EN

Santuşu boş verin... - KÖŞƏ

Azərbaycan futbolu, onun yığma komandası da “Neftçi” kimi idarə olunur. Hər ikisində tez-tez baş məşqçi dəyişikliyi baş verir, hər ikisində pul-para, sponsor sarıdan problem yoxdu. Baş məşqçilərlə birlikdə geyim firmaları da dəyişir. Bir gün futbolçuları bu firmadan geyindirirlər, sabah başqa bir tanınmış markadan. Amma bütün bunlar öz yerində qalır, nəticələr isə dəyişmir. Məğlubiyyətlər sıralanır, tarixdə acı nəticələr qalır. Həm Azərbaycan millisində, həm də “Neftçi”də. Bu da səbəbsiz deyil. Çünki futbola yanaşma kökündən yanlışdı. Pulun gücüylə hər şeyi həll etməyi bacaracaqlarını düşünürlər. Bu isə mümkün olmur. Necə deyərlər, pul futbol oynamır.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev İslandiyaya 0:5 hesabıyla məğlub olduğumuz oyundan sonra Fernando Santuşa ilk ciddi hücumunu etmişdi. Heç inanmıram ki, Cahangir bəy özbaşına belə cəsarətli addım atsın, AFFA-nın portuqaliyalı çalışdırıcını yola salmaq niyyətini açıq və kəskin şəkildə bəyan etsin. Çox güman ki, islandlar qapımıza qolları vurduqca Fərəcullayev də AFFA rəsmiləri ilə mesajlaşır, jurnalistlər önünə necə çıxmaqla bağlı vacib məsləhətləşmələr aparırmış. Qərar verilib ki, Santuşa ilk ciddi həmlə elə jurnalistlərin vasitəsiylə edilsin, onu getmək lazım olduğu ilə bağlı ismarıc çatdırılsın. Söhbət konkret jurnalistlərə portuqaliyalı çalışdırıcıya hücum etməklə bağlı tapşırıq verilməsindən getmir. Amma mikrofonlar önünə keçən baş katib açıq dillə jurnalistləri ona istiqamətləndirirdi ki, gedib Santuşdan filan-filan şeyləri soruşun. Hələ o zaman mən başa düşdüm ki, AFFA-nın da, Santuşun da geriyə yolu yoxdu. Daha doğrusu, irəlidə onların bərabər addımlayacağı yol yoxdu, yollar ayrılmalıdı.

Santuş mətbuat konfransında ciddi müqavimət göstərdi. Ona işarə vurdu ki, getmək fikrində deyil, istefa verməyəcək. Daha doğrusu, təzminat almadan getmək fikri yoxdu. Onsuz da Santuş yaşının bu vaxtında Azərbaycana pul qazanmağa gəlmişdi. Həmin pulun müəyyən qisminə ötən bir il ərzində qazanmışdı. Qalanını da almadan getməyəcəkdi. Fərqi yoxdu - ya gününü burda keçirib, həmin məbləği hər ayın sonunda alacaqdı, ya da postundan qovulmasının əvəzinə təzminat kimi AFFA-dan qalan maaşını qoparacaqdı. Adam bunun üçün azərbaycanlı jurnalistlərin “iynəli” suallarını eşidib, qoca vaxtında tənə obyekti olmaqdan da çəkinmədi. Elə sonunda da onun dediyi oldu.

Heç də təsadüfi deyil ki, AFFA Santuşun istefaya göndərilməsi ilə bağlı məlumatı məhz Ukrayna ilə oyuna həsr olunan mətbuat konfransında açıqladı. Santuş son saniyəyə qədər israr edib, geriyə addım atmaq istəməyib. AFFA isə baş katibin diliylə səsləndirdiyi mövqeyindən geri çəkilmək istəməyəncə Santuşun istədiyi məbləği verib, portuqaliyalını qovmağa müyəssər olublar. İmkan vermək istəməyiblər ki, Santuş daha bir mətbuat konfransına Azərbaycan millisinin baş məşqçisi kimi çıxsın və hansısa örtülü mesajlar verərək, AFFA-nı şantaj etməyə başlasın. Onun hələ İslandiya ilə oyundan sonra dediyi “təkcə mən yox, hamı günahkardı” sözləri özlüyündə çox böyük cəsarətdən xəbər verirdi.

Santuş istədiyini alacaq. Bu məbləğin iki milyon avro civarında olduğu deyilir. Yəni ki, dörd milyon manata yaxın. Neçə belə milyonlar indiyə kimi havaya sovrulub, AFFA heç “uff” da deməyib. Bu da olsun o milyonların növbəti dalğası. Dərd orasıdı ki, bunun sonuncu olacağına inanmıram. AFFA futbola bu cür yanaşması, belə idarəçilik fəlsəfəsiylə heç də islah olunana bənzəmir. Bəli, Santuş qovuldu. Sonra nə olacaq? Adamlar zamanında Santuşun yanına normal təcrübəsi olan bir yerli mütəxəssisi köməkçi kimi qoymayıblar ki, indi böhran vəziyyətində həmin mütəxəssis millini Ukrayna ilə oyuna çıxarsın. Əlacsızlıqdan Ayxan Abbasovu U-21 yığmasından ayırıb, əsas komandaya gətirirlər. Abbasov bir günə milli komandaya nə öyrədəcək, neynəyəcək? Digər tərəfdən də 21 yaşlılar çətin vəziyyətdə buraxılır, Ayxan bəyin ordakı işi də yarımçıq qalır. Bu da bizim AFFA-nın dərin futbol fəlsəfəsi, müdrik idarəçilik sistemi.

Azərbaycan futbolu xirtdəyəcən problem içindədi. Onları Santuş özüylə gətirməmişdi. Santuş getdi, həmin problemlər bizimlə qaldı. Siz Santuşu boş verin, daha ciddi addımlar atılmalı, bacarıqsız adamlar futbolumuzdan uzaqlaşdırılmalıdı.

AMAL

Chosen
18
1
football-plus.az

2Sources