EN

Məktəbli paltarından imtina edib hicaba bürüyürlər - MÜZAKİRƏ

Yazını böyüt
Yazını kiçilt

Başörtülü, namaz qılan azyaşlı qızlar - Məcburiyyət, yoxsa inam toxumu?

Uşaqların dini tərbiyəsi hər bir ailənin öz inanclarına və dünyagörüşünə bağlıdır. Xüsusilə də müsəlman mühitində qız uşaqlarının erkən yaşlardan baş örtməsi və ya namaz qılması tez-tez rast gəlinən hallardandır.

Maraqlıdır, uşaq bu davranışların mənasını anlayırmı, yoxsa sadəcə böyüklərin diktəsinə uyğun hərəkət edir?

Hafta.az olaraq mövzunu dini və psixoloji tərəfdən müzakirə edəcəyik.

“Bu, din adı altında sırınan əsl dinsizlikdir”

Dinşünas Tural İrfan bildirdi ki, İslamda insanın mükəlləf yaşı həddi-buluğa çatandan sonradır. Yəni 13-14 yaşdan sonra, özünü müstəqil idarə edə bildikdən sonra ibadət kimi mükəlləf olduğu hökmlər vacib olur. Amma bir şərtlə ki, onda da məcburi olmasın.

T.İrfan hesab edir ki, ola bilsin uşaq həddi-buluğa çatandan sonra bu qaydalardan imtina etsin, yaxud sonraya saxlasın. Dinşünas xəbərdarlıq etdi ki, o zaman məcbur etmək, təhdid etmək əsla olmaz:

“Qurani-Kərimdə Allah-taala buyurur ki, dində məcburiyyət yoxdur. İmam Sadiq əleyhissəlam buyurur ki, din yalnız məhəbbət deməkdir. Valideynlər namaz, oruc, hicabdan qabaq dinin mahiyyətini, mənəvi, sosial yönlərini öyrətməlidirlər. Din haqda bilgilər verildikdən sonra artıq əməl etmək insanın öz ixtiyarındadır. Məcbur edilən ibadət batildir. Bəzi xarici təsirlərdə olan valideynlər uşaqlarını din adı altında cəmiyyətdən, məktəbdən təcrid edirlər. Erkən yaşda məktəbli paltarından imtina edib hicaba bürüyürlər. Dində belə əmr yoxdur. Bu, din adı altında sırınan əsl dinsizlikdir. Orta məktəb yaşında olan uşaqlar yalnız oxumağa, tərbiyə və təhsilə köklənməlidir. Təhsil vacibdir, din isə könüllüdür. 6-7 yaşlı qız uşaqlarını namaza, hicaba məcbur etmək, könüllü deyil, zorla ibadətə qatlaşdırmaq barədə dində əmr yoxdur. Uşaqlar sərbəst şəkildə təhsil almalı, orta məktəbi bitirdikdən sonra da dini inancını kamilləşdirməlidirlər”.

T.İrfan qeyd edib ki, əslində uşaqları ibadətə məcbur etmək yox, həvəsləndirmək və təşviq etmək var. Dinşünas vurğulayıb ki, inam və iman insan özü-özünü dərk etdikdən sonra formalaşır:

“6-7 yaşlı uşaqda kamil təfəkkür olmur. Demək onu kimsə təhrik edir. Özünün inandığı üçün deyil, kiminsə inandığı üçün edir nəyisə. Həddi-buluğa çatdıqdan sonra da özü sərbəst qərar verməlidir. Uşaqlar kiçik yaşlarında valideynlərindən nümunə götürməlidirlər. Əsas onların tərbiyəsidir. Tərbiyə qaydasında olduqda gələcəkdə inanc mövzusunda da öz seçimini doğru şəkildə edə biləcək. Qeyd etdiyim kimi, uşaqlar həddi-buluğa çatana qədər dini hökmlərdə mükəlləf deyillər”.

Bəzi ailələrin "qız uşağı hicabsız böyüməsin" kimi fikirlərinə gəlincə, dinşünas bildirib ki, qız uşaqlarını erkən hicaba bürüyən ailələr dini ya bilmir, ya da təsir altına düşüblər:

“Quranı oxuyan hər kəs görər ki, orada uşaqların hicaba, namaza, oruca məcbur edilməsindən əsla söhbət getmir. Qız uşaqlarını hicaba bürümək ərəb milli adətidir. Onlarda qızların erkən ərə verilməsi adəti olduğu üçün hicaba bürüməklə artıq ərgənlik çağına yetdiyini bir növ elan edirlər. Xalqımızın adətlərində isə belə ənənə yoxdur. Həm də bəziləri bu cür qaydalarla sanki daha çox dindar olduğunu sübut etmək istəyirlər. Bu da yanlışdır.

