EN

Qazanılan uğurlar, qarşıda duran vəzifələr... » AzadMedia.az


Lənkəran Dövlət Universiteti (LDU) yeni-2025/2026-ci tədris ilinə ürəkaçan yeniliklərlə qədəm qoyur. LDU-nun müasir tələblərə cavab verən, zərüri avadanlıq və laboratoriyalarla təchiz olunmuş tədris binaları, inzibati bina, Elmi kitabxana kompleksi, oğlan və qız tələbələr üçün modern şəraitin yaradıldığı yataqxana binaları, tədris-təcrübə bazaları, professor-müəllim heyəti üçün xidməti mənzillər və s. yeni tədris ili üçün cari təmir edilərək tələbə və müəllimlərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib.

Universitetimizdə hazırda 6 fakültə, 13 kafedra fəaliyyət göstərir. Tələbə qəbulu tam yekunlaşmasa da, ilkin nəticələr onu göstərir ki, ali təhsil üçün LDU-nu seçənlərin sayında ötən illərlə müqayisədə nəzərəçarpacaq artım müşahidə olunur. LDU-ya qəbul bu il 94,88 % təşkil edib. 600-dən yuxarı bal toplayan tələbənin ali təhsil almaq üçün bizi seçməsi qürurverici haldır. Ümumiyyətlə, bu ilki qəbulun nəticələrinə görə 500-600 arası bal toplayan tələbələr ümumi qəbul olunanlar arasında böyük faiz təşkil edir ki, bu da LDU-nun reytinqinin ildən-ilə artmasının məntiqi nəticəsidir. Ümumilikdə, son illərdə LDU-ya qəbul olunan tələbələrin sayında 4 dəfəyə yaxın artımın olması göstərir ki, Lənkəran Dövlət Universiteti yüksəliş yolundadır və seçdiyimiz istiqamət düzdür.

Universitetdə kadr hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini artırmaq məqsədilə tədris bazamızı müntəzəm yeniləyirik. Müasir tələblərə cavab verən yeni fənn kabinetləri və laboratoriyalar tələbələrin istifadəsindədir. Bölgədə heyvandarlığın inkişafını dəstəkləmək, bu sahədə ixtisaslı kadrlara olan tələbatı ödəmək məqsədilə ötən il Baytarlıq fakültəsi yaradılıb. Yeni fakültənin tədris-təcrübə bazası kimi baytarlıq cərrahi klinikası inşa olunub. Baytarlıq klinikanın cari tədris ilində istifadəyə verilməsi mühüm yeniliklərimizdəndir və onun fəaliyyətindən tələbələrlə yanaşı, bölgədə yaşayan sahibkarlar da istifadə edə biləcəklər.

2024/2025-ci tədris ilində Lənkəran Dövlət Universitetində Elm, İKT və Kitabxana mərkəzi tərəfindən universitetin elektronlaşdırılması istiqamətində bir neçə iri həcmli layihə həyata keçirilib. Belə ki, Elektron kitabxana layihəsi əsasında sistem yaradılıb, hazırda kitabxana fondunun bazalaşdırılması üzrə işlər sürətlə davam etdirilir. LDU-nun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji kollec fiber optik kabellər vasitəsi ilə universitetin Elektron Təhsil Şəbəkəsinə qoşulub, kollecdə tədris prosesinin və idarəetmənin elektronlaşması üçün müvafiq modullar işlənib hazırlanıb və hazırda kollecin tələbə, müəllim və fənn bazalarının yaradılması istiqamətində işlər davam etdirilir. LDU-nun qızlar və oğlanlar üçün nəzərdə tutulmuş yataqxanaları avtonom və yüksək sürətli optik internet xətləri ilə təchiz edilib. LDU-nun server kompleksi həm texniki, həm də proqram təminatı baxımından yenilənib, Elektron Təhsil Şəbəkəsi yeni avadanlıq və texnologiyalarla təchiz edilərək müasirləşdirilib. Elektron Universitet layihəsi daha da genişləndirilərək ona yeni modullar əlavə edilib və yenilənmə davam edəcək.

Elektron universitet layihəsinin inkişafı Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə LDU-da tələbələrə, özlərinin təyin etdiyi tarixə və vaxta uyğun imtahan seçmək imkanı vermişdir. Hazırda tələbələr kollekviumlarının vaxtlarını da sərbəst təyin edə bilirlər. Yeni tədris ilindən isə akademik borclarını ödəmək üçün yenilənmiş elektron sistem vasitəsilə fənn seçimlərini edərək alt qruplarda təhsil borclarını ödəyə bilmək imkanı əldə edəcəklər.

