümidi və zəfər yürüşü davamlı əksini tapıb, geniş auditoriyada əks-səda yaradıb.

Ulduz Qasımın yaradıcılığını ətraflı tədqiq və təbliğ edən “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əlirza Xələfli bildirib ki, yazıçının “Ağ göyərçinlər” romanı 44 günlükVətən müharibəsinin bədii müjdəsini verib. Onun “Qarabağda qiyamət” romanı isə böyük zəfərimizə həsr edilmiş ilk irihəcmli nəsr əsəridir. Soydaşımız bu dəfə oxucularla görüşə yeni 3 kitabı – “Qarabağda qiyamət” romanının davamı olan “Qarabağın cənnət çiçəkləri” əsəri, xalqımıza məxsus şəfqət və mərhəmət mövzusunda sənədli “Xanımlıq zirvəsinin “Böyükxanımı” və “Maral” romanının rus dilində nəşri ilə gəlib.

Təqdimata toplaşmış yazıçının tələbəlik dostları, tanınmış ziyalılar, oxucular, sosial şəbəkə çevrəsi Ulduz Qasımı yeni kitablarının nəşri münasibətilə təbrik ediblər, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Tanınmış şərqşünas, yazıçı-jurnalist, İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Jurnalistlər Assosiasiyasının prezidenti Fazil Güney, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri Elçin Mehrəliyev, “Mədəniyyət” jurnalının baş redaktoru Zöhrə Əliyeva, “Maral” romanının rus dilinə tərcüməçisi professor Flora Naci, “Ağ göyərçinlər” romanını ingilis dilinə çevirmiş yazıçı-publisist Kamran Nəzirli, “Qarabağda qiyamət” romanının qəhrəmanlarından Şuşa fatehi Fərid Ələkbərovun anası Şükufə Hüseynova,”Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədli, jurnalistlər Zərifə Bəşirqızı, Əntiqə Qonaq, Nəzirməmməd Zöhrablı və digər çıxış edənlər mühacir ədəbiyyatımızda Vətənin sevinc və kədərini yüksək bədiiliklə əks etdirən Ulduz Qasımın yaradıcı fədakarlığını yüksək dəyərləndiriblər, ədəbi tənqid və ədəbi qurumların onun əsərlərinə lazımi diqqət yetirmələrini arzu ediblər.

Sonda Ulduz Qasım “mühacir yazıçı” ifadəsini qeyd-şərtlə qəbul etdiyini, özünü bütünlüklə Vətən yazıçısı saydığını, ömrünün sonunadək Azərbaycan gerçəkliyini qələmə alacağını söyləyib, xoş sözlərə, yüksək diqqətə görə təşəkkürünü bildirib.

T.RÜSTƏMLİ
XQ

Chosen
10
1
xalqqazeti.az

2Sources