Qeyd edim ki, hazırda sosial mühit müasirliyi, sərbəst yaşamağı və inancı özünün seçməyi diktə edir. Bəzilərində həmişə axına qarşı üzmək, çoxluğa qarşı getmək kimi psixoloji sindrom var. Bunu da din adı altında nümayiş etdirirlər. Halbuki dində əsla belə əcaib, məcburi, sıxıcı hökmlər yoxdur. Belələri dini də hörmətdən salırlar”.

T.İrfan təəssüflə qeyd edib ki, vaxtilə mühafizəkar molla sinfi fəlsəfə və elmə üstünlük verən mütərəqqi İslam cərəyanlarını sıradan çıxarıblar. Yerdə qalanlar isə ya xurafatçı ya da mühafizəkar zahirçilərdir ki, Quranı hərfi mənada anlayırlar:

“Lakin din elmdən, tərəqqidən, inkişafdan uzaqlaşmağı, geridə qalmağı təlqin etmir. Əksinə, dinlər zühur edəndə öz dövrünün ən mütərəqqi cərəyanları kimi meydana çıxıb. Müasir yanaşmalara görə dində hicab məcburi deyil, Qurana görə isə qadınlar hicabı təhlükə olmasın deyə örtməlidirlər. Orta əsrlərdə qadınları zinət əşyalarına görə soyurdular. Din əmr etdi ki, zinət əşyaları görünməsin deyə cəmiyyət içinə çıxanda örtünsünlər. Qeyd edim ki, örtünmək həm də ərəb adətində kübarlıq, zadəganlıq simvolu kimi xarakterizə olunurdu. Azyaşlı uşaqların isə erkən yaşda, xüsusən indiki müasir zamanda məcburi şəkildə örtünməsinin dinlə əlaqəsi yoxdur”.

Bir çoxları belə hesab edirlər ki, azyaşlı qızların bu yaşda baş örtməsi və ya namaz qılması daha çox oyun, təqlid və vərdiş formasıdır. Psixoloji tədqiqatlara görə, uşaqların abstrakt düşüncə qabiliyyəti təxminən 11 yaşdan sonra tam formalaşır.

““Məcburi itaət” modeli güclənir”

Məsələyə münasibət bildirən psixoloq Nizami Orucov açıqlamasında bildirib ki, valideynlərin tövsiyəsi ilə azyaşlı qızların baş örtüb namaz qılması kimi hallar əslində, valideynlərin öz dini dəyərlərini övladlarına erkən yaşdan aşılama cəhdindən xəbər verir.

Psixoloq vurğulayıb ki, çox vaxt bu, uşağın dini bilgilərə maraq və həvəsindən yox, daha çox valideynin istəklərindən doğur:

“Bəzi ailələr üçün bu, “uşaq imanlı böyüsün” arzusu ilə bağlıdır, bəzən də ictimai qınaqdan, ənənəvi qaydalardan irəli gəlir. Yəni uşaq üçün deyil, valideyn üçün daha çox mənəvi rahatlıq mənbəyi olur. Psixoloji baxımdan uşaq bu davranışların məna və mahiyyətini dərk etmir. Bu yaşda o daha çox oyun, maraq və öyrənmə mərhələsindədir. Məcburi şəkildə dini davranışlara yönləndirilən uşaqda daxili qarşıdurma, itaətkarlıq və ya əksinə gizli müqavimət formalaşa bilər. Əgər uşaq bunu oyuna çevirmirsə, özünü məcbur hiss edir və bu, onun təbii inkişafına mənfi təsir göstərə bilər. Uzun müddətdə isə dinə yanaşmada səmimiyyət yox, qorxu və məcburiyyət hissi önə keçə bilər”.