Lənkəran Dövlət Universitetində qızlar üçün 160 yerlik, oğlanlar üçün 250 yerlik tələbə yataqxanalarının olması LDU-nu maddi imkanları zəif olan tələbələr üçün də əlçatan edib. Bu yataqxanaların hər ikisi son illərdə inşa olunub və burada tələbələrin rahat yaşamı üçün lazımi şərait yaradılıb. 2-3 nəfərlik otaqların hər birində ayrıca sanitar qovşaqları var, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, internet, qaz sobası, soyuducu, televizoz-bir sözlə, bütün kommunal xidmətlər təşkil edilib.

Elm və tədqiqat istiqaməti üzrə əldə olunan nailiyyətlərə gəlincə, bildirmək istəyirəm ki, Lənkəran Dövlət Universitetinin təsis etdiyi “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-praktiki Jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasinda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin Texnika, Biologiya və Aqrar Elmləri üzrə siyahısına daxil edilib. LDU-nun təsis etdiyi elmi jurnallarda universitet əməkdaşlarının ümumilikdə 43 indeksli məqaləsi, Web of science və Scopus indeksli jurnallarda isə 54 məqaləsi dərc olunub.

Ötən tədris ilində Lənkəran Dövlət Universitetində respublika və beynəlxalq səviyyəli konfranslar keçirilib və konfrans materiallarında 325 tezis və məqalə çap edilib. Konfransların işində bir sıra xarici ölkələr, 20-dən çox ali təhsil müəssisəsi və elmi təşkilat iştirak edib. 171 tələbə magistrlik dissertasiyalarını uğurla müdafiə edərək magistr elmi dərəcəsi alıb, universitetdə 36 problem üzrə 103 elmi-tədqiqat işləri həyata keçirilib. Həmçinin, 6 doktorant dissertasiya işini uğurla müdafiə edərək fəlsəfə doktoru diplomu alıb, 5 doktorantın isə dissertasiya işinin ilkin müzakirəsi həyata keçirib.

Lənkəran Dövlət Universiteti yalnız milli səviyyədə deyil, həm də beynəlxalq miqyasda öz nüfuzunu möhkəmləndirməyə yönəlmiş strateji fəaliyyət həyata keçirən bir ali təhsil müəssisəsidir. Son illərdə universitetin beynəlxalq əməkdaşlıq istiqamətləri daha da genişləndirilərək dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən nüfuzlu universitetlər və elmi mərkəzlərlə ikitərəfli və çoxtərəfli sazişlər imzalanıb. Bu əməkdaşlıqlar tələbə, müəllim və bilik mübadiləsini təşviq etməklə LDU-nun beynəlmiləlləşmə strategiyasına və onun qlobal akademik mövqelərinin güclənməsinə töhfə verməkdədir.

Hazırda LDU-nun Türkiyə, Avropa dövlətləri (Rusiya, Belarus, Ukrayna, Moldova daxil olmaqla), həmçinin Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetləri ilə ikili əməkdaşlıq və Erasmus proqramı çərçivəsində 44-dən artıq aktiv müqaviləsi mövcuddur.

2024–2025-ci tədris ilinin payız semestrində Atırau Dövlət Universitetindən iki qazaxıstanlı tələbə LDU-da (Xarici dil müəllimliyi ixtisası üzrə, III kurs) bir semestrlik təhsil alıb və proqramı uğurla başa vuraraq ölkələrinə qayıdıb. Eyni zamanda, Erasmus+ layihələri çərçivəsində bir sıra tələbələrimiz Polşa, Türkiyə və digər ölkələrin universitetlərində təhsil və təcrübə proqramlarında iştirak ediblər.

İqtisadiyyat və İdarəetmə fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə tələbələr Polşanın Varmiya və Mazuri Universitetində, Afyon Kocatepe Universitetində və Kastamonu Universitetində tam təqaüdlə bir semestr təhsil almışdır. Aqrar və Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə tələbə Erasmus+ K1 proqramı çərçivəsində Kastamonu Universitetində təhsil alır. Baytarlıq fakültəsinin V kurs tələbələri 2025-ci ilin fevral–may aylarında Qafqaz (Qars) Universitetində istehsalat təcrübəsi keçmiş və baytarlıq cərrahiyyəsi, süni mayalanma, daxili xəstəliklər, mamalıq və ginekologiya sahələrində praktiki biliklər qazanmışlar. Həmçinin, 2024–2025-ci tədris ilində Türkiyənin Qafqaz Universitetindən (Qars) doqquz müəllim LDU-ya dəvət edilərək Baytarlıq fakültəsinin tələbələrinə mühazirələr oxumuşdur.

Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Macarıstanın Debrecen Universitetinə və Rumıniyanın “Dunărea de Jos” Galati Universitetinə rəsmi səfəri çərçivəsində ikili diplom proqramları, təhsil mübadiləsi və Erasmus+ imkanları müzakirə olunmuş, əməkdaşlıq müqavilələri imzalanmışdır. Ötən tədris ilində Türkiyə Respublikasının Sinop Universitetinin rektoru, professor Dr. Şakir Taşdemirin rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran Dövlət Universitetində olub, tərəflər arasında imzalanan ikitərəfli müqaviləyə əsasən birgə elmi konfransların təşkili, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi, eləcə də akademik heyətin mobilliyinin artırılması nəzərdə tutulub.

28–29 may 2025-ci il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumunda iştirakımız, bir sıra özbək universitetləri ilə ikili diplom proqramları və birgə tədqiqat layihələrinə dair müqavilələrin imzalanması ötən tədris ilinin ürəkaçan uğurlarındandır.

8–14 iyun 2025-ci ildə Rumıniyanın “Dunărea de Jos” Galati Universitetindən nümayəndə heyətinin LDU-da səfəri, ikitərəfli razılaşmalar universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinin göstəricisidir.

Eyni zamanda, Özbəkistan nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə səfər edərək universitetimizin fəaliyyəti, tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə yaxından tanış olublar. Görüşdə təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, habelə birgə layihələrin icrası perspektivlərini müzakirə etmişik. Bu kimi beynəlxalq görüşlər Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələrinin genişlənməsinə və Türk dünyası ölkələri arasında təhsil əməkdaşlığının möhkəmlənməsinə mühüm töhfə verməkdədir.

Ən əsas uğurumuz beynəlxalq reytinq sistemlərində iştirakımız və əldə etdiyimiz nəticədir. Times Higher Education (THE) Impact Rankings 2025 nəticələrinə əsasən, LDU TOP 1001–1500 intervalında qərarlaşmış və dayanıqlı inkişafa verdiyi töhfələrinə görə beynəlxalq nüfuz qazanmışdır. QS Stars Audit qiymətləndirməsində universitet ümumilikdə 3 ulduz, tədris, məşğulluq və yaxşı idarəetmə sahələri üzrə isə 5 ulduz, infrastruktur və ekoloji təsir sahələrində 4 ulduz əldə etmişdir. Bu göstəricilər LDU-da tədrisin keyfiyyətini, məzunların əmək bazarında rəqabət qabiliyyətini və universitetin şəffaf idarəçilik prinsiplərini təsdiqləyir.

Yuxarıda qeyd olunan faktlar Lənkəran Dövlət Universitetinin yalnız milli səviyyədə deyil, qlobal elmi və təhsil məkanında da fəal mövqeyə malik olduğunu nümayiş etdirir. Universitet beynəlxalq əməkdaşlıqlarını genişləndirməyi, elmi potensialını artırmağı və dünya universitetləri sırasında mövqeyini daha da möhkəmləndirməyi strateji hədəf kimi müəyyənləşdirib. Hazırda LDU Times Higher Education (THE) və QS World University Rankings üçün məlumatların hazırlanması və təqdim olunması üzərində sistemli iş aparır ki, bu da onun beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcəkdir.

Lənkəran Dövlət Universiteti hər il öz komandasını yeni, keyfiyyətli, ixtisaslı, hazırlıqlı, müasir tələblərə cavab verən mütəxəssislər hesabına zənginləşdirir. LDU-da professor-müəllim və işçi heyətinin işə qəbulu bu məqsədlə yaradılmış işçi komissiyası tərəfindən, şəffaf şəkildə həyata keçirilir.

Cari tədris ilindən başlayaraq professor-müəllim heyətinin əmək haqlarının diferensial qaydada ödənilməsi üçün mexanizm hazırlanması nəzərdə tutulub. Bildirim ki, universitetimizdə əmək haqları vaxtaşırı olaraq artırılır.

Ali təhsil üçün Lənkəran Dövlət Universitetini seçən gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edir, bizi seçdiklərinə, etimad etdiklərinə görə bütün LDU kollektivi adından minnətdarlığımı bildirirəm. Yeni-2024/2025-ci tədris ilinin başlanması münasibətilə Lənkəran Dövlət Universitetinin bütün tələbə-professor-müəllim-işçi heyətinə yeni tədris ilində uğurlar arzu edirəm.

Yeni dərs iliniz mübarək!

Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor
Chosen
6
3
azadmedia.az

4Sources