Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq.
19–21 sentyabr tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.
Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi
● M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət
● S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti
● Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti
● Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi
Çıxış nöqtələri:
● Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall
● İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti
● Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall
Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.
Xatırladaq ki, Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.
Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.