Uşaqların az yaşda baş örtməsi, namaza, oruca başlamasının məcburiyyət, yaxud inamın toxumu olub olmamasına gəlincə, psixoloq bildiirb ki, bu məqam çox həssasdır. Onun sözlərinə görə, əgər uşaq özü maraq göstərir, valideyn isə sadəcə yol göstərirsə, bu, inamın toxumudur. Amma uşağın başa düşmədiyi hərəkətlərdə məcburi şəkildə “bunları etməlisən” deyilməsi məcburiyyətə çevrilir:

“Gerçək inam o zaman yaranır ki, uşaq müəyyən yaşda sual verir, araşdırır və könüllü şəkildə qərar verir. Yəni azyaşlı dövrdə görülən bu addımların çoxu real inam toxumu deyil, valideyn təzyiqinin nəticəsi olur. Bəzi ailələrin “qız uşağı hicabsız böyüməsin” kimi fikirlərinə gəlincə, belə yanaşma ailədə “qız” və “oğlan” övladlarına münasibətdə fərq yaradır. Qız uşaqlarında kimlik formalaşması zamanı azad seçim hüququ məhdudlaşır, “məcburi itaət” modeli güclənir. Bu da gələcəkdə onların özünüifadəsini, qərarvermə bacarığını zəiflədir. Əksinə, bəzən gizli üsyan yaradır: uşaq böyüdükdə onda baş örtüyünü çıxarmaq, dindən uzaqlaşmaq və ya ailə ilə ziddiyyətlər yaşamaq istəyi formalaşa bilər. Yəni məqsəd imanlı nəsil böyütmək olsa da, nəticə çox vaxt əksinə olur”.

N.Orucov vurğulayıb ki, sosial mühit uşağa həm dini, həm də dünyəvi çərçivələr diqtə edir:

“Məsələn, məktəb və ya dost mühiti daha çox sərbəstliyi önə çəkirsə, ailənin dini qaydaları ilə toqquşma yaranır. Digər tərəfdən, cəmiyyətin bəzi dairələrində “qız uşağı başıaçıq olmaz” təzyiqi də var. Belə ikili mesajlar uşağın zehnində çaşqınlıq yaradır. Ən sağlam yol odur ki, sosial mühitin təzyiqinə uymadan, uşağa seçmək, dərk etmək və anlamaq imkanı verilsin”.

“O valideynlərin "birdən qızım dindən uzaq böyüyər" qorxuları var”

Psixoloq Aygün Ağabalayeva da açıqlamasında təəssüflə bildirdi ki, bir çox ailələrdə valideynlər öz inanclarını övladlarına erkən yaşda öyrətməyə çalışırlar.

Psixoloq qeyd edib ki, belə valideynlərin düşüncəsinə görə, uşaq bu inacla dini qavramağa nə qədər tez başlasa, bu yöndə o qədər yaxşı və möhkəm formalaşacaq:

“Bu yanaşmada valideynlərin "birdən qızım dindən uzaq böyüyər" qorxuları, qızlarına görə narahatlıqları özünü büruzə verir. Sanki erkən yaşda övladı hicabda olsa, valideyn özünü daha rahat hiss edəcək. Bu bir həqiqətdir ki, bəzi ailələrdə qız uşağının baş örtüyü ailənin tərbiyəsi, şərəfi kimi qəbul olunur”.

A.Ağabalayeva bildirib ki, 6-7 yaşında uşaqlar dini dərin dərk edə bilmirlər. Onlar daha çox uşaq marağından irəli gələrək, valideynlərini təqlid etməyi sevirlər:

“Bu isə namaz və ya hicaba maraq yox, daha çox valideynə oxşamaq, onları razı salmaq istəyidir. Əgər valideyn öz övladına dinin gözəl tərəflərini - yəni mərhəməti, hörməti, dürüstlüyü, paylaşmağı, sevgi ilə davranmağı öyrətsə, bu həm dini dəyərlərin müsbət təbliği olar, həm də uşağın sağlam psixoloji inkişafı olar. Məcburiyyətlə olan, ya aşılanan din isə qorxu, gərginlik, zamanla isə üsyana gətirib çıxarır. Uşaq valideynin ibadətini görüb maraqlananda, baxırsan ki, sonra özü də qatılmaq istəyəcək. Sevgi ilə təqdim etmək, uşağın yaşını nəzərə almaq, yaşına uyğunlaşdırmaq lazımdır. Sosial mühitdə bəzən "uşağa dini məcburiyyət olmaz", bəzən isə "qız uşağıdı, indidən qapalı olsun, öyrəşsin" fikirləri var. Düşünürəm ki, əgər valideyn mühitin təzyiqindən çıxıb övladına dini dəyərlərimizi sevgi ilə, gözəl izah ilə və seçim haqqı ilə öyrətsə, övladı da sağlam şəxsiyyət olaraq formalaşacaq”.

Chosen
83
hafta.az

1Sources