EN

Tələbələrin sığınacaq dərdi: Universitet yataqxanaları neçəyə başa gəlir?

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda dərslərin başlamasına bir həftə vaxt qalır. Yay tətilinin son günlərində şəhər və rayonlardan tələbələr paytaxta üz tutur. Çoxları üçün bu, yeni həyatın başlanğıcıdır: universitet auditoriyaları, imtahan həyəcanı, tələbəlik dostluğu... Amma bütün bunların arxasında böyük bir problem gizlənir – yaşayış yeri.

Rayonlardan gələn tələbələrin ən çox üzləşdiyi məsələ Bakıda ev tapmaqdır. Təhsil yolunu seçən gəncin ilk sualı dərslərin necə başlayacağı deyil, “harada qalacağam?” olur.

Kirayə mənzil bazarında vəziyyət isə ürəkaçan deyil. Yay aylarında nisbətən ucuz olan evlərə sentyabr yaxınlaşdıqca tələbə axını başlayır, tələbat artır, qiymətlər isə dərhal qalxır. Paytaxtın mərkəzi hissələrində kirayə mənzillərin qiyməti çox tələbənin büdcəsini aşır. Tələbələr isə adətən xərclərini yüngülləşdirmək üçün bir neçə nəfər birləşərək ev tutur. Amma bu da çox vaxt komfortsuz və riskli şəraitdə yaşamaq deməkdir.

Belə vəziyyətdə tələbələrin dadına universitetlərin yataqxanaları çatmalıdır. Ancaq bu imkan da məhduddur. Bakıdakı ali məktəblərin çoxunun ya öz yataqxanası yoxdur, ya da olan binalar bütün tələbələri yerləşdirməyə imkan vermir. Yataqxanada qalmaq üçün tələbələr ciddi seçim prosesindən keçməli, çox vaxt isə imtina cavabı ilə üzləşməlidirlər.

Maraqlı sual budur: yeni tədris ilində universitetlər tələbələri yataqxana ilə təmin edə biləcəkmi?

Moderator.az xəbər verir ki, Musavat.com paytaxtdakı universitetlər arasında sorğu aparıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova deyib ki, universitetin 5 yataqxanası var. Orada keçmiş məcburi köçkünlər yerləşdiyi üçün tələbələr odan istifadə edə bilmir. Onun sözlərinə görə, universitetin Zaqatala filialının yataqxanası bu ilin aprel ayında yenilənib. Yataqxana 155 nəfər tutur. 2 nəfərlik otaq 120, 3 nəfərlik isə 100 manata tələbələrin ixtiyarına verilir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiq deyib ki, universitetin yataqxanasında uzun illər məcburi köçkünlər yaşayıblar. Ona görə də tələbələr istifadə etmir: “Onlar doğma yurdlarına köçdükdən sonra yataqxana yenidən universitetin səlahiyyətinə veriləcək”.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, universitetin bir yataqxanasında təmir işləri aparılır:

“Ümümi 4 yataqxanamız fəaliyyət göstərir, onlardan birində (5 saylı yataqxana) əcnəbi vətəndaşlar yerləşdirilir, qalan binalar yerli tələbələr üçün nəzərdə tutulub. Bu günə qədər müraciət edən bütün tələbələr yataqxanada yerlə təmin olunub və heç bir problemlə üzləşməyib. Bu il həmçinin müraciət edən bütün tələbələri yerlə təmin etmək nəzərdə tutulub.Qiymətlərə gəldikdə isə, qiymət yerləşdirilmədən asılıdır. İki, üç, dörd nəfərlik otaqlarımız var. Yataqxanadan və otaqdan asılı olaraq qiymət dəyişir. Ümumilikdə isə,bir ay üçün qiymət 50 manatdan 90 manatadək dəyişir.

Oğlanlar üçün olan yataqxanada otaqlar üç nəfərlikdi, orada aylıq qiymət 50 manat təşkil edir. Qızlar yataqxanasında isə qiymətlər fərqlidir, çünki orada bir, iki, üç və dörd nəfərlik otaqlar var, qiymət 50-90 manat arası dəyişir. Qeyd edək ki, şəhid ailəsinin üzvləri üçün yerləşdirilmə ödənişsizdi. Qazi ailə üzvlərinə güzəştlər təqdim olunur”.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva deyib ki, ali məktəbin yataqxanası 220 nəfər üçün nəzərdə tutulub:

“Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş 75 manatdı. Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir”.

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qarabağ Universitetinin tələbə yataqxanası müasir kampus konsepsiyası əsasında qurulmuş mənzil tipli 13 binadan ibarətdir. Tələbələrin yataqxanada yaşayışı ödənişsiz şəkildə həyata keçirilir:

“Yataqxanada ötən tədris ili və cari ildə qəbul olan tələbələrimizlə birgə ümumilikdə 2500-dən çox tələbənin yerləşdirilməsi mümkündür. Otaqlar 2 və 3 nəfərlikdir və zəruri məişət avadanlıqları, eləcə də infrastrukturla təchiz olunub.Yataqxanada tələbələrin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Yataqxanada istirahət guşələri, idman sahəsi və yeməkxana fəaliyyət göstərir”.

Sumqayıt Dövlət Universitetindən bildirilib ki, yataqxana təmir olunub və uzun illərdən sonra tələbələrin istifadəsinə verilib:

“Yataqxanada ödəniş 1 tələbə üçün 50 AZN təşkil edir. Yataqxananın tutumu ümumi 256 yerlikdir. Yataqxananın yenilənməsi nəzərdə tutulmur, buna səbəb isə 2019-cu ildə yenidən əsaslı təmir olunmasıdır. Yeni yataqxananın tikilməsi gələcəkdə nəzərdə tutula bilər”.

Xəzər Universitetində yataqxana 98 nəfərlikdir. Bir mərtəbə tam qızlara aiddir. Digər mərtəbələr oğlanlara aiddir. Aylığı 120-150 manat arasında dəyişir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
moderator.az

3Sources