EN

“Sülhü pozmaq istəyənlər var” deyən Paşinyan kimi nəzərdə tutur?

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə çıxışı zamanı diqqətçəkən fikirlər səsləndirib.  Baş nazir vurğulayıb ki, avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə olunmuş sülh razılaşmasını pozmaq cəhdləri var.

“Bəyanat mətninə imza atılıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlara sülhün pozulması lazımdır. Belə qüvvələr həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur”, – Paşinyan bildirib.

Ermənistan Baş nazirinin "sülhün pozulmasını istəyən qüvvələr var" deyərkən hansı gücləri və dövlətləri qəsd etdiyi diqqətçəkən məsələdir. 

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və korrupsiya ilə mübarizə komitəsinin üzvü Kamran Bayramov bildirib ki, Ermənistan Baş nazirinin bu fikirləri düşünməyə vadar edir:

"Onun son ritorikası belə deməyə əsas verir ki, artıq Ermənistan Vaşinqton razılaşmalarından sonra konstruktiv mövqe tutmağa çalışır. Paşinyanın son bəyanatları göstərir ki, həqiqətən, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər əsasında davamlı sülh üçün addım-addım irəliləyir. Onun "ölkənin daxilində və onun hüdudlarından kənarda sülhü istəməyən qüvvələr var" bəyanatı kifayət qədər düşünməyə vadar edir. Biz anlayırıq ki, bu gün Ermənistan daxilində hələ də Azərbaycanın yaratdığı reallıqla barışmaq, onu qəbul etmək istəməyən qüvvələr var. Onlar da keçmiş hökumətin rəhbərləridir. Eyni zamanda, müəyyən iş adamları, kilsənin nümayəndələri, son baş verənlər bunun əyani sübutudur ki, Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasında maraqlı olmayan tərəflər, güclər hələ də mövcuddur".

Deputat vurğulayıb ki, Rusiya və Avropa ölkələrində də sülhü istəməyən bəzi qüvvələr var:

"Bu gün də regionda davamlı sülhün, sabitliyin bərqərar olmasında, Azərbaycanla Ermənistan arasında hərtərəfli dövlətlərarası əlaqələrin qurulmasında maraqlı olmayan, ona qarşı çıxan qüvvələr, hətta dövlətlər var. Belə dövlətlər arasında region ölkələri də mövcuddur. Rusiya dövlətini nümunə göstərmək olar. Çünki onun daxilində, Kütləvi İnformasiya Vasitələrində (KİV) müxtəlif fikirlər səsləndirilir. Birbaşa sülhün istənilməməsi dilə gətirilməsə də, söylənilən fikirlər onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında bu günə qədər əldə olunmuş razılıqlar, uğurlar onları qane etmir.
Avropa məkanında fəaliyyət göstərən regional və beynəlxalq təşkilatlar öz bəyanatlarında, qətnamələrində bu və ya digər məsələləri qabartmaqla hər zaman sülh prosesini sarsıtmağa çalışıblar. Amma həm Azərbyacan, həm də Ermənistan sülh yolunu tutub. Vaşinqtonda imzalanmış razılaşmalar, paraflanmış sülh sazşinin layihəsi də bunun bariz nümunəsidir. Müqavilənin və dövlətlərarası münasibətlərin bərqərar olunmasının vaxtını, müddətini deyə bilmərik, amma addım-addım ona doğru gedirik. Burada atılası az addım, görüləsi kiçik tədbirlər qalıb. Ermənistanın konstitusiyanın müəyyən bəndlərinin çıxarılması məsələsi qarşıda durur.  Azərbaycan bunu gözləyir. Möhtərəm, cənab Prezidentin ortaya qoyduğu mövqedə bunu açıq-aşkar görmək olar. Təbii ki, cənab Prezident bu addımı sülh müqaviləsinin imzalanması ilə birbaşa əlaqələndirib. Burada da elə bir şey yoxdur. Vaxtilə ATƏT-in Minsk qrupunun buraxılması məsələsini də şərt kimi qoymuşduq. O, artıq reallaşdı. Bu, təbii ki, sülh danışıqlarının müsbətə doğru getməsində öz rolunu oynadı. Sülh prosesinə qarşı onu sarsıtmaq istəyən qüvvələr, dövlətlər, təşkilatıar olsa da, son görüşlər, imzalanmış sənədlər göstərir ki, heç bir dövlət, qüvvə sülh prosesini geri döndərə bilməz".

Chosen
9
modern.az

1Sources